ABŞ və Rusiyanın Güney Qafqazda yeni hədəfləri – TƏHLİL
Rusiya, Türkiyə və İranın vahid formatda birləşməsi ən çox Yerevanı təşvişə salıb və əslində Sarkisyan narahat olmaqda haqlıdır. Çünki qarşılıqlı iqtisadi faydalı əsaslar üzərində qurulan ittifaq üzv dövlətlərin bir-biri qarşısında iqtisadi asılılıq və öhdəliklər yaradır.
Ənənəvi olaraq donmuş münaqişələr, yaxud hərbi bazalar hesabına respublikaları özündən asılı saxlamağa öyrənmiş Rusiya artıq yeni – daha dəqiq desək, onun üçün yeni olan iqtisadi təsir mexanizmlərini işə salmağa başlayır. Moskvanın başqa çıxış yolu da qalmayıb. Türkiyə səmasında rus qırıcısının vurulması onu göstərdi ki, Ankaraya hərbi güc nümayiş etdirməklə qorxuya salıb özündən asılı etmək mümkün deyil.
Azərbaycanın Rusiya-Türkiyə-İran ittifaqının kəsişmə nöqtəsində olması hər üç ölkəni qane edir. Rusiya ilə İran hesab edə bilərlər ki, iqtisadi cəhətdən Azərbaycanı özlərinə bağlamaqla Bakını nəzarətlərində saxlaya bilərlər. Bu formul əslində donmuş münaqişələrlə dövləti əsarətdə saxlama konsepsiyasını gündəmdən salır və Rusiya artıq Dağlıq Qarabağ münaqişəsinin donmuş vəziyyətdə saxlanılmasında maraqlı olmur. Nəticədə Ermənistan illərdir özünün hesab etdiyi işğal altında olan Azərbaycan torpaqları ilə vidalaşmaq məcburiyyəti ilə üz-üzə qalır.
Hazırkı məqamda Türkiyə, Rusiya və İranın birləşdirən bir sıra ortaq maraqlar olsa da, bunların arasında ən öndə gələni Cənubi Qafqazdır. Cənubi Qafqazın Ağ Evin yeni administrasiyasının xarici siyasətində əsas diqqət mərkəzində olacağını indidən əminliklə söyləmək olar. Dövlət katibi vəzifəsinə ExxonMobil şirkətinin direktorlar şurasının keçmiş sədri Reks Tillersonun, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsinə ABŞ-ın Ermənistandakı keçmiş səfiri Con Heffernin təyin edilməsi bunu təsdiq edir. Reks Tillerson Xəzər hövzəsi ölkələrilə uzun illər əməkdaşlıq etmiş, regionun enerji ehtiyatlarına dərindən bələd olan şəxsdir. Con Heffern isə Ukraynada “Maydan” hərəkatının müəlliflərindən biri hesab olunan Viktoria Nulandın yerinə təyin olunub.
Belə bir nəticəyə gəlmək olar ki, Tramp administrasiyasının Qafqazda güdəcəyi əsas məqsədi Xəzər hövzəsinin enerji resurslarının Avropaya ixracına nail olmaqdır. Yəni Transxəzər enerji dəhlizinin işə düşməsinə çalışacaq. Bu mənada, əsas maneə Xəzərin statusu ilə bağlı hələ də sahilyanı ölkələr arasında yekun razılığın əldə olunmamasıdır. Razılığın əldə olunmaması İranın mövqeyi ilə bağlı olduğu üçün, güman etmək olar ki, Trampın Konqresə müraciətində İranı hədələməsi də məhz Xəzərin statusu məsələsində Tehrana təzyiq göstərməsidir. Təsadüfi deyil ki, İran prezidenti Ruhani azərbaycanlı həmkarı İlham Əliyevlə son görüşündən sonra verdiyi bəyanatda Xəzərin statusu ilə bağlı tərəflər arasında razılaşmanın əldə olunacağını bildirib.
Qafqazın Rusiyanın təsirindən çıxarılmasında yeganə maneə Ermənistandır və Dağlıq Qarabağ münaqişəsinin alovlanma təhlükəsi regiondakı çoxmilyardlıq layihələri risk altına qoyur. Məlumdur ki, Amerika Dağlıq Qarabağ münaqişəsinin həllinin ilk mərhələdə 5, sonra 2 rayonun qaytarılması, yekunda isə Qarabağın statusunun müəyyən edilməsində görür.
2018-ci ildə Ermənistanda növbəti prezident seçkilərinin keçirilməsi, Viktoriya Nulandın yerinə Ermənistanı yaxından tanıyan şəxsin təyinatı Yerevanda rəngli inqilabın baş vermə riskini artırır. İşğal olunmuş ərazilərdə itkilərin artması və ağır iqtisadi vəziyyət Sarkisyanın özündən sonra varisini prezident postuna gətirmək planlarını kölgə altına salır. Yəni Rusiyanın nəzarətində olan “Qarabağ” klanının nümayəndəsinin hakimiyyəti saxlaması çətinləşir.
Sarkisyan üçün ən qorxulu kabus Rusiyanın onun arxasından çəkilməsi ola bilər. Vaşinqtonun Cənubi Qafqazla bağlı geniş planlarının olması barədə Moskvanın hələ 2016-cı ilin sonlarında məlumatının olması mümkündür. Güman ki, 2016-cı ilin sonlarına yaxın xarici işlər naziri Lavrov, Kremlə yaxın olan politoloq Markov və MDB-nin keçmiş katibi Bordyujanın dili ilə Ermənistana hərbi dəstəyin verilməsi Moskva tərəfindən Vaşinqtona edilən xəbərdarlıqlar idi. Rusiya və Amerikanın ordu qərargahlarının rəhbərlərinin məhz Bakıda görüşməsi Qafqazdakı mümkün müharibə təhlükəsi ilə bağlı ola bilərdi. Bu nöqteyi nəzərdən yanaşıldıqda Qafqazın ABŞ və Rusiya arasında “alver” obyekti olduğunu ehtimal etmək olar.
Rusiya heç bir halda Qafqazda müharibə planını həyata keçirə bilməyəcəyi üçün bu fikirdən vaz keçməli oldu. Çünki Vaşinqtona qarşı Türkiyə ilə əməkdaşlığa girdi. Ankara isə Qafqazda Azərbaycanın maraqlarına zidd addımların atılmasına imkan verməyəcək. Odur ki, Rusiya İran kimi Azərbaycanda iqtisadi layihələrə maksimum daha çox qoşulmaq istəyir ki, Amerika Qafqazda enerji layihələrinin icra edilməsi üçün məcburən Moskva ilə əməkdaşlığa getsin. Burdan belə qənaətə gəlirik ki, Yerevanda rəngli inqilab həyata keçirilərək Ukraynada olduğu kimi qərbyönümlü qüvvələr hakimiyyətə gətirilərlərsə, Rusiya prosesə mane olmaq üçün münaqişəni yenidən alovlandırmayacaq. 2018-ci ilin Rusiyada da seçki ili olduğunu nəzərə alarsaq, Kreml var gücüylə çalışacaq ki, Qafqazda münaqişə yenidən qızışmasın. Seçki ərəfəsində ölkənin cənub sərhəddində müharibənin başlanması elektoratın rəyinə gözlənilməz mənfi təsir göstərməklə yanaşı, qeyri-sabit region olan Qafqazda multiplikativ effekt də yarada bilər. Məsələn, gürcülər Abxaziya və Cənubi Osetiya, tatarlar və çeçenlər müstəqillik uğrunda mübarizəyə qalxışa bilərlər.
Sarkisyan anlayır ki, Rusiyanın Türkiyə ilə strateji əməkdaşlığı Yerevanın Qarabağ məsələsində status kvonu saxlamasına imkan verməyəcək. Ermənistan ya torpaqları qaytarmağa məcbur ediləcək, yaxud Moskva Azərbaycan silahlı qüvvələrinin hərbi yolla torpaqları azad etməsinə göz yumacaq. Vaşinqtonun onsuz da mövqeyi aydındır. Enerji nəqlinin təhlükəsizliyində maraqlı olan Amerika sabitliyin təmin olunmasını istəyir.
Buna görə, Sarkisyan alternativ üçüncü qüvvə kimi Fransanın yanına qaçıb, vaxt udmağa çalışır. Seçkiqabağı Fransada erməni lobbisinin əhəmiyyəti artdığı üçün Sarkisyan hansısa siyasi qüvvələr qarşısında xal qazanmağa çalışır. O ümid edir ki, Fransa vasitəsilə vaxt udmaqla prezident seçkilərini keçirib varisini “taxta” oturdacaq.
Tofiq Əsgərov
AzVision.az
Teqlər: