Azay Quliyev ATƏT PA-da münaqişənin həli üçün tələbləri açıqladı
“Digər münaqişələr haqqında məlumatların həmkarlarım tərəfindən təqdim ediləcəyini nəzərə alaraq, mən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti haqqında sizi qısaca məlumatlandırmaq istərdim” –deyən Azay Quliyev bildirib ki, son 3 ay ərzində biz Ermənistan və Azərbaycan arasında yüksək səviyyəli dialoqun yaradılması prosesində bir sıra müsbət siqnalların şahidi olmuşuq. Bu da, öz növbəsində müəyyən müsbət nəticələrə gətirə biləcək substantiv danışıqların intensivləşdirilməsi ilə bağlı ehtiyatlı optimizmin yaranması üçün imkan yaradır.
ATƏT vitse-prezidenti əlavə edib ki, mən hər iki ölkənin xarici işlər nazirlərinin işrirakı ilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin Ermənistan və Azərbaycan xalqlarının sülhə hazırlanmasına ehtiyacın olması haqqında bu yaxınlıqda yaydıqları bəyanatı da müsbət qarşıladığımı bildirmək istərdim. “Düşünürəm ki, bu mümkündür. Lakin, uzun müddətdir davam edən düşmənçiliyi nəzərə alaraq, digər məsələlərlə yanaşı, münaqişə tərəfləri arasında nəticəli danışıqlar şəraitin və ya etimadın yaradılması üçün bir neçə vacib addım atılmalıdır”.
Azay Quliyev maraqla qarşılanan çıxışında “Nə etmək mümkündür?” sualına aydınlıq gətirib. “Biz ən sadə addımlardan başlaya bilərik. Məsələn, bir neçə ay əvvəl rəsmi Bakı "hamının-hamıya" prinsipi əsasında Ermənistan və Azərbaycanda olan və Qırmızı xaç komitəsində qeydiyyatdan keçən arasında əsir və girovların mübadiləsinə dair təşəbbüslə çıxış etmişdir. İnanıram ki, bu, daha mürəkkəb məsələlərin həlli yolunda başlanğıc nöqtəsi rolunu oynaya bilər. Ancaq təəssüf ki, Ermənistan bu təklifə və Azərbaycanın xoş məramına hələ də müsbət reaksiya verməyib”.
Azay Quliyev bildirib ki, biz həm də dərhal Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının dialoqunu başlaya bilərik. “Əminəm ki, bu cür əlaqələrin qurulması hər iki icmaya sülh şəraitində birgəyaşayışın zərurətini daha yaxşı anlamağa, eləcə də onların birgə yaşamalı olduğu ərazinin yekun hüquqi statusunun müəyyən edilməsi üçün ən optimal yolu tapmağa yardım edəcək”.
ATƏT vitse-prezidenti ümid edir ki, regionumuzda sülhün və təhlükəsizliyin bərqərar olunması naminə Ermənistanın yeni nümayəndə heyəti bu iki aktual və perspektivli təklifi dəstəkləyəcək.
“Bu addımlar həm də artıq neçə ildir ki, ATƏT-in Minsk Qrupu həmsədr ölkələrinin dövlət başçılarının, yəni ABŞ, Rusiya Federasiyası və Fransa prezidentlərinin tələb etdiyi status-kvonun dəyişdirilməsini nəzərdə tutur. Status-kvonun dəyişdirilməsi isə öz növbəsində Dağlıq Qarabağ regionuna aidiyyəti olmayan 7 rayonumuzun Ermənistan tərəfindən tədricən işğalının dayandırılmasını və azad edilməsini nəzərdə tutur”-deyən Azay Quliyev əlavə edib ki, ölkələrimizin xarici işlər nazirləri mərhələli yanaşmanı tam olaraq dəstəkləyən Madrid prinsipləri formatında münaqişəni həll etməyə hazırdırlar.
“Bir halda ki, biz bu gün hər iki ölkə xalqlarının sülh prosesinə hazırlanmasından danışırıq, o zaman mən Ermənistanın yeni rəhbərliyini Azərbaycanın işğal edilmiş ərazilərində bütün növ qanunsuz iqtisadi fəaliyyətləri və təbii resursların istifadəsini dayandırmağa çağırmaq istərdim”- deyə çağırış edən ATƏT PA vitse-prezidenti Ermənistanı qanunsuz hərbi təlimləri, suriyalı qaçqınların işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırılmasını, eləcə də Azərbaycan xalqının mədəni və tarixi abidələrinin dağıdılması və ermıniləşdirilməsini dayandırmağa çağırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü çıxışını “Bütün bunlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək və xalqlarımızı dayanıqlı və uzunmüddətli sülhə hazırlamaq üçün ən minimal tələblərdir” fikri ilə bitirb. Dübat müzakirələrlə davam edir.
Azvision.az
Teqlər: ATƏT-PA Azay-Quliyev