Kitab soyqırımının acı tarixi

Kitab soyqırımının acı tarixi
  20 İyul 2018    Oxunub:9315
Əhməd Həmid
AzVision.az üçün

1933-cü ildə Berlində Opera meydanında 20 min kitab yandırıldı. Tonqalın ətrafında yəhudilər də var idi. Gecə yarısı Joseph Goebbeles kürsüyə çıxdı və yəhudiləri hədəf alan sözlər dedi. Bir müddət sonra yəhudi alimlər kitablarla eyni taleyi yaşadılar. Çünki bir yerdə kitab yandırılırsa, mütləq orada insan da yandıracaqlar.
Əlbəttə, nasistlər həmin gün bütün dünya qarşısında kitab soyqırımı etdilər, amma bunu birinci edən onlar deyildi. Hələ bəzən düşünürəm ki, Hitler öz sələflərinə nisbətən, kitablarla yumşaq davranmışdı.

Makedoniyalı İsgəndər bundan 2300 il əvvəl İranı işğal etmiş, sonra “Avesta” ilə birlikdə minlərlə kitab yandırmışdı. Bu hadisədən sonra belə, biz ona “Böyük İsgəndər” deyirik.

Tarixin ən böyük kitab qətliamı isə İsgəndəriyyə kitabxanasında baş verib. Dəhlizlərində Evklid və Arximedin gəzdiyi, 900.000 kitaba və minlərlə alimə ev sahibliyi edən bu kitabxana 3 dəfə yagmalanıb və yandırılıb.

Eradan əvvəl 47-ci ildə Sezar şəhəri işğal edərkən kitabxananın böyük hissəsi yandı və yağmalandı. Kitabxananın yanmasından məyus olan Misir kraliçası Kleopatranın könlünü almaq üçün Sezar Anadolunun ən böyük kitabxanası olan Bergama (Pergamon) kitabxanasını İsgəndəriyyəyə köcürdür.

Xristianlığın rəsmi din olmasından sonra, 391-ci ildə baş verən münaqişə nəticəsində kitabxana yenə yandırılır . İsgəndəriyyə kitabxanası ilə birlikdə Pergamondan gətirilən əlyazmalar da burada məhv olur.

639-cu ildə isə Misirin hakimi Amr İbnül-Asın əmrilə Qurana uygun olmayan bütün kitablar yandırılır.

Buxara kitabxanasının yandırılması barəsində rəvayətlər fərqlidir. Rəvayətlərdə deyilir ki, İbn Sina kitabxananın müdiri olduqdan sonra bütün kitabları oxuyur və ondan başqa heç kimin bu məlumatları bilməməsi üçün kitabxananı yandırır. Ona görə də, rəvayətlərə çox inanmayın.

Cahilliyin alovu Buxara kitabxanası ilə də bitmir. Çingiz Xan Bağdadda minlərlə kitabı alimlərlə birlikdə yandırır. İslam irsi külə dönür, müsəlman dövlətləri bir daha cahillikdən can qurtara bilmirlər.

Atəş və tonqallar alimlərdən və kitablardan heç vaxt uzaq olmayıb. Atəş kitabların arxasınca Avropaya, Əndəlüsə gəlir. Xristianlıq Əndəlüsdə elə bir qətliam edir ki, bir milyon kitabdan yalnız 300-ə yaxın əlyazma qalır.

Vatikan orta əsrlərdə kitab yandırmaqdan bezib, elm adamlarını yandırmağa basladı. Dənizi yarıya bölməyi, ölüləri diriltməyi normal qəbul edənlər Yerin Günəş ətrafında fırlanmasını qəbul etmədilər və Brunonu yandırdılar. Qaliley ev həbsinə məhkum oldu.

1993-cü ildə əvvəlcə Salman Rüşdünün kitabları yandırıldı, sonra Sivas qətliamında Madımak otelində yazıçılar... Altı yazıçı və şair oldürüldü, Əziz Nesin yaralandı, döyüldü...

Dünyada kitab və insan yandırmağa görə günahkar isə nəyə görəsə, yalnız Hitler sayılır.



Teqlər: Kitab   Kitabların-yandırılması  





Xəbər lenti