Peru Konqresində Xocalıya dair tədbir keçirilib
D.Palomino Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında məlumat verib. O, bu münaqişənin regionun təhlükəsizliyi, layihələr üçün təhlükə, əməkdaşlıq üçün maneə olduğunu vurğulayıb. Xocalı faciəsi zamanı yüzlərlə günahsız azərbaycanlının qətlə yetirildiyi və xalqımıza qarşı xüsusi amansızlıqla törədilən bu qətliamın XX əsrin ən dəhşətli faciələrindən biri olduğu nəzərə çatdırılıb. D.Palomino Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini qətiyyətlə pislədiyini vurğulayıb, beynəlxalq təşkilatları Azərbaycanın işğal edilmiş torpaqlarını geri qaytarmaq və Qafqaz regionunda sülh və əmin-amanlığı təmin etmək üçün zəruri addımlar atmağa çağırıb.
Ölkəmizin Perudakı səfirliyinin müvəqqəti işlər vəkili Mehdi Məmmədov öz çıxışında iştirakçılara Azərbaycan xalqı ilə həmrəyliklərinə görə minnətdarlığını bildirib, onlara 27 il əvvəl Xocalıda baş vermiş faciəli hadisələr və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri haqqında geniş məlumat verib. Azərbaycan ərazisinin beşdə biri işğal olunduğu, Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox insanın öz doğma torpaqlarından qovularaq məcburi köçkün və qaçqın həyatı yaşadığı nəzərə çatdırılıb.
Azərbaycanlı diplomat qeyd edib ki, Xocalı soyqırımı yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. O bildirib ki, Xocalı faciəsi ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə daha geniş çatdırılır və bir sıra ölkə və beynəlxalq təşkilatlar tərəfindən bu faciə soyqırımı kimi tanınıb. Perunun həmin dövlətlər sırasında olduğu məmnunluq hissi ilə qeyd edib.
Diplomat Azərbaycanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri çatdırmaq məqsədilə apardığı diplomatik və informasiya siyasəti haqqında, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış, dünya birliyinə erməni vəhşiliklərini çatdırmaq işində müstəsna rolu olan "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kompaniyası haqqında məlumat verib.
Azərbaycan nümayəndəsi qeyd edib ki, ölkəmiz Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri əsasında nizamlanmasının tərəfdarıdır. Nəzərə çatdırılıb ki, Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənistan ordusunun Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var. Avropa Şurası, İslam Konfransı Təşkilatı, GUAM və digər beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini və Ermənistanın işğalçı silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasını tələb edən qətnamələri mövcuddur. Bütün bunlar münaqişənin həlli üçün əsasdır.
Tədbirdə Heydər Əliyev fondu tərəfindən hazırlanmış " Xocalıya ədalət!" video çarxı nümayiş etdirilib və Xocalı soyqırımı ilə bağlı material paylanılıb. Sözügedən tədbir haqqında məlumat Peru Konqresinin rəsmi internet səhifəsində, Perunun televiziya kanallarından birində, həmçinin sosial şəbəkələrdə geniş işıqlandırılıb.
Azvision.az