Azər Qəribin oğlu: `Atam deyirdi ki, pullu uşaqlarla dostluq eləmə` - Müsahibə

Azər Qəribin oğlu: `Atam deyirdi ki, pullu uşaqlarla dostluq eləmə` - Müsahibə
  23 Fevral 2016    Oxunub:100347
“Lazım olsa, fəhlə də işləyərəm. Burada ayıb nə var ki?”

AzVision.az-ın müsahibi gənc iş adamı Şaiq Qəribzadədir. Çoxları onu tanımasa da, Şaiq Qəribzadə Azərbaycanın tanınmış jurnalisti, blogger, səyahətçi Azər Qəribin oğludur. O, dünyanın ən böyük 4 express kuryer şirkətindən biri olan TNT şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəridir:

-1987-ci-ci ildə Bakı şəhərində anadan olmuşam. 2002-ci ildə bir illik proqramla Amerikanın Miçiqan ştatında yerləşən Saint Joseph High School-da təhsil almışam.

Orta məktəbi bitirdikdən sonra 2004-cü ildə Böyük Britaniyanın “Amec” şirkətində ştatdan kənar texniki köməkçi kimi işə başladım. Daha sonra “Caspian Links” adlı yerli şirkətdə marketinq üzrə menecer işləməyə qərar verdim. Orada dövlət təbdirlərinin, müxtəlif mərasimlərin keçirilməsi, piyar kampaniyaların təşkili ilə məşğul olurdum.

2013-ci ildə IDEA (International Dialogue for Environmental Actions) təşkilatında layihələr üzrə supervisor kimi fəaliyyətimi davam etdirdim. Leyla Əliyevanın rəhbəri olduğu İDEA təşkilatının bütün tədbirlərini biz təşkil edirdik. Rəhbərliyin tapşırıqlarına əsasən fərqli-fərqli layihələr hazırlayırdıq. Ekologiyanın qorunması ilə bağlı böyük layihələrimiz olub.

Bir müddət orada işlədikdən sonra dünyanın ən böyük kuriyer-çatdırılma şirkətlərindən biri olan TNT şirkətində iş təklifi aldım.

Artıq bir ay olar ki, TNT şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəriyəm.



- Gənc yaşında böyük bir şirkətə rəhbərlik etmək kənardan heç də asan görünmür.

-Bizdə belə bir fikir var, harada işləsək də, özümüz üçün iş qurmalıyıq. Qeyd etdiyim kimi, bu vəzifəyədək bir çox yerlərdə uğurlu işlərim olub. Bu vəzifə mənim üçün göydən düşmə deyil. Heç vaxt qarşıma məqsəd qoymamışam ki, şəxsi biznesim, şirkətim olsun. Əsas üzərinə düşən işi layiqincə yerinə yetirməkdir. Uğur insanın özündən asılıdır. Uğur qazanmaq üçün əziyyət çəkmək, çalışmaq lazımdır.

Rəhbər şəxs işdən qorxmamalıdır. Yalnız bir məqsədi olmalıdır: işləmək, daha çox çalışmaq. Bu stimulla yaşayan insanlar gec-tez uğur qazana bilirlər. 17 yaşımdan atkiv fəaliyyətlə məşğulam.

Mən digərlərindən fərqli olaraq müasir menecer olmağa çalışıram. Bir dəfə maraqlı bir hadisə baş verdi. İDEA-da yeni işə başlamışdım. EXPO mərkəzdə bizim kiçik pavilyonumuz var idi. Oraya nümayiş etdirmək üçün 3 ədəd böyük ağac gətirmişdik. Uşaqlarla birlikdə ağacları paviliyona daşımaq istədim. İşçilər mənə bildirdilər ki, siz rəhbərsiniz, bizə niyə kömək edirsiniz? Rəhbər o demək deyil, sən fərqlənməlisən, lazım olsa fəhlə kimi də işləmək olar. Müdir işçilərin həm dostu, həm rəhbəri olmalıdır.

- Sözünüzdən belə çıxır ki, lazım olsa kuriyerlikdə edərsiniz...

- Təbii ki, bu mənim üçün problem deyil. Kuriyerlərimiz ünvana vaxtında çatmayanda, narahat oluram. İşimdə problem çıxmasın deyə kuriyerlik də edib, işçilərə kömək edirəm. Burada qəbahət görmürəm. Yeni il ərəfəsində sifarişlərimiz çox idi. Mən də işçilərə qoşulub, kuriyerlik edirdim. Fikirləşirəm ki, işçilərim mənim bu hərəkətimə baxıb, daha yaxşı işləyəcəklər.



- Şirkətinizin fəaliyyəti nədən ibarətdir?

-TNT şirkəti Avropada ən böyük şəbəkəyə malik kuriyer şirkətidir. Biz əhalinin məktub və yüklərini dünyanın istənilən nöqtəsinə, ən qısa zamanda çatdırırıq. Biz “qapıdan-qapıya” prinsipi ilə işləyirik. Çalışırıq müştərilərimiz bizdən narazı qalmasınlar.

- Ölkəmizdən xaricə daha çox nə daşınır? Fəaliyyətiniz hansı ölkələri əhatə edir?

- Eksport baxımından siyahıya Rusiya, Almaniya, Gürcüstan və Türkiyə liderlik edir. İngiltərə, Türkiyə, Almaniya və İtaliyadan ölkəmizə yüklər göndərilir. Bizimlə daha çox neft sahəsində fəaliyyət göstərən şirkətlər əməkdaşlıq edirlər. İdxal olunan yüklər neft istehsalında istifadə olunan avadanlıqlar və ehtiyat hissələri üstünlük təşkil edir. Xarici şikrətlərin Azərbaycandakı nümayəndəlikləri də müştəriləmiz siyahısındadırlar. Bizim hər bir yükümüz siğortalanır.

Ermənistanda da TNT şirkətinin nümayəndəliyi fəaliyyət göstərir. Xaricdən işğal altında olan ərazilərə göndərilən yüklər Bakıya gəlir. Bu səbəbdən ermənilər tez-tez baş ofisə şikayət edirlər.

- Müsahibəyə başlayanda sizi gənc iş adamı, həm də Azər Qəribovun övladı kimi təqdim etdik. Atanız ölkədə kifayət qədər tanınan bir insandır. Azər Qəribovun övladı olmaq sizin üçün nə deməkdir?

- Valideynlərimə təşəkkür edirəm ki, mənə gözəl tərbiyyə veriblər. Bu başlıca şərtdir. Uğur varsa, bu ilk növbədə tərbiyyədən aslıdır. Bu günə qədər hörmət, dost qazanmışamsa, bu mənim tərbiyyəmdən irəli gəlir. Mənim hər iki babam ziyalı insan olub. Atam hər zaman qardaşım və mənə deyir ki, siz heç vaxt kimlərin nəvəsi olduğunuzu unutmayın və onlara layiq olun. Bu sözlər mənim üçün həmişə önəmli olub. Atdığım hər bir addımda ailəmi düşünmüşəm. Sözün düzü, atamdan çox babalarım mənim üçün nümunə olub.

- Atanızla münasibətiniz necədir? İşlərinizə müdaxilə edirmi?

- Atam tanınmış insan olsa da, onun adından heç vaxt istifadə etməmişəm. Məni atama görə işə götürməyiblər, özüm çalışmışam. İndi çox adam valideynlərinin, qohumlarının hesabına yaxşı iş qura bilir. Amma mən öz zəhmətimlə çalışıb, bu pilləyə qalxmışam. Çoxları bəlkə də, haqqımda başqa fikirlər səsləndirirlər. Şükürlər olsun ki, mən varlı ailədə böyüməmişəm. Bizim gözümüz toxdur. Kimisi atasına, kimisi qayınatasına güvənir. Həyatımdan razıyam, normal işim, ailəm, 4 yaşında oğlum var.



-Azər Qərib necə atadır?

-Ata olmaq gözəl hisdir. Uşaq vaxtı valideynlərimizə əsəbləşirik, küsüb-inciyirik. İndi gənc ata olaraq fikirləşirəm ki, valideynlərimin mənə verdiklərinin 80 faizini övladıma verə biləsəm, Allaha şükür edərəm. Pis ata olmamağa çalışıram. Ailəmə bağlıyam.

- Nəzərə alsaq ki, Amerikada yaşamısınız, bu sizin ailə dəyərlərinizə necə təsir edib?

- Amerikada ailə strukturu tam fərqlidir. Onlardan örnək götürüləsi məqamlar da çoxdur. Birincisi, hər kəs öz həyatını yaşayır. Heç kimə maraqlı deyil, sən kimsən, hansı işlə məşğulsan, nə geyinirsən. Amerikada valideynlər 17-18 yaşları olanda övladlarına azadlıq verirlər. Bizdə isə tamam fərqlidir. Uşağa nə qədər azadlıq versən, bir o qədər yaxşıdır. Bizim ailə dəyərlərimiz daha möhkəmdir. İnsanlara, böyüklərə hörmət əsas məsələdir. Bu cəhətdən onlarda problemlər mövcuddur. Amerikada ata özü üçün, övlad özü üçün yaşayır.

- Müsahibə zamanı sizə atanızla bağlı bir neçə dəfə sual versəm də, siz nədənsə yayınmağa çalışdınız. Görünür, münasibətləriniz o qədər də yaxşı deyil.

- Bu təmamilə səhv fikirdi. Münasibətimiz əladı. Sadəcə heç vaxt heç bir işimi atamın kim olduğu üzərində qurmağı çalışmamışam. Atama həmişə böyük hörmətim var. Səhv addımlarımız olanda, atam bizi danlayıb, düzgün yolu göstərib. Heç vaxt bizə əl qaldırmayıb, onun hirsli baxışı bizə səhv etdiyimizi başa düşmək üçün kifayət edirdi. Atam tanınmış insan olsa da, evdə heç vaxt bunu hiss etdirməyib.

- Eşitdiyimizə görə, atanız iki dəfə ailə qurub.

-Bəli, o, iki dəfə ailə həyatı qurub. Qardaşım və mən birinci ailənin övladlarıyıq. Atamın ikinci ailədən övladı yoxdur. Valideynlərin boşanması övladlara böyük zərbədir. Uşaq olanda bu mənə pis təsir edirdi. İndi hesab edirəm ki, valideynlərimin sağ-salamat qalmaları üçün bu vaxtında atılmış ən yaxşı addım olub. İndiyə kimi bu barədə heç kimlə danışmamışam. Həyatdır, bilmək olmur. Bəlkə də belə məsləhət imiş. Boşanmaq ən axırıncı yoldur, ancaq mümkünsüz yol deyil. Atamız heç vaxt bizdən ayrı yaşamağını bizə hiss etdirməyib.

-Ananızla münasibətiniz necədir?

- Anam hazırda qardaşımla yaşayır. Həyatda iki-üç insan var ki, onlar həmişə yanımızdadır. Ana heç vaxt satmaz, üzünü çevirməz. İnsan düzgün hərəkət etməsə də ana ondan üz döndərməz. Deyirlər boşandıqdan sonra tərəflər arasında münasibət qalmır, ancaq bu fikir mənim valideynlərimə aid deyil.

- Bir az da şəxsi həyatınızdan danışaq. Kimlərlə dostluq edirsiniz? Onların arasında məmur övladları da varmı?

- Məmur övladı olmaq heç də pis deyil. Kim bilir bəlkə nə vaxtsa, mənə də məmur olmaq təklifi gəldi. Məmur övladı olan dostlarım çoxdur. Hətta deyim ki, nazir övladları ilə bir məktəbdə oxumuşuq, bir yerdə böyümüşük. Məmur övladı da bizlərdən biridir. Elə insanlar var ki, pul görəndə özlərini itirirlər, əsası bunu etməməkdi.

Məktəb illərində bir məmur uşağı ilə dostluq edirdim. Atam bir gün məni kənara çəkib dedi ki, onunla dostluq eləmə. Səbəbini soruşanda maraqlı cavab verdi: Ona görə yox ki, o məmur uşağıdır, pisdir. Əgər siz bir bahalı restorana getsəniz, o, sənin yerinə ödəniş edəcək və sən onun yanında borclu qalacaqsan.

Mən belə bir mühitdə böyümüşəm. Elə gənclər tanıyıram ki, onlar məmur övladlarının hesabına xaricdə gəzir, bahalı maşınlar sürürlər. Bizim üçün bu sadəcə mümkünsüz olub.

Mən sadə həyat yaşamağı sevirəm. Hətta, işdə mənə müəllim deyə müraciət edəndə narazılıq edirəm. Tapşırıram ki, mənə müəllim deməyin.



-Siz də atanız kimi səyahətə çıxmağı sevirsiniz?

-Səyat sevqi bizim qanımızdadı (gülür). Atamdan soruşurlar ki, səyahət etməyi niyə sevirsən? O isə cavab verir ki, atası onları vaxtında çox gəzdirdiyi üçün bu gün səyahət etməyi sevir. Atam ilk dəfə doqquz yaşım olanda məni Dubaya aparmışdı. İndi imkan olan kimi, xarici ölkələrdə futbol izləməyə gedirəm.

- Sonda gənclərə nə demək istərdiniz?

- Gənclər parlaq gələcək qurmaq istəyirlərsə, yaxşı təhsil almalıdırlar. İşdən heç vaxt qorxmasınlar. Hətta bir-iki ay pulsuz işləsələr də, bundan çəkinməsinlər. Sonra potensialları üzə çıxacaq və işə qəbul olunacaqlar. Yeni işə başlayan gənclər fikirləşirlər ki, 200 manat maaşla yaşaya bilmərəm. İşdə uğur qazanmaq üçün pulu düşünmək doğru deyil. Sən özünü doğruldandan sonra yaxşı pul da qazana biləcəksən. Bəlkə də inanmayacaqsınız, mən ilk işimdə 180 manat maaş alırdım. Maaşım az olsa da işimi sevirdim.



Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az


Teqlər:  





Xəbər lenti