`Ana, narahat olmayın, tezliklə qayıdacağam...` - Şəhidin evindən REPORTAJ (FOTOLAR)

`Ana, narahat olmayın, tezliklə qayıdacağam...` - Şəhidin evindən REPORTAJ (FOTOLAR)
  30 Aprel 2016    Oxunub:24487
“Allaha yalvarırdım ki, Şulanın toyunu görmədən, məni öldürmə...”

AzVision.az aprel döyüşlərində qəhrəmancasına şəhid olan hərbçilərimizin evindən reportajları davam etdirir. Əməkdaşlarımız təmas xəttində gedən döyüşlərdə şəhid olan əsgər, 1996-cı il təvəllüdlü Şulan Bayramovun ailəsinə baş çəkib.

Ş.Bayramov ordu sıralarından tərxis olunmasına bir neçə gün qalmış şəhid olub. O, doğulub boya-başa çatdığı Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Əməkdaşımızla həmsöhbət olan şəhidin anası Türkanə Bayramova oğlunun döyüşlərdə qəhrəmancasına həlak olduğunu deyib.

“İki oğlum var idi. Şulan şəhid olandan sonra indi ümidlərimiz balaca oğlum Eminədir. O, 4 ay olar ki, hərbi xidmətə gedib, heç olmasa bir balam sağ qayıtsın. Şulan Talış kəndində həlak olub. Hərbi xidmətini başa vurub, aprelin 1-də evə gələcəkdi. Gələ bilmədi”.



T.Bayramova hərbi xidmətdə olduğu zamanı Şulanla ara-sıra əlaqə saxladığını söyləyib.

“Aprelin 1-də atasının ad günü idi. Şulan sevinə-sevinə zəng etmişdi ki, atanın ad günündə evdə olacağam. Döyüşlər başlayanda da zəng etdi. Dedi ki, ana, narahat olmayın, hər şey yaxşıdır, tezliklə evə qayıdacağam. Oğlum ayın 4-də şəhid oldu.

Torpağım Şulanın torpağına qarışana kimi bu dərd mənim ürəyimdə qalacaq. Oğlumun yolunu gözləyirdim, meyiti gəldi”.



Şəhidin atası Bayram Bayramovun sözlərinə görə, oğlu orta məktəbi bitirdikdən sonra kollecə daxil olub. Şulan təhsilini hərbi xidməti başa vurduqdan sonra davam etdirmək istəyib.

“Şulan Azərbaycan Dəniz Balıq Sənayəsi Kollecinə qəbul olunmuşdu. 3 il, 8 ay kollecdə oxumalı idi. Hərbi xidməti başa vurduqdan sonra təhsilinə davam edəcəyini deyirdi. Heyif, oğlumun arzusu ürəyində qaldı..”



“Komandirləri Şulandan razı idilər. O, hərbi hissədə ən nümunəvi əsgərlərdən idi.
Əsgər yoldaşlarının dediyinə görə, düşmənə döyüşlərdə kişi kimi vuruşub. Hərbçi yoldaşlarına kömək etmək üçün irəli gedib, orada da şəhid olub”,-deyə şəhidin əmisi qeyd edib.

Şulan sonuncu mesajını sinif yoldaşına göndərib: “Son 7 saat, Allaha əmanət olun”, -deyə dostları ilə vidalaşıb.



Şəhid əsgərin nənəsi Maral Bayramova Şulanın yoxluğuna dözə bilmədiyini deyib.

“Biz onun gəlişinə hazırlaşırdıq. Deyirdik, Şulan salamat gəlsin, qonaqlıq verək. Şulanın mənim ilk nəvəmdir. Həmişə arzulayırdım ki, balam əsgərlikdən salamat qayıtsın, onu evləndirək. Şulanın toyunu görmək arzusu ilə yaşayırdım.

Nəvəm axrıncı dəfə Novruz bayramında mənə zəng etmişdi, mənlə bayramlaşdı. Səbrsizliklə aprel ayını gözləyirdik ki, evə gələcək. Allaha yalvarırdım ki, Şulanın toyunu görməyi mənə nəsib etdin. Hardan bilərdik ki, onun cənazəsi gələcək”.



Şahanə Rəhimli
Foto: Elvin Abdulla

Qalereya




Teqlər:  





Xəbər lenti