Papanın səfəri göstərdi ki… - TƏHLİL

Papanın səfəri göstərdi ki… - TƏHLİL
  03 Oktyabr 2016    Oxunub:3091
Roma papaları adətən əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə səfərlər etmirlər. Azərbaycan isə istisnadır. Ölkəmizdə katoliklərin sayı bir neçə yüz nəfərdir. Buna baxmayaraq, Roma Papası müsəlman Azərbaycana artıq iki dəfə səfər edib. Birinci səfər 2002-ci ildə reallaşmışdı.

Papa Fransiskin “Hamımız qardaşıq” şüarı altında həyata keçirilən səfəri hər şeydən öncə, Azərbaycanın dini və etnik toleratanlıq nümunəsi olduğunu göstərirdi.

Vatikanla Azərbaycan arasında müansibətlərin kökü müstəqilliyimizin ilk illərinə düşür. Azərbaycan ilə dünya katolik xristianlarının mərkəzi sayılan Vatikan dövləti arasında diplomatik münasibətlər 1992-ci ilin mayında yaradılıb. Bundan on il sonra, 2002-ci il mayın 22-də həmin dövlətin başçısı, 264-cü Roma papası II İohann Pavel ilk dəfə olaraq Azərbaycana rəsmi səfərə gəlib.

Milli lider Heydər Əliyev II İohann Pavellə 1997-ci ilin sentyabrında İtaliyaya rəsmi səfəri zamanı görüşüb. Roma papasının 2002-ci ildəki cavab səfərində ulu öndər Heydər Əliyev onun qarşılanması mərasimindəki nitqində Vatikan rəhbərini “dinindən, dilindən və irqindən asılı olmayaraq bütün bəşəriyyətin dostu, dünya vətəndaşı” adlandırıb.


Azərbaycanda tolerantlığın olduğunun dünya miqyasında təsdiqini tapması bizə həm də Qarabağ probleminin həlli perspektivindən lazımdır. Çünki bu, onu sübut edəcək ki, başqa millətin və dinin nümayəndələri olan Qarabağ erməniləri Azərbaycanda rahat və təhlükəsiz yaşaya bilərlər. Şübhəsiz ki, Papa ilə görüşdə prezident İlham Əliyevin Qarabağ həqiqətlərini çatdırması həm də bununla bağlı idi.

Tolerantlığın minimum şərtlərinə əsasən, dini çoxluq dini azlığa nəinki hörmətlə yanaşmalı, eyni zamanda onun öz inancına uyğun yaşamasına mane olmamalıdır. Minimum şərtlərin təmin edildiyi cəmiyyətlərlə bağlı bir neçə nümunə göstərmək mümkündür. Ancaq bu bir həqiqətdir ki, Azərbaycandakı dözümlülük mühitinin səviyyəsi tolerantlığın minimum şərtlərini və tələblərini çoxdan ötüb.

Azərbaycanlılar tarixən dini azlıqlara hörmətlə yanaşaraq, onların öz inanclarına uyğun yaşamalarına nəinki, mane olmayıblar, hətta öz inanclarına uyğun yaşamalarına şərait yaradıblar.

Qərbin islamofob dairələri və transmilli mediası müsəlman dünyasında baş verən hadisələri, prosesləri birtərəfli və əsasən qərəzli formada təqdim edir. Nəticə etibarilə maddi və mənəvi zənginliyə malik olan müsəlman ölkələri, tolerant və multikultural xarakteri ilə seçilən müsəlman xalqları, həm də sülh və barışıq dini olan İslam dini haqqında beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv və yanlış təsəvvür yaradılır.

Xristian və müsəlman dünyaları arasında münasibətlərin kəskinləşdiyi dövrdə Azərbaycan bu iki sivilizasiyanın arasında körpü ola bilər. Çünki, Azərbaycan dünyada İslam həmrəyliyinin gücləndirilməsi, müsəlman ölkələri ilə xristina dünyası arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi işinə həmişə öz töhfəsini verib.

Papanın səfəri göstərir ki, Bakının bu istiqamətdə neçə ildir atdığı addılmlar artıq dünya ictimaiyyətini buna inandırıb. Bütün dünya bu gün olduqca narahat günlərini yaşayır. Hərbi-siyasi toqquşmalarla yanaşı, humanitar problemlər ayrı-ayrı ölkələrin faciəsinə çevrilib. Təəssüf ki, bu faciələr həm də milli və dini zəmində özünü göstərir. Onilliklər boyu bir-biri ilə yanaşı yaşamış millətlər düşmənə çevrilirlər. Qərb dünyasında islamofobiya meyilləri baş alıb gedir, beləliklə, sivilizasiyalararası ziddiyyətlər dərinləşir.

Lakin Prezident İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etməklə dünyaya sülh mesajı verdi. Eyni zamanda, bu addımla bir daha təsdiq olundu ki, Azərbaycan dövləti öz ərazisində məskunlaşan bütün xalqların mehriban və dostluq şəraitində birgəyaşayışının, onların inkişafının, adət və ənənələrinin qorunmasının təminatçısıdır.

Azərbaycan əhalisinin 62 faizi şiə, 26 faizi sünni müsəlmanlardan, 12 faizi pravoslav xristianlardan ibarətdir. Katoliklər, lüteranlar və yəhudilər də azlıq olaraq mövcuddurlar və ölkədəki dinlər arasındakı harmoniya dünyaya nümunədir. Tarix boyu müxəlif sivilizasiyalar arasında mənəvi körpü rolunu oynayan Azərbaycan bu gün də öz rolunu davam etdirir.

Məhz Roma Papası da öz çıxışında bunu bir daha təsdiqlədi: “Mən bu ölkəyə hazırkı cəmiyyəti səciyyələndirən və müasir Azərbaycan dövlətinin çiçəklənməsi ilə nəticələnən təcrübə, dəyərlər və xüsusiyyətlər toplusunu formalaşdıraraq, bu torpaqda tarix boyu yaşamış çoxsaylı xalqların verdiyi töhfənin nəticəsi kimi mədəniyyətinizin çoxçalarlılığı və zənginliyinə qəlbimdəki vurğunluqla gəlmişəm. Bu günə qədər keçdiyiniz yol dövlətin iqtisadi və vətəndaş cəmiyyətinin inkişafına şərait yaratmaq və təsisatları gücləndirmək üçün göstərilmiş mühüm səyləri aydın şəkildə göstərir. Bu yol hamıya, xüsusən zəiflərə daim diqqətin göstərilməsini tələb edir. Bu yol multikulturalizmin və mədəniyyətlərin bir-birini lazımi qaydada tamamlanmasının müsbət cəhətlərini tanıyan cəmiyyət sayəsində mümkündür. Bu, vətəndaş cəmiyyətinin müxtəlif komponentləri və fərqli dini konfessiyalara mənsub olan şəxslər arasında qarşılıqlı əməkdaşlıq və hörmət münasibətlərinin yaranması üçün edilir”.

Ümumiyyətlə Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb. Burada heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməyib, cəmiyyətdə multikultural dəyərlər hakim olub, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər hökm sürüb. Multikulturalizm Azərbaycan cəmiyyətini səciyyələndirən gözəl ənənəyə çevrilib.

Azərbaycan artıq dünyada multikulturalizm, sivilizasiyalar arasında dialoq məkanı kimi qəbul edilir. Beynəlxalq anlayışda multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur. Məsələyə bu prizmadan yanaşdıqda Azərbaycanda müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin nümayəndələrinin sərbəst yaşamaları üçün zəruri şəraitin mövcudluğunu, dövlətin bu istiqamətdə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini görürük.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti