Azərbaycan Ordusunun 100 ili - VİDEOREPORTAJ

Azərbaycan Ordusunun 100 ili - VİDEOREPORTAJ
  26 İyun 2018    Oxunub:3344
Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar Azadlıq Meydanında hərbi parad keçirilib.
AzVision.az xəbər verir ki, hərbi paradda Müdafiə, Daxili İşlər, Fövqəladə Hallar Nazirliklərinin, Dövlət Təhlükəsizliyi, Dövlət Sərhəd və Xüsusi Dövlət Mühafizə Xidmətlərinin, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin parad heyətindən ibarət 4000 nəfərədək şəxsi heyəti iştirak edib.



Təntənəli mərasimdə 240-dan çox hərbi texnika, 70-dən artıq uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul edilmiş ən müasir zirehli texnikalar, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, helikopterlər, pilotsuz uçuş aparatları kimi müxtəlif növ ən yeni silah və texnikalar, eləcə də hərbi gəmi və katerlər nümayiş olunub. Paradda həmçinin Türkiyə Respublikası, Pakistan İslam Respublikası, Belarus Respublikası, Bəhreyn Krallığı, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan, İran İslam Respublikası, İsrail, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı Krallığı və Ukraynadan olan 100-dək nümayəndə iştirak edib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin respublikamızdakı səfirləri, hərbi attaşeləri, beynəlxalq təşkilatların əməkdaşları, yubiley tədbiri ilə əlaqədar ölkəmizə gələn nümayəndə heyətlərinin rəhbərləri, müharibə veteranları və paytaxt ictimaiyyətinin nümayəndələri hərbi parada baxıblar.

Həmçinin paradı minlərlə paytaxt sakini izləyib.

Hərbi Parad başa çatdıqdan sonra Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” qrupları Bakı buxtası üzərində uçuşlar edib. Belə ki, “Solo Türk” qrupuna daxil olan 2 ədəd "F-16" tipli və “Türk Ulduzları” qrupuna daxil olan 7 ədəd F-5 tipli təyyarələr Bakı səmasında nümunəvi uçuşlar həyata keçiriblər.

Anar Kəlbiyev
Video: Əhməd Xəlilov/Bəxtiyar Məmmədov

AzVision.az


Teqlər: Parad   Ordu  





Xəbər lenti