`Atam gəlməyincə ailə qurmaram` - Dilqəm Əsgərovun oğlu (MÜSAHİBƏ)

`Atam gəlməyincə ailə qurmaram` - Dilqəm Əsgərovun oğlu (MÜSAHİBƏ)
  23 Noyabr 2015    Oxunub:27783
Ermənilər tərəfindən Kəlbəcər rayonunda girov götürülən Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun AzVision.az-a müsahibəsi:

-Bu yaxınlarda Moskvaya getmişdiniz. Səfər nə ilə bağlı idi? Sizin Azərbaycanı birdəfəlik tərk etdiyinizi deyirdilər.

- Düzdür, Rusiyaya getmişdim, amma Azərbaycandan birdəfəlik çıxmaq kimi niyyətim yoxdur. Rusiyaya bir həftəlik getmişdim. Səfərimin məqsədi əmimin məhkəməsində iştirak etmək idi.

- Mətbuatdan izlədiyimiz kimi, Dilqəm Əsgərov Kəlbəcərə bir neçə dəfə gedərək öz doğmalarının məzarını ziyarət edib. Ailənizin Dilqəmin Kəlbəcərə getməsindən xəbəri olurdumu?

- Atam Kəlbəcər həsrəti ilə yaşayırdı. O, Kəlbəcərdən söz düşəndə ora getmək istədiyini deyirdi. Atamın Kəlbəcərə getdiyini heç kim bilmirdi, geri dönəndən sonra məlumatımız olurdu. Axırıncı dəfə oturub nahar edirdik, atam babamla görüşmək istədiyini deyərək getdi.

-Sonuncu dəfə Kəlbəcərə gedəndə xəbəriniz var idimi?

- Xeyr, xəbərimiz yox idi. Anam ondan şübhələnirdi. Evdə oturanda Kəlbəcərdə çəkdiyi kasetlərə baxırdı. O zaman bilirdik ki, atam Kəlbəcərə gedib.

-Dilqəm Əsgərovun Şahbaz Quliyev və Həsən Həsənovla yanaşı başqa bir şəxslə də Kəlbəcərə getdiyi haqda məlumatlar yayılmışdı. İndi o, şəxs hardadır, əlaqəniz var onunla?

-Atam Kəlbəcərə birinci dəfə Hidayət adlı bir nəfərlə getmişdi. Onun oğlu da itkin düşmüşdü. O, keçən ilə kimi Yevlaxda yaşayırdı. Səhv etmirəmsə, dünyasını dəyişib. İkinci dəfə isə atam qohumu Rəfi ilə gedib. O da bu yaxınlarda avtomobil qəzasında dünyasını dəyişib.

Mən bir məsələni qeyd etmək istərdim. Dilqəm Əsgərovla Şahbaz Quliyevin üzərində qurulan qondarma məhkəmə zamanı atam haqda yazılan kitabdan danışılıb. Qondarma məhkəmədə atamdan soruşublar ki, bu kitabda ermənilərə qarşı böyük nifrət var. Atam da cavab verib ki, kitabı mən yazmamışam, gedin müəllifdən soruşun. Maraqlıdır ki, bu kitab ermənilərin əlinə necə düşüb?

- Dilqəmgilin girov düşdüyünü ilk dəfə kimdən öyrəndiniz?

-Mətbuatdan eşitdik. İlk dəfə Şahbazın şəklini gördük.

-Erməni tərəfi iddia edir ki, Dilqəm Əsgərov və Şahbaz Quliyev kəşfiyyatçıdır. Atanız girov düşənədək hansı işlə məşğul olub?

-Atam Rusiyanın Perm şəhərində işləyirdi. Meşədə ağac kəsib satırdılar. İldə iki dəfə evə gəlirdi.

-Maraqlıdır, Dilqəm Əsgərov Şahbaz Quliyevlə harada tanış olublar?

-Məndə olan məlumata görə, onlar Permdə tanış olublar. Ondan sonra aralarında münasibət yaranıb. Yadımdadır, atam birinci dəfə Kəlbəcərdən gələndə dedi ki, arzuma çatdım, bundan sonra lap öldürsələr də vecimə deyil.

-Atanızla görüşmək üçün Qızıl Xaç Komitəsinə müraciət etmişdiniz. Nə cavab verdilər?

-Cavab gəldi ki, atamla görüşmək mümkün deyil. Amma atamla görüşsəm belə, ona danışmağa icazə verməzlər.



-Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Onun azad olunması üçün Rusiya prezidenti Vladimir Putinə də müraciət etmişdiniz...

-İki dəfə Putinə müraciət etmişəm. Cavab da gəlib. Sadəcə, müraciətin qeydə alındığını bildirdilər.

- Atanızdan gələn məktubları saxlayırsınızmı? Mətbuata çıxmayan məktublar varmı?

- Əlbəttə, saxlıyıram. Məktubların çoxunda elə şeylər var ki, Qırmızı Xaç Komitəsi tərəfindən silinib. Məktublarında bir ata oğluna nə öyüd-nəsihət verirsə, atamda onları yazıb mənim üçün. Cinayətdən uzaq olmağımı, pis işlərlə məşğul olmamağımı məsləhət görüb. Məktublarda həmişə atasını soruşur. Sonuncu dəfə qondarma məhkəməyə çıxanda çox arıq idi. Anam məktub yazdı ki, niyə arıqlamısan? Atam cavab yazmışdı ki, pəhriz saxlayıram.

-Qondarma Qarabağ Respublikasının prezidenti Bako Saakyan Ramil Səfərovu girovlarla dəyişməyi təklif etmişdi. Bu barədə nə deyə bilərsiniz?

-Onda Koçaryanı bizə versinlər, biz də Ramili verək.

- Eşitdiyimizə görə, bu yaxınlarda ailə həyatı qurmaq istəyirsiniz?

- Atam gəlməsə, ailə həyatı qurmaram. İnşallah, atam gəlsin, ondan sonra toy çalınacaq. Atama görə qohumlarımız da toy eləmir. Bütün kənd onun qayıtmasını gözləyir. Sağ-salamat qayıtması üçün qurban demişik. Əminəm ki, atam qayıdacaq. Buna şübhəm yoxdur.



Gültəkin Ələsgər
Foto: Turan Ramazanlı



Teqlər:  





Xəbər lenti