Erməni bayrağına görə etiraz edən Zəhranın atası: “Qızımla fəxr edirəm” - FOTO

Erməni bayrağına görə etiraz edən Zəhranın atası:  “Qızımla fəxr edirəm” - FOTO
  22 Fevral 2019    Oxunub:28524
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 95 nömrəli tam orta məktəbin V sinif şagirdi Zəhra Salmanlı İranda keçirilmiş idman yarışında nümunəvi addım atıb. Belə ki, Z.Salmanlı turnirin keçirildiyi məkanda Azərbaycan bayrağının Ermənistan bayrağının altından asılmasına etiraz edib. Azərbaycan bayrağının yerinin dəyişilməyəcəyi təqdirdə yarışa qatılmayacağını bildirib.
Bayraq fərqli və daha uyğun yerdə asıldıqdan sonra yarışa qatılan məktəbli karate idman növü üzrə bütün rəqibləri üzərində qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Rəqibləri arasında erməni idmançını da məğlub edən Zəhra Salmanlı sonda qızıl medal və diplomla təltif olunub.



Z.Salmanlının atası Mirhəbib Salmanlı AzVision.az -a bildirib ki, qızı hər bir azərbaycanlının etməli olduğu hərəkəti edib.

“Bu məsələdə qeyri-adi hal yoxdur. Bu, hər bir azərbaycanlının vəzifə borcudur. Zəhra vətənə, bayrağa, dövlətə qarşı necə yanaşma lazımdırsa, ailəmizdə həmin ruhda böyüyür. Bunu hər bir azərbaycanlı etməlidir. Zəhra da nə lazımdırsa, onu da edib”, - deyə M.Salmanlı vurğulayıb.



Zəhranın uğurlarından söhbət açan atası onunla fəxr etdiyini deyib. Qeyd edib ki, qızı 3 ilə yaxındır karate ilə məşğuldur: “Zəhra Sərhədçi İdman Olimpiya Mərkəzinin yığma Karate komandasının üzvüdür. Müəllimi qara kəmər ustası, dünya çempionu Zöhrab Səfərovdur. Zəhranın həvəsi olsa da, bu sahədə yetişməsində müəlliminin rolu çox böyükdür. Respublika çempionudur, dəfələrlə beynəlxalq turnirlərin qalibidir. Bundan əlavə, Heydər Əliyevin 95 illiyinə həsr olunmuş respublika turnirinin qalibidir. Son olaraq İranda keçirilən beynəlxalq turnirdə qalib oldu”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər: Şagird   Bayraq   Azərbaycan   İran   ZəhraSalmanlı  





Xəbər lenti