Nyu-Yorkda yaşayan vətənpərvər xanım - Ağdamdan başlayan yol

 Nyu-Yorkda yaşayan vətənpərvər xanım  -  Ağdamdan başlayan yol
  23 Fevral 2019    Oxunub:4147
Onun haqqında ilk dəfə Nyu-Yorkda yaşayan əməkdar artist Telman Cəlilovdan eşitmişdim. Azərbaycan naminə gördüyü işləri çox yüksək qiymətləndirirdi. Nəhayət ki, bu vətənpərvər xanımla görüşümüz baş tutdu.
Deyir: "Amerikaya gəlmək istəyən hər kəsə bir tövsiyəm var- gələndə Vətən sevgisini də ürəklərində gətirsinlər. Yalnız bu sevgi onlara və özlərindən sonra gələn xələflərinə milli kimliklərini unutmağa imkan verməyə bilər".



Haqqında söhbət açdığım Zəminə xanım Mirhadiyeva Ağdam rayonunda dünyaya gəlsə də Bakıda böyüyüb. 1967-ci ildə 7 nömrəli orta məktəbi bitirib. Bir il fasilədən sonra Azərbaycan Dövlət Universitetinə qəbul olunub. 1974-cü ildə oranı jurnalist ixtisası ilə başa vurub. Eyni zamanda kiçik yaşlarından 64 və 100 xanalı beynəlxalq dama üzrə idman növü ilə məşğul olub, məşqçi kimi də fəaliyyət göstərib. Bir müddət Teleradio şirkətində, "İdman xəbərləri"ndə müxbir işləyib. 1988-ci ildə "Azərbaycan Qadınlar Şurası"na üzv olub. Bu təşkilatın xətti ilə bir sıra xeyriyyə layihələrini həyata keçirib. 20 yanvar hadisələrində və eləcə də Qarabağ döyüşlərində yaralananlara dava-dərmanla yardım edib. Bu məqsədlə şəxsi vəsaitindən həmin təşkilata 9000 manat pul da köçürüb. O vaxtlar Özbəkstanda yüksək vəzifədə çalışan qardaşı Elman İbrahimovun ölkəmizə təmənnasız göndərdiyi dərmanların müxtəlif xəstəxanalara çatdırılmasında yaxından iştirak edib.



"O vaxtlar Azərbaycanın çox çətin günləri idi. Özüm şəxsən xəstəxanalara gedir, tələb olunan dərmanların adlarını öyrənir, rəhmətlik qardaşım Elmana xəbər edirdim. O da qısa zamanda həmin dərmanları öz şəxsi vəsaiti ilə alır və beynəlxalq yük daşıyan avtomobillərlə bizə göndərirdi" - həmsöhbətim deyir.

2000-ci ildən ABŞ-ın Nyu-York ştatının Bruklin şəhərində yaşayır. 2005-ci ildə "Azərbaycan Nyu York Assosasiyası"nı yaradanlardan biri olub. Hazırda həmin təşkilatın vitse-prezidentidir. Təşkilat indiyədək xeyli işlər görüb. Hər il yanvarın 20-də məsciddə ehsan süfrələri açır, bu faciəylə bağlı kitablar sərgiləyirlər. Xocalı soyqrımı günündə isə "erməni missiyası" adlandırılan inzibati binanın, eləcə də "BMT"-nin qarşısında üçrəngli bayrağımız və plakatlarla piket keçirirlər. Hər dəfə mayın 28-də, turistlərin bol olduğu yerdə, məşhur Vol Strit-də, təşkilatın səyi nəticəsində bayrağımız on gün dalğalanır. Novruz, həmrəylik günü bayramlarında restoran kirayələyib şənliklər təşkil edirlər. Üzeyir Hacıbəylinin hər doğum günündə çay süfrəsi açıb, dahi bəstəkarın musiqilərini dinləyir, sevgi dolu çıxışlarla onu yada salırlar.



Tədbirlərdə vaxtaşırı Bruklinin meri Erik Adams da iştirak edir. Yeri gəlmişkən, bu günlərdə Xocalı soyqrımı günü ilə əlaqədar növbəti dəfə BMT-nin qarşısında piket keçirməyi planlaşdırırlar.

Çox adamlara əl tutub. Buraya onu deyib gələn soydaşlarımıza maddi yardım edərək kirayəyə ev də tutub, bəzilərinin cibinə xərclik də qoyub, iş də tapıb. Təşəkkür edəni də olub, özünü o yerə qoymayanı da.

Amma heç vaxt narazılıq etmir. Bunu insanların xasiyyəti, tərbiyəsi ilə əlaqələndirir.



Deyir ki, - "Ən gözəl biclik düzlükdür. Əməli saleh adam dünyanın harasına getsə işi avand olar.

Amerikalıların belə bir kəlamı var - "Dürüstlük ən yaxşı siyasətdir".

Ömrünün kamillik dövrünü yaşayan, bu müdrik, ürəyi Azərbaycan sevgisi ilə dopdolu olan xanımın böyüklüyünə heyran qaldım.



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Azvision.az


Teqlər:





Xəbər lenti