Səfir: “Paşinyan hələ də cəsarətli addım atmır”

Səfir:  “Paşinyan hələ də cəsarətli addım atmır”
  18 Fevral 2019    Oxunub:1694
Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev Ukraynanın ictimai radiosuna (UA: Українське радіо) geniş müsahibə verib. Müsahibənin əsas mövzusu Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti olub.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, diplomat bildirib ki, ermənilər “Böyük Ermənistan” kimi xəstə ideologiyaya əsaslanaraq Azərbaycana qarşı torpaq iddiasına başlayıblar. Bunun nəticəsi olaraq Azərbaycanın 20 faiz ərazisi hələ də Ermənistanın işğalı altındadır. Ermənistanın tarixən müxtəlif illərdə Azərbaycana qarşı işğalçılıq siyasəti apardığını xatırladan səfir vurğulayıb ki, terrorizm, işğalçılıq Ermənistanın dövlət siyasətinə çevrilib.

Ukraynalı jurnalistin Ermənistanın yeni Baş naziri Paşinyanın Dağlıq Qarabağla bağlı tutduğu mövqeyə dair sualına cavabında A.Xudiyev qeyd edib ki, Paşinyan hələ də münaqişənin ədalətli həllində cəsarətli addım atmır: “Ermənistan rəhbərliyinin münaqişənin həlli istiqamətində konstruktiv addımları yoxdur, ancaq quru bəyanatlar verirlər. Konkret danışıqlar masasında qeyri-konstruktiv mövqe sərgiləyirlər. BMT Baş Assambleyasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılmasına dair 4 qətnamə qəbul etsə də, icra olunmur”.

Səfir daha sonra vurğulayıb ki, Azərbaycan münaqişənin sülh yolu həllinin tərəfdarı olsa da, proseslərin bu cür davam edəcəyi halda hərbi müdaxiləyə yol veriləcəyini istisna etməyib: “Azərbaycan paralel olaraq Milli Ordusunun gücləndirilməsi üçün dövlət büdcəsinin böyük bir qismini bu sahəyə ayırır. Çünki sülh danışıqları nəticə verməsə, Azərbaycan ərazi bütövlüyünü bərpası üçün gücdən istifadə edəcək. Bu gün dünyanın gözü qarşısında Ermənistan hətta Dağlıq Qarabağa aid olmayan Azərbaycanın 7 rayonunu da işğal altında saxlayır”.

Azvision.az


Teqlər: Ukrayna   Azərbaycan  





Xəbər lenti