Prezident Qaxdan Balakənə gedib

Prezident Qaxdan Balakənə gedib
  17 Avqust 2013    Oxunub:1255
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qax rayonundan sonra Balakən rayonuna səfər edib. Dövlət başçısı əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında yaradılan şərait barədə məlumat verib. Bildirilib ki, parkda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolağı salınıb.

Ümumi sahəsi 22 hektar olan bu park indi Balakən sakinlərinin və qonaqların ən sevimli istirahət məkanlarından biridir.

Prezidenti İlham Əliyev Balakən Rayon Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.Dövlət başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Dövlət başçısına məlumat verilib ki, mərkəzin tikintisinə 2012-ci ilin iyulunda başlanıb. Təmir zamanı işlərin yüksək səviyyədə görülməsinə xüsusi diqqət yetirilib. İkimərtəbəli binanın ümumi sahəsi 3 min 244 kvadratmetrdir. Mərkəzdə yaradılan 381 kvadratmetrlik tamaşa zalında müxtəlif mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Müasir akustika sistemi ilə təchiz edilən 260 yerlik tamaşa zalının səhnəsi 121 kvadratmetrdir. Mərkəzdə yeməkxana, texniki və xidməti otaqlar da yaradılıb. Binanın ikinci mərtəbəsində isə müxtəlif dərnəklər fəaliyyət göstərəcək. Burada rəsm zalı, heykəltəraşlıq, əmək, rəqs, musiqi dərnəkləri otaqları və müəllimlər otağı var. Mərkəzdə yaradılan şərait rayonun mədəniyyət və incəsənət işçilərinə yüksək səviyyədə fəaliyyət göstərməyə imkan verir.

Daha sonra prezident İlham Əliyev Katex kəndində inşa olunan soyuducu anbar kompleksinin və Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti