Gənc sərhədçilər and içdi - FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonları ərazisindən keçən hissəsindəki təmas xəttində yerləşən sərhəd döyüş postlarının və hərbi obyektlərin təhvil alınması, bu istiqamətdə dövlət sərhədinin müdafiəsinin həyata keçirilməsi əmrinin hər bir Azərbaycan sərhədçisinə etibar və etimadın növbəti ifadəsi olması, şəxsi heyətə böyük qürur hissləri yaşatması qeyd olunub, yaxın müddətdə sərhəd döyüş məntəqələrində yüksək standartlara cavab verən xidməti və məişət şəraitinin təmin edilməsi işlərinin tam yekunlaşdırılacağı bildirilib.
Hazırda dövlət sərhədində, sərhəd döyüş səngərlərində, ağır iqlim və relyef şəritində xidməti vəzifələrini böyük şücaət və əzmkarlıqla yerinə yetirən sərhədçilərin Ali Baş Komandana sədaqətinin, döyüş ruhunun, vətənpərvərliyinin, düşmənə nifrətinin hədsiz və hüdudsuz olması xüsusi vurğulanıb.
2016-cı ilin aprelində əks-hücum əməliyyatı zamanı düşmənin müdafiə xəttinin, döyüş mövqelərinin, dislokasiya yerlərinin, komanda-dayaq məntəqələrinin, qərargahlarının darmadağın edilməsinə, düşmən üzərində qələbənin əldə olunmasına Azərbaycan sərhədçisinin ciddi töhfə verməsi qeyd olunub.
Ən yaxın müddətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad ediləcəyinə, düşmən üzərində son qələbənin əldə olunmasında Azərbaycan sərhədçisinin də böyük şərəflə iştirak edəcəyinə və azad ediləcək dövlət sərhədlərində dövlət bayrağımızın dalğalanacağına əminlik ifadə olunub.
Vətənə, dövlətə sədaqət andı içərək müqəddəs sərhədlərimizi şərəflə qorumaq məsuliyyətini öz üzərinə götürən gənc əsgərlərə gələcək xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələrə nail olmaları arzulanıb.
Çıxış edən valideynlər yaradılmış şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib, övladlarını təbrik edərək Vətən sərhədlərinin keşiyində ayıq-sayıq dayanmaları barədə məsləhət və nəsihətlərini çatdırıblar. Xidməti-döyüş fəaliyyətlərində yüksək nəticələr göstərmiş hərbi qulluqçulara dövlət təltifləri təqdim olunub. Mərasim gənc əsgərlərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Andiçmədən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev əsgərlərin valideynləri və digər ailə üzvləri ilə görüşüb, onların övladlarının Vətəninə, dövlətinə faydalı vətəndaş, ləyaqətli insan, əsl sərhədçi kimi formalaşmasına Dövlət Sərhəd Xidməti tərəfindən ciddi önəm verilməsini, bunun üçün valideynlərin hərbi hissələrlə birgə fəaliyyətinin böyük əhəmiyyət kəsb etməsini bildirmiş, oğullarının hərbi andı qəbul edərkən keçirdikləri iftixar hissləri münasibətilə hər bir valideyni təbrik edib.
Azvision.az
Teqlər: DSX