Qlobal böhranların generatoru - ABŞ-ın vəhşi tarixi

Qlobal böhranların generatoru - ABŞ-ın vəhşi tarixi
  24 Dekabr 2015    Oxunub:4707
19-cu əsrin ikinci yarısında ABŞ-da yeni sənayeləşmə ilə bağlı şirkətlər vardı və hamısının bazasında yerlilərdən alınan torpaqlar, ucuz işçi qüvvəsi dayanırdı. 1924-cü ildən sonra elan olunan 5 illik stabillik xətti ilə ölkədə şirkətlər böyüməyə başladı. İdxalı tamamilə dayandırdılar, baxmayaraq ki, Avropadakı müttəfiqləri tərəfindən dəyər-dəyməzinə ölkəyə mal gətirilirdi. Tamamilə ixrac yönəlik qərarlar nəticəsində Amerika dünyanın ən böyük kreditoru oldu.

Avtomobil səneyisi, elektrik mühəndisliyi və maşınqayırma ilə bağlı ixtisaslı kadrları vədlər verərək ölkəyə gətirdilər. Ancaq yeni sahələrin istehsal etdiyi məhsulların tələbatının çoxluğu çeklərin spekuliyativ dəyişikliyinə səbəb olurdu. Nəticədə özünün daxili təaltümlərini ödəmək xatirinə verdiyi kreditləri dayandıran ABŞ rəhbərliyi bütün maliyyəni Nyu York Birjasına yönəltdi.

İyirminci əsrin əvvəllərində istehsalat və ixracat yaxşı səviyyədə olsa da, əhalinin böyük hissəsi hələ də kasıb idi. Sonralar bəlli olacaqdı ki, xalqın kasıblığı xarici müharibələrə və beyin mərkəzlərinə pulların axması ilə bağlı idi. Leybnits Qərb insanının intibahdan sonra tamamilə mənfəət düşüncəli olduğunu söyləyirdi. Amerika birjalarının pulla davranışlarının kökündə psixologiyanın varlanmağa istiqamətlənməsi dayanırdı.

1925-ci ildə Florida bölgəsi öz mülayim iqlimi və bərəkətli torpaqları ilə daşınmaz əmlak biznesinin mərkəzi olmağa başlayır. Floridanın güclü turist zonası olacağını düşünən daxili və xarici iş adamları ora böyük maya sərf etdi, çünki tətil mərkəzlərinin yaranacağına inam möhkəm idi və hamıda bu inanc sayəsində varlanmaq ehtirası daha da qızışırdı. 1928-ci ildə Floridada baş verən təbii fəlakət bütün planları məhv etdi. Qasırğa yüzlərlə inasanın ölümünə, dağntılara, tikintilərin uçmasına və bölgənin imicinə zərbə vurdu. Bütün daşınmaz əmlak sahibləri öz mülklərini maya dəyərindən qat-qat aşağı qiymətə satmağa çalışdı, alıcılıq qabiliyyəti minimum olduğundan ölkəni düşdüyü vəziyyətdən xilas etmənin yolları axtarılmağa başlandı. Eyni vaxtda başqa bölgələrdən gələn gəlirlər Floridanın dırçəldilməsinə yönəlir və büdcə indeksində ciddi kəsirlər formalaşmağa başlayırdı.

Birinci Dünya Müharibəsi illərində kiçik sahibkarlıq tamamilə zəifləyir. Ölkə rəhbərliyinin başı xarici ədavətlərə qarışmışdı çünki. Buna görə, o illərdə kiçik sahibkarlıq subyektləri birləşərək, konsernlər yaratmağa cəhdlər etdi. 1930-cu ildə ABŞ iqtisadiyyatının tən yarısı iri holdinqlərdən asılı idi, belə ki, bu holdinqlərdən hər hansı birində baş verəcək silkələnmə bütün ölkə iqtisadiyyatının təlatüm keçirməsinə səbəb ola bilərdi.

Bundan başqa, ABŞ nə qədər kredit ölkəsi kimi formalaşmağa başlasa da, bankların və kredit verən maliyyə qurumlarının fəaliyyətini tənzimləyəcək doğru-dürüst qanunlar da yox idi. Sahibkarlar gəlir düşündüyü sahələrə etdiyi kapital qoyuluşunun heç bir sığortasına malik deyildilər. Liberal nəzəriyyəçilərin əsas tezisi olan dövlət müdaxiləsi olmayan liberal iqtisadiyyat səfsəfəsi ölkədə ciddi boşluğa səbəb olmağa başlayırdı. 1920-ci ildə ABŞ-ın keçdiyi liberal iqtisadi model ölkəyə və bütün dünyaya ağır nəticələr verdi, sonralar müdaxilələr edilməyə çalışılsa da, çox gec oldu və beləliklə, ölkə iqtisadiyyatı süqutdan qurtulmaq üçün xarici müdaxilədən sakit iqtisadi istismarın yeni modelləri üzərində işləməyə başladı.

1929-cu ilə qədər Nyu York birjası güclü olsa da, həmin il vəziyyət nəzarətdən çıxmağa başladı. Xarici sərmayədarlar bütün qiymətli kağızlarını satandan sonra tarixə düşən “qara cümə ertəsi” prosesi start götürdü. 1929-cu ildə 4 milyarddan yuxarı dollar yoxa çıxdı, 4 mindən çox bank iflas etdi, bir çox insanın bankda saxladığı əmanətləri geri qaytarılmadı. Həmin çətin illərdə yerli əhali vəziyyətdən çıxış kimi kənd təsərrüfatına meyilləndi.

Bir çox insan dəyişmək yolunu tutaraq becərdikləri məhsulları bir-biri ilə dəyişir və yaşamağa çalışırdı. İqitisadi böhran bütün dünya ölkələrinə sıçradı və 10 il davam etdi. ABŞ-ın təsiri ilə krizis bütün ölkələrə təsir göstərdi və dünya sənaye istehsalı ilə birjaların, maliyyə fondlarının geriləməsi eyni anda baş verdi. Dövlətin müdaxiləsinin vacibliyinə əmin olan amerikan xalqı və dünyadakı bir çox xalqlar ABŞ-dan iqtisadiyyata dövlət müdaxiləsini tələb etməyə başladılar, Ruzveltin siyasi islahatları və ABŞ-ın xarici siyasətdən öz daxilinə dönməyi nəticəsində yeni islahatlar paketi hazırlandı.

“Nyu Diil” adlanan proqramlar nəticəsində dövlət iqtisadi dayanıqlılığı qorumağa nail oldu. Xalq prosesdə dövlətin yanında yer alaraq, onun müdaxiləsinin varlığına ehtiyac duydu. Sonda isə, 1929-cu il böhranı ABŞ-ın tək özünün yox, bütün iqtisadi sistemləri sıradan çıxan xalqların dirçəlməsinə səbəb oldu, əvvəlcə Almaniya, sonra Balkanlar, Mərkəzi Avropa, sırası ilə bütün ölkələr yeni bir yola qədəm qoydular.

Hər milli valyutanın çöküşü daxili idarəçilikdən daha çox geopolitik hadisələrlə və xarici təsirlərlə birbaşa bağlıdır. ABŞ-ın hərbi jandarm vəzifəsinə niyyətlənməsi nəticəsində İraq, Əfqanıstanı işğal etməsi, Suriyaya müdaxiləsi sistematik olaraq imperializmin dağıdıcı mahiyyətini ortaya qoyur. Hələlik dolların məzənnə dəyəri üzərində gedişlər edən Qərb bankirləri bütün dünyaya təsir göstərən bu əməllərin bir gün özlərini də ağır duruma salacağını anlamaq istəmirlər. Halbuki, indi Hoover iqtidarının səhvlərini restavrasiya edəcək yeni bir Ruzvelt yoxdur və Obamaya alternativ görünən Donald Tramp və digərləri daha sərt kapitalizm ritorikası ilə fərqlənir.

ABŞ-ın dünyadakı bazarlara nəzarət mexanizmləri gücləndikcə yeni qlobal təhdidlərə rəvac verildi. Öncə maliyyə qaynaqları əridi, daha sonra birjalardakı 2007-ci il tənəzzülü hazırkı mənzərəni doğurdu. 2 trilyondan çox sərmayə buxarlanaraq, dünya iqtisadiyyatından qeybə çəkildi.

Krizis küləklərinin əsdiyi illərdə dünya birjaları 25 faiz dəyər itirdi. ABŞ-ın özündə inşaat sektoru 25 faiz kiçilib və bu kiçilmənin daha da genişlənəcəyi söylənilir. Özünü daimi krizislərdən qorumaq üçün ABŞ ortaqlıqlar axtarışına başladı və təəssüf ki, Şərqin ümid qapısı sayılan Çin milyardlarla dollar həcmindəki ixracının 21 faizini ABŞ-a, 18 faizini isə Avropa Birliyi ölkələrinə edir. Hətta bu yaxınlarda Çin Mərkəzi Bankının bir açıqlaması bütün Çinlə bağlı olan pozitiv ümidləri sıfırladı. Çin bank rəhbərlərinin gəldiyi ortaq qənaət bu oldu ki, ABŞ-a ixrac azalarsa, bizim üçün çox pis olar.

Bizim şansımıza çox ağır bir dövr düşüb. Rublun, qazax tengesinin, liranın, bizim manatın devalvasiyaya uğramalarının hamısı imperialist mərkəzlərin fəaliyyət ssenarilərinin nəticəsidir. Marks deyirdi, təmkinli olmadıqca kapitalist aclıq insanların səfalət doğucusu olacaq. 1929-cu il böhranından bu yana baş verən mənzərələr həmişə eyni olub, yanlış siyasi qərarlar üzündən öncə daxili sarsıntılar baş verir, sonra bu sarsıntıları kompensasiya etmək üçün yeni taktiki fəaliyyət sferaları hazırlanır, valyutalar tərpənməyə başlayır, ABŞ valyutası görünmədən dəyər qazanır, hamının diqqət mərkəzi əsas səbəbdən yayınır və yenə imperialist maraqlar hadisələrin mahiyyətini öz üzərindən daxili iqtidarların üzərinə ataraq bir daşla iki hədəfi vurmağa nail olur. Qazanan yenə ABŞ, itirən isə insanlar...

Tural İsmayılov
AzVision.az


Teqlər:  





Xəbər lenti