İlham Əliyev Gürcüstana hədiyyə göndərib
Görüşdə SOCAR və Kvemo Kartli qubernatorluğu arasında Əməkdaşlıq Memorandumu da imzalanıb.
Daha sonra R.Abdullayev, şirkət rəhbərliyi təmsilçilərinin, Gürcüstanın elm va təhsil naziri Tamar Sanikidzenin, Kvemo Kartli bölgəsinin qubernatoru P.Xizanaşvilinin, Gürcüstan parlamentinin azərbaycanlı deputatlarının, habelə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseynin iştirakı ilə Marneuli rayonunun Ləjbəddin kəndində orta məktəbin əsaslı təmirdən sonra təntənəli açılışı olub. Bildirilib ki, məktəbdə təmir işləri SOCAR-ın Gürcüstan nümayəndəliyinin həyata keçirdiyi xeyriyyə layihəsi çərçivəsində reallaşdırılıb. Əsaslı təmir işlərinə 2015-ci ilin iyun ayında başlanıb, dərs ilinin əvvəlinə - sentyabr ayına sona çatdırılıb. İki mərtəbəli, 19 sinif otağından ibarət məktəbdə kitabxana, müəllimlər otağı, direktor kabineti, informatika kabineti, bufet fəaliyyət göstərir. Hazırda məktəbdə 130 şagird təhsil alır.
Qeyd olunub ki, təmir zamanı məktəbin qızdırıcı, santexnika, elektrik, su təchizatı sistemləri yenidən qurulub. Məktəb bütün lazımi tədris inventarı ilə təchiz edilmiş, ərazidəki futbol meydançası, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə və Ləjbəddin kəndinin yetirməsi, Azərbaycanın Milli Qəhrəmanı Səfərov Cəlil Əziz oğlunun abidəsi rekonstruksiya olunub.
SOCAR rəhbərliyi əsaslı təmirdə iştirak edənlərə minnətdarlığını bildirib, məktəb kollektivinə pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
AzVision.az