Fransada ən uzunömürlü yerlimizin doğum günü qeyd edildi

Fransada ən uzunömürlü yerlimizin doğum günü qeyd edildi
  11 Oktyabr 2013    Oxunub:1513
Azərbaycanın Fransadakı səfirliyində bu ölkədə yaşayan soydaşlarımızın ən yaşlı nümayəndəsi Qədir Süleymanın 96 yaşı təntənəli şəkildə qeyd olundu.
Səfir Elçin Əmirbəyov Q. Süleymanı 96 illiyi münasibətilə təbrik edərək bildirmişdir ki, soydaşımızın doğum günü çox əlamətdar bir vaxta təsadüf etmişdir. Oktyabrın 9-da ölkəmizdə keçirilən prezident seçkiləri xalqımızın böyük ruh yüksəkliyi və fəallığı şəraitində başa çatmış, dövlətimizin başçısı İlham Əliyev inamlı qələbə qazanaraq yenidən Prezident seçilmişdir.

Q. Süleymanın doğum gününün azərbaycanlılar arasında keçirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdıran səfir qəlbi ilə doğma Azərbaycana bağlı olan bu insanın yaşının ahıl dövrünə baxmayaraq həmişə ölkəmizlə bağlı tədbirlərə qatıldığını və xüsusi fəallıq göstərdiyini bəyan etdi.

Sonda E. Əmirbəyov 96 yaşı tamam olan soydaşımıza xatirə hədiyyəsi təqdim etdi.

Qədir Süleyman belə səmimi qarşılandığına və hədiyyəyə görə öz təşəkkürünü bildirdi.

Əslən Qərbi Azərbaycandan olan Qədir Süleyman (Süleymanov) 1917-ci il oktyabrın 10-da anadan olub.O 23 yaşında müharibəyə gedib. Müharibədə yaralanaraq əsir düşən Qədir Süleyman Stalin repressiyasından ehtiyat edərək qələbədən sonra Azərbaycana qayıtmayıb və Fransanı özünə ikinci Vətən seçib.


Teqlər:





Xəbər lenti