“Qarabağ döyüşlərində bir nəfər də iranlı olmayıb” - EKSPERT

“Qarabağ döyüşlərində bir nəfər də iranlı olmayıb” - EKSPERT
  04 Mart 2013    Oxunub:4952
“Qarabağ müharibəsinin uğurları da, uğursuzluqları da bilavasitə Azərbaycan əsgərinin adı ilə bağlıdır”
İran İslam Respublikası Quruluşunun Məsləhəti Şurasının katibi və İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın keçmiş komandiri Möhsün Rzayinin Qarabağ müharibəsi zamanı İranın Azərbaycana olan yardımları və Qarabağ müharibəsi zamanı onlarla iranlının şəhid olması ilə bağlı açıqlaması ölkəmizdə geniş müzakirələrə səbəb olub.

Ermənistan da Möhsün Rzayinin açıqlamasına cavab olaraq onu ittiham edib. Ancaq erməni mətbuatı hər zamankı ənənəsinə sadiq qalaraq yenə də həmin faktdan Azərbaycanın əleyhinə istifadə etməyə çalışıb. Bildirilir ki, guya Bakıda hakimiyyətə yaxın mənbələr, millətçilər və anti-İran qüvvələr faktı əsassız olaraq qələmə verirlər. Ermənilərin iddiasına görə, Qarabağ müharibəsində həlak olan iranlıların azəri olduqlarını açıqlayaraq məqsədimiz “Vahid Azərbaycan” ideyası uğrunda şəhid olduqlarını önə çəkməkdir.

“Bu, ermənilər üçün bir şansdır”

Məsələyə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov AzVision.az-a açıqlamasında sözügedən faktı təkzib edib: “Mən özüm Qarabağ müharibəsində şəxsən iştirak etdiyimə görə tam məsuliyyətimlə deyirəm ki, döyüşdüyüm Füzuli bölgəsində bir nəfər də olsun İran vətəndaşı olmayıb. Həmçinin, heç bir İran istehsalı olan silah-sursatlardan istifadə olunmayıb. SEPAH komandiri deyir ki, belə bir hal olub. Eyni zamanda, Müdafiə Nazirliyinin mərkəzi aparatının əməkdaşı olaraq belə bir halla rastlaşmamışam”.

Ekspert ermənilərin bu məqamdan da sui-istifadə etməsindən danışıb: “Əlbəttə ki, onlar bu məsələdən öz xeyirləri üçün hər formada istifadə edəcəklər və edirlər də. Ermənilər üçün istənilən halda bu, bir şansdır. İndi onlar başlayacaqlar Azərbaycanla İran arasındakı münasibətləri korlamaq və ölkəmizi regionda bir qədər çətin vəziyyətdə qoymaq üçün yerli mətbuatlarında irili-xırdalı məlumatlar dərc etməyə”.

“Fakt müəyyən məqsədlərə xidmət edir”

Müsahibimiz belə bir yalan faktın gündəmə gətirilməsinin müəyyən məqsədlərə xidmət etdiyini vurğulayıb: “Düzdür, həmin çətin vaxtlarda Azərbaycana uzaq və yaxından bəzi köməkliklər olunub, həm maddi, həm mənəvi cəhətdən. Amma mən iranlıların ermənilərə qarşı döyüşdüyünü görməmişəm. Ölkəmizin bütün çətinlikləri, uğurları da, uğursuzluqları da bilavasitə Azərbaycan əsgərinin adı ilə bağlıdır. Uğurumuz o olub ki, Füzuli istiqamətində 20-dən artıq yaşayış məntəqəsini ermənilərdən azad etmişik. Uğursuzluğumuz isə bir neçə istiqamətdə Rusiya hərbi birləşmələrinin köməyilə ermənilərin həmin ərazilərdə nəzarəti ələ keçirmələri olub. Ancaq bütün bunlar hamısı Azərbaycanı ordusunun adınadır. Kənar qüvvələr də olub, ancaq kənar qüvvələrin arasında İran əsilli hərbiçilər olmayıb”.

“İrana xoş olmaq üçün faktı təsdiqləyirlər”

Eskpert fakta qəti şəkildə etirazını bildirsə də, təsdiq edənlər də var. Belə ki, Beynəlxalq Terrorçuluq və Korrupsiya ilə Mübarizə Mərkəzinin direktoru Rövşən Novruzoğlu Qarabağ müharibəsi zamanı onlarla iranlının azərbaycanlıların kənarında döyüşdüyünü və şəhid olduqlarını bildirib.
Ancaq Üzeyir Cəfərov bu faktı təsdiqləyənlərin İrana xoş gəlmək üçün bir addım olduğunu söyləyib: “İranlılar Azərbaycanda ermənilərə qarşı döyüşməyiblər. Ola bilsin kökləri iranlı olub, amma Azərbaycan vətəndaşı olub. Həmçinin, SEPAH-ın silah-sursatı bizə bilavasitə İrandan yox, digər ölkə vasitəsilə əldə edib. Füzuli döyüş briqadasında Arazın o biri tayından - İran ərazisindən erməni hərbiçiləri öz artilleriya qurğularına istiqamət veriblər. Yəni onlar şərait yaradıblar ki, ermənilər İran ərazisindən Azərbaycana qarşı istifadə etsinlər”.

Sevinc Fədai


Teqlər:  





Xəbər lenti