`Müəllim, deyəsən, ürəyimdən vurublar` - Bankirin qətlinin bilinməyən detalları (MÜSAHİBƏ)

`Müəllim, deyəsən, ürəyimdən vurublar` - Bankirin qətlinin bilinməyən detalları (MÜSAHİBƏ)
  29 Aprel 2016    Oxunub:74210
“Mən onu vursaydım ya çənəsi sınardı, ya da dişləri tökülərdi”

Azərbaycanda ötən ilin ən səs-küylü cinayət hadisələrindən biri “Zaminbank”ın Nəsimi filialının rəhbəri Azər Məmmədovun qətlə yetirilməsi idi. Yəqin ki, çoxlarınız bu hadisəni xatırlayırsınız. Qətl hadisəsi “Avropa” otelində baş vermişdi. Hadisə zamanı Azər Məmmədov dünyasını dəyişmiş, daha iki nəfər isə bıçaqlanmışdı.

Aylarla mətbuatın gündəmindən düşməyən cinayət hadisəsində idmançı Ruslan Əfəndiyevin də adı hallanırdı. Hətta bir çox xəbərlərdə qətlin məhz onun üstündə düşdüyü iddia edilirdi.

Ruslan Əfəndiyev kimdir? Onun bu olayda günahı nədir? Yaxud ilin qətlində adı hallanan idmançının Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevlə nə əlaqəsi var?



İdman ustası Ruslan Əfəndiyev AzVision.az-a müsahibəsində bu və ya digər suallara cavab verərək ilin ən qalmaqallı cinayət hadisəsi ilə bağlı çoxlarının bilmədiyi faktları açıqlayıb.

-Ruslan bəy, xoş səslənməsə də siz tanınmış bankirin qətli ilə gündəmə gəldiniz. Bir qədər sonra adını çəkdiyimiz cinayət hadisəsi ilə bağlı sizə suallar ünvanlayacağıq. Öncə sizi tanımaq istərdik...

- 1971-ci ildə Rusiyanın Saxalin vilayətində anadan olmuşam. Atam orada hərbçi işləyib. Daha sonra Həştərxana köçmüşük. 1983-cü ildə Bakıya gəlmişik. Hələ 3-cü sinifdə oxuyan zaman klassik güləş idman növü ilə məşğul olmağa başlamışam. Daha sonra cüdo güləşi ilə idmana davam etdim. 1989-cü ildə Rusiyada hərbi xidmətdə olmuşam.

1992-95-ci illədə Dinamo İdman Cəmiyyətində professional idmanla məşğul olmuşam. İndiyədək bir çox tanınmış idmançılarla birgə çalışmışam. 6 il olar ki, müəllimlik fəaliyyəti ilə məşğulam. Dünya mükafatına layiq görülmüşəm. İndiyədək bir sıra beynəlxalq turnirlərdə çempion olmuşam.

- Bank müdiri Azər Məmmədovun qalmaqallı qətlindən danışmaq istərdik. Hadisə necə baş verdi?

- Azərlə çox yaxın münasibətimiz var idi. Onunla idman zalında tanış olmuşduq. Uzun zamandır mənimlə məşq edən bir tələbəm vasitəsilə Azərlə əlaqə qurmuşduq. Azərlə həm dost idik, həm də mən onun məşqdə müəllimi idim.

Hadisə baş verən gün Çindən yarışdan qayıtmışdım. Səhər saat 6 olardı ki, evə gəldim. Günorta Azər mənə zəng vurub, hal-əhval tutdu. Dedi ki, gəl, bu gün bir yerdə məşqə gedək. Mən yorğun olduğumu, bir az dincəlmək istədiyimi dedim. Dedim ki, “Azik”, bir az dincəlim, sonra danışarıq. Yatıb dincələndən sonra yenə zəng edərək Azər məni məşqə çağırdı. Utandım, imtina edə bilmədim. “Avropa” otelinin idman zalına gedərək məşqə başladıq.



İndiyə kimi mən heç kimə bu haqda danışmaq istəmirdim. Məni yandıran odur ki, çoxları Azərin ölümündə məni günahlandırır. Bu, mənə çox pis təsir edir. Heç kim demir ki, hadisəni o mərdümazarlar törətdi. Mövlud üç dəfə mənim yanıma gəlib. Heç kim demir ki, o, gəlməsəydi, çıxıb getsəydi, bu hadisə də olmazdı.

Mən nə Mövludu, nə də Sənanı tanıyırdım. Bütün günah onlardadır. Biz məşq edən zaman Mövlud çəkələk ilə döşəyin üzərinə çıxmışdı. Xahiş elədim ki, qardaş, biz döşəyin üstündə məşq edirik, ayaqqabı ilə ora çıxmaq olmaz. Bu sözümdən sonra Mövlud aqresiv şəkildə mənə cavab verdi ki, mənim “ponyatka”ma şübhə edirsən? Dedim qardaş, yox, sadəcə döşəyin üzərinə elə çıxmaq olmaz. O, söhbəti uzatmağa başladı.

Xahiş elədim ki, imkan ver, məşqimizi edək. O isə durmadan danışıb, məni əsəbləşdirməyə çalışırdı. Sonra Sənan Mövludu oradan uzaqlaşdırdı. Təxminən 50 dəqiqədən sonra Mövlud zala qayıtdı. Mən paltarlarımı yığıb, otaqdan çıxırdım. Mövlud məni yanına çağırdı. Başladı yenə söhbəti davam etdirməyə. Ağzına gələni danışırdı. Neçə dəfə xahiş elədim ki, söhbəti uzatmaq lazım deyil, olan oldu, keçən keçdi...



Mövlud məni söyməyə başladı. Yumruq atmaq istəyəndə, qolunu geri itələdim. Həmin vaxt Sənan içəri daxil oldu. O, Mövludu aparmaq istəyirdi. Mövlud əl çəkmirdi. Azərgil də həmin vaxt içəri girdilər. Neçə oldu, bilmədim. Bir də gördüm ki, Azərlə Sənan dalaşdı. Dava zamanı onlar bıçaq çıxardılar. Mövludun ayağına yüngülcə vurub yerə yıxdım ki sakitləşsin. Bir də başımı qaldırdım ki, üzərimə yumuruq gəlir. Avtomatik olaraq onun yumruğunu kənara yönəltim. Ancaq həmin vaxt sinəmi nəsə kəsib keçdi. Bu vaxt bildim ki, Sənanın əlində bıçaq var. Sonra Mövlud qaçmağa başladı.

Sənan Azərə 3 bıçaq zərbəsi vurmuşdu. İki zərbə qoltuq atına, bir zərbə isə sinəsinə dəymişdi. Azərlə yanaşı mənə və Ceyhuna bıçaq dəymişdi. Azəri qanlı görəndə şoka düşmüşdüm. Azər dedi ki, müəllim, deyəsən məni ürəyimdən vurublar. Yaxınlaşıb onun maykasını çıxardım. Azər huşunu itirib yerə yıxıldı. Sonra təcili tibbi yardım çağırdıq. Onlar Azərə ürək massajı elədilər. Ancaq onun həyatını xilas etmək mümkün olmadı.

Hadisə ilə bağlı bilən də danışır, bilməyən də. Bütün günah Mövludla Sənandadır. İnanın, onlardan dəfələrlə xahiş elədim ki, söhbəti uzatmayın. Mövlud əl çəkmirdi.

Deyirlər guya Sənanla Mövludu döymüşük. Mən Sənana cəmi bir yumruq vurmuşdum. Onun sifəti şişmişdi. Əgər Mövludu dediyi kimi, döysəydim, onun da sifəti əzilərdi, zədə alardı. Mən əvvəlcədən Mövludu vurmurdum. Fikirləşirdim ki, onu vursam ya çənəsi çıxacaq, ya da dişləri töküləcək. Mən onu vursaydım, yüz faiz ürəyi gedəcəkdi. Problem istəmirdim. Sadəcə deyirdim ki, qardaş çıx get.

Sənan bıçaqla hücum edəndə ona bir yumruq zərbəsi vurdum. Ona görə də burnu sındı, gözünün altı şişdi.

Bu hadisə mənə çox pis təsir elədi. Günlərlə evdən çölə çıxa bilmirdim. Azərin ölümü ilə barışa bilmirəm. O, yaxşı dost idi, xətrini çox istəyirdim. Kim istəyərdi ki, belə hadisə olsun?



- Bu hadisə görə özünüzdə günah görürsünüzmü?

- Fikirləşirəm ki, biz Çindən qayıdan zaman təyyarəyə gecikirdik. Kaş bir sutka gecikərdik, sabah gələrdik...

Sizdən soruşuram ki, sizi söysələr, yumruq atsalar nə edərdiniz? Azərin qardaşı ilə əvvələr əlaqə saxlayırdıq. Münasibətimiz pis deyil. Ancaq hiss edirəm ki, hardasa ürəyində mənə qarşı xal qalıb. Hadisədən sonra çox dəyişmişəm. Sanki qocalmışam.

Əgər zamanı geri qaytarmaq olsaydı, mən heç anadan olmazdım. Bu, təkcə Azərlə bağlı deyil. Həyatla bağlıdır. Dost itirmək dəhşətdir. Onun necə bir hiss olduğunu bilmək üçün gərək yaşayasan.

- Hadisədən sonra Azərin ailəsi ilə əlaqə saxlayırsınızmı?

- Məni qınayan insanlara başa sala bilmirəm ki, hadisədə heç bir günahım olmayıb. Heç kim demir ki, Mövlud üç dəfə üstümə hücum çəkib, o gəlməsəydi heç dava da olmazdı.

Azərin anası da hərdən məni qınayır. Mən hər şeyi başa düşürəm. Övladlarını itiriblər, ağır dərddir. Məni də başa düşmək lazımdır ki, hadisəni mən yox, Mövlud törədib. İndiyə kimi heç kiminlə davam olmayıb.

-Bu hadisədən sonra həyatınızda nə dəyişdi?

- Mən ötən yay ümumiyyətlə, məşq keçə bilmirdim. Sonra tək qalmayım deyə, tələbələrim dalımca gəlib-getdilər. Zala apardılar ki, başım qarışsın. Tələbələrim olmasaydı, indiyə kimi depressiyda olardım. Əvvəllər şəhərə çıxa bilmirdim. Utanırdım, çox pis hislər keçirirdim.

Azərin yas mərasimi günü vəziyyətim ağır idi. Qızdırma içində idim. Həkimlər yasa getməyə icazə vermirdilər. Ancaq mən getməli idim. Ölsəydim də, gedəcəkdim. Ayaq üstündə güclə dura-dura Azərin yasında iştirak etdim. Ondan sonra vəziyyətim daha da pisləşdi. Allah rəhmət eləsin. Kaş ki, Azərə heç nə olmayaydı.

-Müsahibəyə başlamazdan öncə, idmanla yanaşı Beynəlxalq Bankda da işlədiyinizi bildirdiniz...

-Bəli, 2001-ci ildən 2015-ci ilə qədər Beynəlxalq Bankda işləmişəm. İlk vaxtlar inkassator vəzifəsində çalışırdım. Daha sonra kredit şöbəsində, kredit fəaliyyətinə nəzarət departamentində işləyirdim. Problemli kreditlərə nəzarətə edirdim.



-Beynəlxalq Bankın həbsdə olan keçmiş sədri Cahangir Hacıyevlə tanışlığınız var idimi, yoxsa?

- Biz onunla birlikdə Ordu İdman Klubunda məşq edirdik. Onun kim olduğunu əvvəllər bilmirdim. Sonradan öyrəndim ki, Cahangir Hacıyev Beynəlxalq Bankın rəhbəridir. O, cüdo güləşilə məşğul olurdu. Cahangir Hacıyev sonradan mənə Beynəlxalq Bankda iş təklif etdi. Bankda iş qrafiki səhər saat 9-dan axşam saat 7-yə kimi idi. Bizim məşqlər isə 5-də başlayırdı. Cahangir müəllimə dedim ki, məşqlərimlə əlaqədar işləyə bilməyəcəyəm. Dedi ki, sənin iş qrafikin sərbəstdir. Bankda mənim üçün yaxşı şərait yaratmışdılar, həm işləyirdim, həm də məşqlərə gedirdim. Onunla yaxşı münasibətimiz var idi. Bildiyimə görə, o, həbsxanada da məşqlərini davam etdirir.



-Bankdakı işinizdən niyə ayrıldınız?

- Ötən ilin sentyabr ayında ərizə yazdım və bankdakı işimdən çıxdım. Heç ağlıma belə gətirməzdi ki, mən nə vaxtsa bankda işləyə bilərəm. Dəvət etdilər, mən də bu təklifi dəyərləndirdim və bankda işləməyə başladım.

-Tələbələriniz arasında məmur, vəzifəli şəxslərin övladları varmı?

- Mən heç vaxt tələbələrimdən kim olduğunu, hansı vəzifədə işlədiyini soruşmuram. Bunlar mənim üçün maraqlı deyil.

Rəhmətlik Azərlə də məşq edirdim. Ancaq əvvəllər heç bilmiridim ki, o kimidir, harada işləyir. Sonra onun bankda filial müdiri işlədiyini eşitdim.

Mən idman müəllimi işləsəm də, ixtisasca hüquqşünasam. Moskva Dövlət Sosiologiya Universitetində hüquqşünaslıq üzrə ali təhsil almışam.



Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti