Meşələrin idarəetmə sistemi müasirləşdirilir

Meşələrin idarəetmə sistemi müasirləşdirilir
  22 Fevral 2019    Oxunub:1799
Meşələrin yeni inkişaf strategiyası və fəaliyyət planı hazırlanır.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı departamentinin sektor müdiri Sadiq Salmanov deyib.

O, qeyd edib ki, yeni Milli Meşə Proqramının (MMP) hazırlıq işlərinə 2018-ci ildə başlanılıb və bununla bağlı beynəlxalq ekspertlərin, FAO-nun və Nazirliyin aidiyyəti qurumlarının iştirakı ilə geniş müzakirələr aparıldıqdan sonra Proqramın yeni ilkin layihəsi tamamlanıb: "Milli Meşə Proqramı 2020-2030-cu illəri əhatə edən 10 illik müddət üçün nəzərdə tutulur. Milli Proqram ölkənin meşə təsərrüfatı xidmətini əhatə edir, milli və beynəlxalq təcrübəyə əsaslanır, o cümlədən idarəçilikdə dövlət qurumlarının və QHT-lərin aktiv şəkildə iştirakının təmin olunmasına yönəlib.

S.Salmanovun sözlərinə görə, Milli Meşə Proqramında aşagıdakı məqsədlərə nail olunması nəzərdə tutulur: "Bunlar ölkənin ümumi davamlı inkişafına töhfə verən tələblərin dəyişməsinə və gələcək ehtiyaclara xüsusi diqqət yetirərək meşələrin idarə edilməsi üzrə müvafiq institusional potensialın və mexanizmlərin yaradılmasına yardım etmək; Ölkəmizin meşələrinin qorunması və dayanıqlı idarə edilməsi məqsədilə konkret tədbirlərin həyata keçirilməsi üçün müvafiq siyasətlər və strategiyalar işləyib hazırlanmasını və onların təkmilləşdirilməsini təmin etmək; Maraqlı tərəfləri sıx əməkdaşlıq etməyə, planlaşdırma, icra, nəzarət, monitorinq və qiymətləndirmə işlərinə iştiraka təşviq etmək; Meşə ehtiyatlarının bərpasını və onlardan funksional istifadənin idarə edilməsini möhkəmləndirmək, həmçinin meşə resurslarından asılı olan kənd əhalisinin yaşayış səviyyəsini yüksəltmək; Meşəçilik fəaliyyətlərinə milli və beynəlxalq maliyyə dəstəyinin artırılmasına töhfə verməkdir". .

S.Salmanov qeyd edib ki, MMP məqsədlərinin və strateji prioritetlərinin hazırlanması zamanı dünyada tətbiq olunan meşələrin dayanıqlı istifadəsi üzrə doqquz meyar əsas götürülüb: "Bu meyarlar meşə sektorunun inkişafına öz müsbət təsirini göstərəcək. Eyni zamanda, yerli qurumların ehtiyaclarını və gözləntilərini öyrənmək məqsədilə ölkə səviyyəsində qiymətləndirmələr aparılıb. Milli Meşə Proqramının yenilənməsi və meşə idarəetmə sisteminin müasirləşdirilməsi Milli Meşə Siyasətinin modernləşdirilməsini ehtiva edir və yeni yol xəritəsinin hazırlanması meşə ekosisteminin qorunub saxlanılmasında, yeni meşə sahələrinin salınması və meşə təsərrüfatından beynəlxalq təcrübələr əsasında davamlı istifadə edilməsi istiqamətində irəliyə doğru atılmış mühüm addım hesab olunur".

Aytən Zəhra
Azvision.az


Teqlər: Meşə   ETSN  





Xəbər lenti