Azərbaycanda meşələr çəpərə alınacaq

 Azərbaycanda meşələr çəpərə alınacaq
  22 Fevral 2019    Oxunub:3240
"Meşə ehtiyatlarından daha səmərəli istifadə etmək məqsədi ilə mal-qaranın və insanların müdaxilə etdikləri ərazilərdə çəpərlənmə işlərinə başlanılıb".

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.
Onun sözlərinə görə, bu il çəpərləmə işləri 200 km-lik ərazidə davam etdiriləcək: "Həmin ərazilər əsasən dağlıq rayonlarda olacaq. Məlumdur ki, mal-qaranın yaylaq ərazilərinə getdiyi cığırlar əsasən meşə fondu ərazilərindən keçir. Ona görə də həmin cığırların hər iki tərəfdən çəpərlənməsi nəzərdə tutulur ki, mal-qara həmin yerlərə daxil ola bilməsin. Məqsəd həmin ərazilərdə təbii cücərtilərin məhv olmasının qarşısını almaq və onun inkişafının sürətlənməsinə zəmin yaratmaqdır. Çəpərlənmə işləri bu günə qədər Quba, Zaqatala, Gədəbəy, Qax və bir çox dağ rayonlarında həyata keçirilib və davam etdiriləcək".

Nazirlik rəsmisi əlavə edib ki, meşə ehtiyatlarının qorunması üçün meşə fondu ərazilərində 5 kamera quraşdırılıb: "Bu il ərzində meşələrdə daha 15 kameraların quraşdırılması planlaşdırılır və bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: Meşə   ETSN  





Xəbər lenti