Şagirdlərin qəbulu və yerdəyişməsi ilə bağlı yeni qaydalar
AzVision.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.
Təhsil nazirinin əmri ilə təsdiq olunun Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsinin daxil edildiyi komissiyaya məktəbin direktoru rəhbərlik edəcək.
Məktəbin I sinfinə hər il sentyabrın 15-dək (15-i daxil olmaqla) 6 yaşı tamam olan, əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilir. Məktəbin I sinfinə ilk növbədə məktəbin xidməti ərazisində yaşayan uşaqlar qəbul edilirlər.
Sentyabr ayından sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu aparılmır. Uşaqların I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarım ilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Ərizədə müvafiq sənədlərlə yanaşı, uşağın təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil qeyd edilir.
Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilirlər. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən dərslərə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagird təkrar I sinfə qəbul olunur. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilmir. Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul edilməyən 8 və daha artıq yaş həddinə çatmış uşaqların təhsilə cəlb olunması məsələsinə fərdi qaydada Təhsil Nazirliyində baxılır. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin qəbul etdiyi müvafiq qaydalara uyğun aparılır.
Yeni qaydalara əsasən, Azərbaycanda məktəblərə şagirdlərin qəbulu I və X siniflər üzrə həyata keçirilir.
Fatimə Kərimli
Teqlər: