Azərbaycana təzyiqlərin səbəbi: `İpək Yolu`nun siyasi yükü – TƏHLİL

Azərbaycana təzyiqlərin səbəbi: `İpək Yolu`nun siyasi yükü – TƏHLİL
  25 Dekabr 2015    Oxunub:28332
ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smitin “Azərbaycan demokratiya aktı 2015” adlı layihəni irəli sürməsinə cavab olaraq, Azərbaycan Parlamentinə "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" adlı qanun layihəsinin təqdim olunması kənardan hər necə görünsə də, əslində hazırkı məqamda geosiyasi reallıqlardan irəli gələn düşünülmüş gediş kimi qiymətləndirilə bilər.

Qeyd edək ki, Smitin qanun layihəsində Azərbaycanda demokratiyanın vəziyyəti pislənilir, bu səbəbdən Azərbaycanla münasibətlərə yenidən baxılması və ədliyyə sahəsində çalışan bir sıra yüksək ranqlı məmurlara qarşı sanksiyaların tətbiqi tövsiyə olunur. Milli Məslisin Amerikaya qarşı müzakirəyə çıxardığı anoloji qanun layihəsi də ABŞ-da insan hüquqlarının pozulmasından söz açır və sanksiyaların tətbiqini ön görür.

Hələ ki, heç bir layihə parlamentlər tərəfindən qəbul olunmasa da, bu məsələlər geniş müzakirə obyektinə çevrilib.

Təbii ki, Azərbaycanın siyasi hakimiyyəti bu tip qanun layihəsini müzakirəyə çıxarmaqla hansısa mənada Amerika kimi qüdrətli dövlətə təsir göstərə bilməyəcəyini gözəl anlayır. Hətta bunu da əminliklə demək olar ki, heç Azərbaycanın belə bir məqsədi də yoxdur. Eynilə, Amerikanın bu yolla Azərbaycana böyük anlamda ciddi zərbə vurmaq niyyətində olduğunu düşünmək sadəlövhlük olar. Düzdür, bununla Azərbaycanın beynəlxalq imicinin zədələndiyi inkar edilməməlidir. Lakin böyük siyasətdə böyük nailiyyət əldə etmək üçün bəzən müəyyən itkilərlə barışılması labüddür.

Hazırkı gərginliyin yaranma səbəbi isə Böyük İpək Yolu ilə bağlı ola bilər.

Prezident İlham Əliyevin Çinə səfərindən sonra Azərbaycanla Çin arasında Böyük İpək yolu ilə bağlı ilkin razılaşma əldə olundu. Bu, o dəmək idi ki, təqribən 400-600 milyard avroluq ticari dövriyyəsi olacağı gözlənilən Qərb-Şərq marşrutu Rusiya, yaxud İrandan deyil, məhz Azərbaycandan keçəcək.

Rusiyanın Böyük İpək Yolu layihəsindən kənar düşməsi bu ölkənin mətbuatında geniş müzakirə obyektinə çevrildi və Kremlin böyük bir geoiqtisadi layihəni qaçırdığı barədə ittihamlar səslənməyə başlandı. Rusların narazı qalmaları başadüşüləndir. Belə ki, İpək yolu ilə bağlı ilkin olaraq Rusiyanın da daxil olduğu 3 fərqli marşrut Pekin tərəfindən nəzərdən keçirilirdi. Lakin son anda lazımi infrastrukturun hazır olması, Türkiyə və Avropanın mövqeyi nəzərə alınmaqla Qafqaz marşrutuna üstünlük verildi.

Yaranmış vəziyyət Kremli dərhal hərəkətə keçirdi və baş nazir Dmitri Medvedyev Çinə səfərə yollandı. O, anoloji danışıqlar aparsa da, uğur əldə edə bilmədi. Baş nazirin səfərindən sonra Çinin rəsmi informasiya agentliyi olan `Sinxua`da çıxmış təhlildə Rusiyanın iqtisadiyyatı ilə bağlı bədbin proqnozlar verilirdi. Bu, əslində, Pekinin Moskva ilə İpək Yolu məsələsində anlaşa bilmədiyinə işarə idi.

Rusiyanın belə bir layihədən kənar düşməsi Kremlin qəzəbinə səbəb ola və Azərbaycana qarşı proqnozlaşdırılmayan təzyiqlərin göstərilməsinə gətirib çıxara bilər. Təbii ki, Böyük İpək Yolunun Çinlə bağlı olması Azərbaycanı müəyyən qədər Rusiyanın təhlükəsindən sığortalayır. Yəni, Moskvanın Çinlə münasibətləri pozmamaq üçün marşrut keçən ölkələrə bu mənada təzyiq göstərməyəcəyi daha inandırıcıdır. Lakin son dövrlər baş verən hadisələr göstərir ki, Rusiya bəzi hallarda beynəlxalq münasibətlərdə sonrakı fəsadlarını nəzərə almadan emosional qərarlar verir. Buna görə, Moskvanın Çinlə münasibətləri nəzərə almadan Böyük İpək Yoluna əngəl törətməsi də istisna hal deyil.

Belə bir vəziyyətdə Azərbaycanın edə biləcəyi Rusiya ilə eyni cəbhədə olduğunu praktik şəkildə sərgiləməklə Böyük İpək Yolunu sırf iqtisadi maraqlar üçün həyata keçirildiyini, İpək Yolunun bir istiqamətinin çəkilməsinin heç də digər istiqaməti inkar etmədiyini Moskvaya göstərməkdir. Yəni, Azərbaycandan keçəcək İpək Yolu istiqamətlərdən biridir və növbəti istiqamət kimi Rusiya ərazisindən marşrutun çəkiləməsi mümkündür.

Əslində Rusiyanın qəzəblənməsi və İpək Yoluna zərər vurması Amerikanın qlobal anlamda maraqlarına uyğun gəlir. Söhbət ondan gedir ki, Çinin əsas ticari limanları yerləşən Cənubi Çin dənizində gərgin hərbi vəziyyət yaranıb. Mübahisəli adalarla bağlı Çinlə digər sahilyanı dövlətlər arasında gərginliyin yaşanması və Amerikanın həmin dövlətlərə dəstək verməklə yanaşı, hərbi gəmilərini Cənubi Çin dənizinə göndərməsi onu göstərir ki, Vaşinqton məqsədli şəkildə ticari yollarda tıxac yaradır. Çin iqtisadiyyatının sürətli inkişafı onsuz da ABŞ-ı narahat edirdi.

Üstəgəl, Rusiyaya təzyiq fonunda neftin qiymətlərinin aşağı salınması Amerika ilə yanaşı, Çinin də iqtisadiyyatının yüksəlməsinə səbəb olacaq. Belə bir məqamda Çinin alternativ ticarət marşrutu əldə etməsi və ticari mübadiləni əsasən Böyük İpək Yolu ilə həyata keçirməsi, dəniz yolu ilə isə daha çox neft və neft məhsullarının idxalını artırması Pekin üçün iqtisadiyyatın əlavə inkişaf şansı qazanması deməkdir. Təbii ki, Amerika Çinin neft məhsullarının qiymətinin düşməsindən öz xeyrinə istifadə etməsini istəmir. Bu mənada, İpək Yolunun belə tezliklə işə düşməsi Vaşinqtonun da ürəyincə deyil.

Bu nöqteyi-nəzərdən yanaşıldıqda Amerikanın Azərbaycana təzyiq göstərməsi başadüşüləndir. Rusiyanın Azərbaycan və Qazaxıstanın İpək Yoluna qoşulmasına qısqanclıqla yanaşıb, marşruta hansısa mənada ziyan verməsi Çinin mənfi reaksiyasına səbəb olacaq və Pekinlə Moskvanın münasibətləri pisləşəcək. Belə olan halda, Rusiyanın çökməkdə olan iqtisadiyyatı tam məhv ola bilər. Çin isə öz mallarının ixracı üçün alternativ marşrutdan müvəqqəti məhrum olacaq. Digər tərəfdən, dənizdə də gərginliyin artması Çini qoymayacaq ki, neftin qiymətlərinin aşağı düşməsindən faydalanıb, öz iqtisadi gücünü artırsın. Çünki Çin istehsal etdiyi malları sata bilməməklə yanaşı, neftin idxalını da genişləndirə bilməyəcək.

Bütün bu proseslər zamanı kiçik Azərbaycanın da ziyan görməsi Amerikanı bir o qədər də narahat etmir. Azərbaycan çoxtərəfli gedişlər həyata keçirməklə bir tərəfdən təhlükəsizliyini təmin etməyə, digər tərəfdən neftin qiymətinin düşdüyü halda belə, iqtisadi gəlir qazanmağa çalışır.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti