Mehriban Əliyevanın tapşırığı ilə Rafiq Hüseynovun barelyefi hazırlanıb - FOTO
Bildiriblər ki, Rafiq Hüseynov böyük təcrübəyə malik peşəkar teleaparıcı idi. Yüksək intellekt sahibi olan, doğma dilimizin incəliklərini daim yaşadan Xalq artisti ciddi görkəmi, xoş təbəssümü, aydın diksiyası ilə hər zaman milyonlarla tamaşaçını efirə cəlb edib. Tamaşaçılar Rafiq Hüseynovun ekranda görünüşünə, səsinin ahənginə, təmiz nitqinə və səmimi ünsiyyətinə heyran qalırdılar. O, efirdə yazıçı ilə yazıçı, musiqiçi ilə musiqiçi, teatr işçisi ilə teatrşünas kimi danışırdı, həm informasiya, həm bədii, həm də ictimai-siyası mətni mövzuya uyğun ahəng və avazla səsləndirirdi. Rafiq Hüseynov keçmiş Sovet İttifaqı məkanında ən yaxşı diktorlardan biri idi. Moskvadan mərkəzi televiziyada işləməyə dəvət alsa da, bu təklifi qəbul etməmiş, doğma televiziyanı üstün tutmuşdu. Səsləndirdiyi diktor mətnləri, sənədli filmlər, aparıcısı olduğu müəllif verilişləri onun qiymətli yadigarı kimi televiziyanın fondunda qorunub saxlanılır.
Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova, xalq artistləri Eldost Bayram, Ofeliya Sənani və başqaları görkəmli teleaparıcının xatirəsinə göstərilən diqqətə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Rafiq Hüseynov 2017-ci il oktyabrın 26-da Almaniyanın Düsseldorf şəhərində müalicə aldığı klinikada dünyasını dəyişib. Mavi ekranın unudulmaz siması hələ uzun illər lentlərin yaddaşında yaşayan bənzərsiz səsi ilə milyonların yaddaşını təzələyəcək.
Azvision.az
Teqlər: Rafiq-Hüseynov