“Ermənistan kompensasiya ödəməsə, yenidən məsələ qaldırılacaq” - Fəxrəddin Paşayev
Laçın rayonundan məcburi köçkün düşmüş Fəxrəddin Paşayev Azvision.az -a bildirib ki, Ermənistan tərəfi kompensasiyanı bu il ödəməsə, məhkəmə qarşısında yenidən məsələ qaldırılacaq.
“Vəkillərimizlə mütəmadi əlaqə saxlayırıq. Vəkillər Avropa Məhkəməsinin Avropa Nazirlər Komitəsinə yazırlar. Çingiz Əsgərovla əlaqə saxlamışıq. O dedi ki, biz tərəfdən də yazışmalar gedir. Bu il ərzində həmin kompensasiya ödənilməsə, məhkəmə qarşısında məsələ qaldıracağıq ki, yenidən qərar verilsin”.
F.Paşayev qeyd edib ki, onların Ermənistan höküməti üzərində qələbəsi sonrakı məhkəmə işləri üçün prioritetdir.
“Azərbaycan höküməti Ermənistana qarşı 50 milyardlıq iddia qaldırmaq istəyir, bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsində sənədləşmə gedir. Bizim işimiz orada prioritet kimi götürülür. Yəni 6 nəfər məcburi köçkünün qarşısında Ermənistan höküməti cavabdehlik daşıyırsa, deməli, yerdə qalan məcburi köçkünlər qarşısında da avtomatik olaraq məsuliyyət daşıyır. Bu, onların hüquqlarının pozulmasının sübutdur və Ermənistan öz cavabdehliyini yerinə yetirməlidir”.
Xatırladaq ki, Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il iyunun 16-da “Çıraqov və başqaları Ermənistana” qarşı işi ilə bağlı qərar çıxararaq şikayətçilərə qarşı Avropaİnsan Haqları Konvensiyasının 1-ci Protokolunun 1-ci maddəsi (mülkiyyətin toxunulmazlığı), Konvensiyanın 8-ci (şəxsi həyatın toxunulmazlığı), 13-cü (ədalətli mühakimə hüququ) maddələrinin davamlı pozulduğunu bildirib. İş üzrə iddiaçılar Elxan və Adışirin Çıraqovlar (1950 və 1947-ci il təvəllüdlü), Ramiz Cəbrayılov (1960), Akif Həsənov (1959), Fəxrəddin Paşayev (1956) və artıq vəfat etmiş Qara Cəbrayılovdur (1940). Akif Həsənovdan başqa iddiaçıların hamısı hazırda Bakıda yaşayır. Laçın rayon sakinləri olan bu şəxslər 1992-ci il mayın 17-də zorla evlərindən qovulub, onların mülkiyyəti ermənilərin əlinə keçib.
Aytən Zəhra
Azvision.az
Teqlər: Ermənistan Çıraqovlar