Niyə NABUKKO yox, TAP? – TƏHLİL

Niyə NABUKKO yox, TAP? – TƏHLİL
  29 İyun 2013    Oxunub:3195
Sahib Alıyev
AzVision.az üçün

Görəsən, NABUKKO-ya deyil, TAP-a üstünlük verilməsi birinci marşrutun reallaşmasında maraqlı olan ölkələri bizdən incik salmayacaq ki?.. Yəqin, bu sual çoxlarını narahat edir. Özəlliklə də söhbət son zamanlar sıx ilişgilər qurduğumuz ölkələrdən gedirsə.

Onlardan biri də Rumıniyadır və həmin Rumıniyanın Baş naziri Viktor Pontan bu həftə Azərbaycanda səfərdə idi. Prezident İlham Əliyevlə görüşdən sonra onun bir açıqlaması diqqət çəkdi. O, ölkəsinin Azərbaycanın Avropa Birliyindəki ən yaxın dostlarından biri olaraq qalmaqda davam edəcəyini bildirdi. Məncə, bu cavab az öncə səslənən sual üçün yetərli sayıla bilər.

ABŞ Dövlət Departamenti Azərbaycan qazının TransAdriatik boru xəttilə nəqli marşrutunun seçilməsini alqışlayan bəyanat dərc edib. Bəyanatda deyilir: “Cənub dəhlizi” layihəsi Avropanı qazla təchiz etməyə istiqamətlənsə də, qlobal enerji təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli töhfə verir”. Birləşmiş Ştatlar “Cənub dəhlizi” layihəsinin əhəmiyyətini belə geniş kontekstdə vurğulayır. Biz Azərbaycan hökumətini və “Şahdəniz” konsorsiumunu bu uğurla bağlı təbrik edirik”.

ABŞ Dövlət Departamentinin təmsilçisi Patrik Ventrell isə ayrıca açıqlama verərək, «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün TAP kəmərinin seçilməsini Azərbaycanın nəhəng uğuru və Xəzər qazını avropalı istehlakçılara çatdıracaq Cənub Qaz Dəhlizinin reallaşdırılması yolunda böyük addım adlandırıb. Yeri gəlmişkən, bunula bağlı keçirilən tədbirdə Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morniqstar da çıxış edərək öz təbriklərini çatdırmışdı. Onun çıxışında maraqlı bir detal vardı.

Cənab Morninqstar bildirib ki, ölkəsi TAP-la NABUKKO arasında seçim məsələsində neytral qalıb. İsveçrədə çıxan məşhur almandilli “Noye Tsürxer Tsaytunq” qəzeti isə öz növbəsində bu seçimə yanaşmada Avropa Birliyinin neytral mövqe tutduğundan yazır. Amma məqalədən belə anlaşılılır ki, bu neytrallıq öz xoşuna olmayıb. Aparılan uzun danışıqlardan sonra Azərbaycan bu qurumu neytrallaşdırıb və axırda da öz maraqlarına hansı marşrut daha çox cavab verirsə, onun da üzərində dayanıb.

Bu həftə bizim bəzi ekspertlər TAP layihəsinə üstünlük verilməsinin arxasında bp-nin dayandığını deyirdilər. Bəziləri isə atılan bu addımı Türkiyənin adına yazır və beləliklə də, rəsmi Ankaranın guya son zamanlar sərgilədiyi mövqeyə görə Almaniya kanslerini cəzalandırdıqlarını bildirirdilər. Maraqlıdır, hansı cəzalandırmadan söhbət gedir? Axı üstünlük verilən boru xəttini çəkənlərdən biri də Alman şirkətidir.

Bu yerdə onu deyək ki, İtaliyanın baş naziri Enriko Leta «New Europe» qəzetinə verdiyi intervüdə bildirib ki, yaxın zamanlarda Azərbaycana gələcək. Gəlin görək, niyə gələcək. Onun dediklərini olduğu kimi sizə çatdırıram: “TAP gələcək üçün strateji əhəmiyyət daşıyır. Bu, bizim ölkə üçün böyük uğurdur. Mən tezliklə Azərbaycan hökumətinə təşəkkür etmək, eləcə də layihənin gələcəyilə bağlı danışıqlar aparmaq üçün Bakıya gedəcəyəm. Bu seçim bizim üçün təkcə enerji nöqteyi-nəzərindən dəyərli deyil, həm də strateji əhəmiyyətə malikdir. Çünki Qafqaz dünyanın dinamik inkişaf edən regionlarından biridir. Əgər söhbət yeni iş yerlərinin açılmasından gedirsə, TAP layihəyə cəlb olunmuş bütün ölkələrə və şirkətlərə böyük təsir göstərəcək”.

Anlaşıldı, deyilmi? İtaliyanın baş naziri ölkəsindən keçəcək TAP kəmərinə üstünlük verildiyinə görə nə “Britiş Petrolium”a, nə Türkiyəyə deyil, Azərbaycana təşəkkür etmək fikrindədir və buna görə də Bakıya gəlməyi planlaşdırır. Beləliklə, İtaliyanın baş nazirinin bu açıqlamsı da göstərir ki, danışıqların bütün detallarından xəbərdar olan “Noye Tsürxer Tsaytunq” qəzeti həqiqət necədirsə, o cür də yazıb. Qəzetdə bu yazı “Nabukko qeşaytert”, «Di Lanqe Laytunq», yəni «Nabukko iflasa uğradı», “Süründürməçilik” adlı başlıq altında verilib.

Beləliklə, seçilən marşrut hər baxımdan Azərbaycanın maraqlarına cavab verir. Yazılanlara onu da əlavə etməliyik ki, Azərbaycan bu marşruta üstünlük verməmişdən öncə onun keçəcəyi ölkələrdən birinin, yəni Yunanıstanın qazpaylayıcı şəbəkələrinin səhmlərinin 66 faizini satın aldı.

Indi “Niyə NABUKKO yox, məhz TAP?” sualına tam cavab vermək olar.

Birincisi, ona görə ki, iqtisadi baxımdan bu, daha əlverişlidir.
İkincisi, bu layiəhənin geosiyasi çəkisi ilk baxışda NABUKKO-dan az görünsə də, əksinə, daha ağırdır. Ona görə ağırdır ki, belə bir layihə ilə Azərbaycan bir tərəfdən təbii olaraq ermənilərə müttəfiqlik duyğuları içində yaşayan Yunanıstanı neytarllaşdırır. Və Avropa Birliyi üçün böyük başağrısına çevirilən bu ölkədə yeni iş yerlərinin açılmasına şərait yaratmaqla bütövlükdə qurumun yükünü azaldır. Bununla da təkcə regionda deyil, onun sərhədlərindən çox-çox uzaqlarda da stabilləşdirici rol oynamaq gücündə olduğunu sərgiləyir.

Çatışmazlıq kimi NABUKKO-dan fərqli olaraq TAP-ın daha az ölkəni birləşdirdiyi vurğulanır. Amma məsələ burasındadır ki, TAP-dan gələcəkdə bir qol ayırıb Bolqarıstan, Çernoqoriya, Bosniya və Xorvatiyanın da Azərbaycan qazıyla təmin edilməsi gündəmdədir. Bu məsələdə də hər şeyi məhz Bakı müəyyənləşdirəcək. Çox ehtimal ki, həmin ölkələrlə aparılan danışıqlarda da diqqət mərkəzində olan məsələlərdən biri onların qazpaylayıcı şəbəkələrinə çıxış olacaq. Bu, Azərbaycana həm satdığı qazdan daha çox dvidend götürmək, həm də həmin ölkələrə üzərində təsir imkanı verir. Uğurlu və ağılı xarici siyasət, bax, budur.


Teqlər:





Xəbər lenti