İxtisasca həkim, müəllimə, jurnalist olan XANIM DEPUTATLAR

  26 Oktyabr 2013    Oxunub : 5951
İxtisasca həkim, müəllimə, jurnalist olan XANIM DEPUTATLAR
Milli Məclisin xanım deputatları: kim hansı peşənin sahibidir?

Milli Məclisin 125 deputatından cəmi19-u xanımdır. Sayca az olmalarına baxmayaraq, xanım millət vəkillərinin əksəriyyəti aktiv siyasi fəaliyyətlərinə görə heç də kişi həmkarlarından geri qalmırlar.

Hazırda millət vəkili adı daşıyan xanımlarımızın hərəsi bir ixtisas sahibidir. Kimisi müəllimlikdən, kimisi həkimlikdən, kimisi isə memarlıqdan keçərək, deputatlıq yolunda birləşiblər.

AzVision.az saytı Milli Məclisin xanım deputatların hansı ixtisas sahibi olmaları barəsində qısa araşdırma aparıb.

Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevaixtisasca həkimdir.

Birinci xanım 1982-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olub. M.Əliyeva 1988-ci ildə M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-tədqiqat İnstitutunda işləyib.

Millət vəkili, Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Elmira Axundova isə ixtisasca filoloqdur. O, 1976-cı ildə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə stenoqrafçı kimi başlayıb.
E.Axundova uzun müddət jurnalist kimi fəaliyyət göstərib. 1977-1980-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor, "Literaturnaya qazeta"nın (1990-1998), "Azadlıq" radiostansiyasının (Münhen) Azərbaycan üzrə müxbiri (1993-2000), "Türk dünyası" jurnalının publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.
1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (informasiya məsələləri üzrə katib) seçilib. 2002-ci ildən Bakı Slavyan Universitetinin tərcümə nəzəriyyəsi və təcrübəsi kafedrasının dosentidir.

Millət vəkili, Milli Məclisin vitse-spikeri Bahar Muradova isə ixtisasca filoloq və hüquqşünasdır. 1981-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu fərqlənmə diplomu ilə bitirən vitse-spiker 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini, 2000-ci ildə isə universitetin hüquq fakültəsini bitirib. 1981-ci ildən Bakı 1 saylı tikiş fabrikində əmək fəaliyyətinə başlayıb. 1989-92-ci illərdə Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətinin, 1992-93-cü illərdə "Qayğı" Cəmiyyəti Yasamal rayon təşkilatının məsul katibi işləyib.

Millət vəkili, xalq artisti Zeynəb Xanlarova 1956-cı ildə M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini, 1961-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunu bitirib.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, millət vəkili Rəbiyyət Aslanova tarixçidir. Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Fəlsəfə elmləri doktoru, professordur. 1978-ci ildən Bakı Dövlət Universitetində assistent, baş müəllim, dosent vəzifələrində çalışıb. 2004-cü ildən Bakı Dövlət Universitetinin fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının professorudur.

Millət vəkili Qənirə Paşayeva həkim və hüquqşünasdır. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. Uzun müddət jurnalistlik fəaliyyəti ilə məşğul olub. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb.

Millət vəkili Flora Qasımova ixtisasca riyaziyyatçıdır. O, Azərbaycan Pedaqoji Universitetinin riyaziyyat fakultəsini bitirib. Xanım deputat bir müddət riyaziyyat müəlliməsi kimi çalışıb.

Milli Məclisin deputatı Kamilə Əliyeva da ixtisasca müəllimədir. Bakı Dövlət Universitetinin (BDU )-nun biologiya fakültəsini bitirib. Universiteti fərqlənmə diplomu ilə bitirdikdən sonra isə BDU-da müəllim, baş müəllim, dosent kimi çalışıb. Hazırda BDU-nun professorudur.

Millət vəkili, Elm və Təhsil Komitəsinin üzvü, Gülçöhrə Məmmədova ixtisasca memardır. 1971-ci ildə orta məktəbi bitirdikdən sonraAzərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olub və 1976-cı ildə yeni yaranmış Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib.
Hazırda Memarlıq və İnşaat İnstitunun rektorudur.

Millət vəkili Leyla Abdullayeva müəllimədir və Sumqayıtda 18 nömrəli məktəbin direktorudur. O, M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitunu (İndiki Bakı Slavyan Universiteti) bitirib. Ali təhsili başa vurduqdan sonra Sumqayıtda bitirdiyi məktəbdə rus dili müəllimi işləyib. 2003-cü ildə ikinci ixtisasa – Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnib. 2005-ci ildə Sumqayıt şəhər 18 nömrəli məktəbə direktor təyin olunub.

Millət vəkili Gövhər Baxşəliyeva ixtisasca şərqşünasdır. Bakı Dövlət Universiteti (BDU )nun şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirib. Hazırda Bakı Dövlət Universitetində çalışır.

Millət vəkili Sevinc Fətəliyeva ixtisasca filoloqdur. Hazırda Bakı Slavyan Universitetinin ingilis filologiyası kafedrasının müdiridir.

Millət vəkili, Sosial siyasət komitəsinin Sevinc Hüseynova Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Uzun müddət rayon torpaq şöbəsində müfəttiş vəzifəsində, daha sonra Rayon Gənclər və İdman İdarəsinin rəisi, rayon İcra Hakimiyyəti başçısının müavini, ardınca Gənclər və İdman Nazirliyində şöbə müdiri işləyib.

Millət vəkili Mədəniyyət komitəsinin üzvü Sahibə Qafarova iki ali təhsil alıb. M. F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib. 1981-ci ildən bu günədək Bakı Slavyan Universitetində prorektor çalışır.

Millət vəkili, Sosial siyasət komitəsinin üzvü Sədaqət Vəliyeva ali dərəcəli həkimdir. O,1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub, 1978-ci ildə institutu bitirib. Əmək fəaliyyətinə Döş qəfəsi cərrahiyyəsi Xəstəxanasında tibb bacısı işləyərək başlayıb. 1980-ci ildən isə Suraxanı 6 saylı Vərəm Xəstəxanasında həkim-ftiziatr işləməyə başlayıb. 1984-cü ildə isə 6 saylı Vərəm Xəstəxanasında baş həkimi 1985-ci ilədək əvəzləyib. 1985-ci ildən 1995-ci ilədək Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 1995-1996-cı illərdə Suraxanı rayon Səhiyyə şöbəsinin müdiri işləyib. 1997-2002-ci illərdə yenidən Suraxanı rayonu 6 saylı Vərəm Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb. 2002-ci ildən 2006-cı ilədək Sabunçu rayon Səhiyyə şöbəsinə rəhbərlik edib. 2006-cı ildə Sabunçu rayon 4 saylı Vərəm Əleyhinə Dispanserin baş həkimi vəzifəsinə təyin edilib, hazırda bu vəzifədə çalışır.

Millət vəkili, Mədəniyyət Komitəsinin üzvü Jalə Əliyevanın ixtisası şərqşünasdır. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini qırmızı diplomla bitirib, daha sonra həmin universitetin hüquq fakültəsində təhsil alıb. Filologiya elmləri doktorudur. Bakı Dövlət Universitetində müəllimə işləyir.

Millət vəkili, Sosial siaysət komitəsinin üzvü Məlahət İbrahimqızı həkimdir. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.Tarix elmləri namizədidir 1982-ci ildən Bakıda uşaq poliklinikasının həkimi, 1992-ci ildən baş həkimi olub, 1998–2000-ci illərdə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb.

Millət vəkili Aytən Mustafayeva hüquq elmləri namizədidir. İxtisasca şərqşünas olan xanım millət vəkili Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Millət vəkili, Elm və Təhsil Komitəsinin üzvü, Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlı1967-72-ci illərdə M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunda təhsil alıb. 1972-ci ildə təyinatla Oğuz rayonu 2 №li orta məktəbində rus dili müəlliməsi işləyib. Hazırda deputat fəaliyyəti ilə yanaşı Azərbaycan Müəllimlər İnstitutunun rektorudur.

Nihadə Eyyubova

Teqlər: