Nəqliyyatda Koordinasiya Şurası nəyə xidmət edəcək? – TƏHLİL

Nəqliyyatda Koordinasiya Şurası nəyə xidmət edəcək? – TƏHLİL
  03 Noyabr 2015    Oxunub:8686
Azərbaycanın qeyri-neft iqtisadiyyatında nəqliyyat sektoru mühüm əhəmiyyət daşıyır və yaxın gələcəkdə bütövlükdə iqtisadiyyatın lokomotivini təşkil etmək iqtidarındadır. Təsadüfi deyil ki, son illər ərzində bura böyük məbləğdə investisiyalar cəlb edilib və ölkə üzrə ən böyük infrastruktur layihələri məhz nəqliyyatda gerçəkləşdirilib.

Bu da təbiidir. Ona görə ki, ölkənin coğrafi vəziyyəti elədir ki, daxildə yaradılan nəqliyyat infrastrukturu bütün beynəlxalq zəruri tranzit imkanlarının gerçəkləşdirilməsi üçün də əlverişli zəmin yaratmalı və həm siyasi, həm də iqtisadi divident gətirməlidir. Odur ki, nəqliyyat sektorunun inkişafı düşünülmüş şəkildə həyata keçirilir.

2015-ci ildə Azərbaycanın tranzit imkanlarını genişləndirmək baxımından çox əlamətdar hadisələr baş verdi. Belə ki, avqustda Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana ilk konteyner qatarı gəldi. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində Azərbaycana aid hissə istifadə üçün artıq, hazırdır və Türkiyə ərazisində aparılan işlər də 2016-cı ildə yekunlaşacaq.

Ümumiyyətlə, məlumdur ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri Azərbaycanın ərazisindən keçir və real olaraq da, bu ərazidən daşımalar aparılır. Yəni, həm Asiya, həm Avropa bu ərazi vasitəsilə ticarət edir. Son illər ərzində isə Azərbaycanda nəqliyyat, logistika mərkəzinin yaradılması istiqamətində çox işlər görülmüş və buna xeyli dərəcədə nail olunub. Belə ki, yeni gəmilər, bərələr, tankerlər, yük gəmiləri, yük təyyarələri alınmış və ölkədə bir neçə beynəlxalq hava limanı tikilib. Dəmir yolunun inkişafı ilə bağlı tədbirlər görülmüş, qonşu ölkələrlə bağlantı yaradan avtomobil yolları salınmışdır. Xəzər hövzəsində ən böyük ticarət limanı olacaq yeni Beynəlxalq Dəniz Ticarəti Limanı isə tikilməkdədir.



Yəni dövlət öz siyasətini əslində, uğurla həyata keçirməkdədir. Lakin paralel olaraq, bu sahədə gələcək üçün müvafiq koordinasiya siyasəti də işlənib hazırlanmalıdır ki, həm də idarəçilik düzgün təşkil olunsun. Belə ki, təkcə Şimal-Cənub dəhlizi ölkəyə çox böyük məbləğdə iqtisadi mənfəət gətirəcək. Azərbaycandan keçən bu yol milyonlarla əlavə yükün daşınması demək olacaq. Bütün bunlarsa ciddi təhlil edilməli, vahid siyasət aparmaq üçün konkret mexanizm işlənib hazırlanmalıdır.

Digər tərəfdən, bu gün beynəlxalq miqyasda yükdaşımalarda çox güclü rəqabət mövcuddur. Belə ki, bu və ya digər ənənəvi tranzit imkanları siyasi proseslər ucbatından əlverişsiz vəziyyətə gəldiyindən əvəzində başqa marşrutlar açılır və yeni-yeni variantlar axtarılır. Beləliklə də, region ölkələri arasında çox ciddi rəqabət yaranır. Bu fonda Azərbaycan isə təbii ki, müşahidəçi mövqeyində dayana bilməz. Real vəziyyətdə heç bir ölkə oturub gözləyə bilməz ki, hansısa ölkələr və şirkətlər gəlib onun “qapısını döysün” və desin ki, gəlin, sizdən yük aparaq. Hər bir ölkə məhz özü təşəbbüs göstərməli və ortaya yaxşı şərtlər qoymalıdır. Bu isə olduqca ciddi məsələdir.

Bu mənada, Prezident İlham Əliyev də hökumətin oktyabrın 12-də keçirilən iclasında qeyd etdi ki, ölkədə fəailiyyət göstərən Xəzər Dəniz Gəmiçiliyinin, Dəmir Yolunun və yeni Bakı Beynəlxalq Dəniz Limanının öz korporativ maraqları var və bu, gələcəkdə də belə olacaq. Amma bütün bunlar mütləq, bütövlükdə ölkənin və dövlətin maraqları ilə uzlaşmalıdır. Dövlətin maraqları isə tələb edir ki, sözügedən dəhliz vasitəsilə həm Şimaldan Cənuba, həm əks istiqamətdə, həm Şərqdən Qərbə, həm əks istiqamətdə yük daşıyanlar məhz bir ünvana müraciət etsinlər və bütün tranzit ödəmələrini, digər işlərini elektron qaydada, e-mail ilə, müasir üsullarla həll etsinlər və yoluna qoya bilsinlər.



Prezidentinin 21 oktyabr 2015-ci il tarixdə imzaladığı Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması haqqında Fərman da məhz bu səbəbdən irəli gəldi. Fərmanda da qeyd edilib ki, son illər ərzində Azərbaycan Respublikasının tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilib, Xəzər hövzəsində ən böyük liman olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Bakı Gəmiqayırma Zavodu fəaliyyətə başlayıb, Bakı-Böyük Kəsik dəmir yolunun yenidən qurulması, Bakı–Tbilisi–Qars dəmir yolu xəttinin inşası isə reallaşmaq astanasındadır.

Ona görə də ölkənin nəqliyyat sektorunda icra edilən layihələrlə yanaşı, ərazidən keçən tranzit dəhlizlərin rəqabət qabiliyyətini və səmərəliliyi artırmaq, həmin dəhlizlərə əlavə tranzit yük axınlarını cəlb etmək istiqamətində bir sıra tədbirlər görmək və yükdaşımaların keyfiyyətini yüksəltmək, yükləri çatdırılma müddətini və nəqliyyat xərclərini azaltmaq məqsədilə vahid tənzimləyici qurum yaratmaq tələb olunurdu.

Koordinasiya Şurasının yaradılması da Azərbaycanın dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit yüklərin daşınması sahəsində vahid, çevik, şəffaf tarif siyasətinin həyata keçirilməsi, sərhədkeçmə prosedurları ilə daşınma proseslərinin asanlaşdırılması, habelə bu sahədə fəaliyyət göstərən dövlət qurumları arasında əlaqələndirmə işlərinin təmin edilməsi məqsədi ilə qərara alındı.

Sözügedən Fərmanla Koordinasiya Şurasının Əsasnaməsi və tərkibi də təsdiq olunub. Eyni zamanda, Azərbaycan ərazisindən dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit yüklərin daşınmasında “bir pəncərə” prinsipi tətbiq olunub ki, bu sahə üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirmək Koordinasiya Şurasına həvalə edilib.

Bəs, tariflər necə və nəyə əsasən müəyyən ediləcək?

Bunun üçün İqtisadiyyat və Sənaye Nazirliyinə dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma xidmətlərinin, habelə tranzit yüklərlə bağlı liman qurğularının istismarı, yükaşırma və dəniz limanında göstərilən digər xidmətlərin tariflərinin və həmin tariflər üzrə güzəştlərin müəyyən edilməsi qaydasını hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Bu sahədə hətta müvafiq portal da fəliyyət göstərəcək ki, onu İqtisadiyyat və Sənaye Nazirliyi Koordinasiya Şurası ilə birlikdə yaradacaq. Elektron portal özündə ölkənin dəmir yolları, dəniz nəqliyyatı, limanları və terminalları vasitəsilə tranzit yükdaşımalar ilə bağlı vahid tarifləri, sərhədkeçmə prosedurlarını, yükdaşımalar üzrə daşıma qaydalarını və şərtlərini, o cümlədən müqavilələrin şərtlərini, bağlanma qaydasını, Azərbaycan Respublikasının dövlət sərhədindən keçmə zamanı inzibati prosedurlara dair elektron müraciətlərin qəbulu və yüklərin daşınması sahəsində müqavilələrin elektron üsullarla bağlanması imkanlarını, habelə yüklərin izlənməsi və daşınma prosesləri ilə əlaqədar digər məsələləri əks etdirəcək.

Əsasnamədə də qeyd olunub ki, Koordinasiya Şurası mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər tərəfindən dəmir yolları və dəniz nəqliyyatı ilə tranzit yükdaşıma, tranzit yüklərlə bağlı liman və nəqliyyat-ekspedisiya xidmətləri göstərilməsinə görə tariflərin dövlət tənzimlənməsini həyata keçirəcək və bu sahədə daşınma prosesinin bütün iştirakçılarının, o cümlədən sərhədkeçmə prosedurlarını həyata keçirən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin edəcək.

Beləliklə də, sözügedən Şuranın yaradılması ilə ölkənin Cənubi Qafqaz regionunda nəqliyyat paytaxtına çevrilməsindən sonra dövlətin üzərinə düşəcək əlavə funksiyaların yerinə yetirilməsi işi asanlaşaq.

Buna isə təkrar edirik ki, əlverişli tarif siyasətinin müəyyən edilməsi, ayrı-ayrı nəqliyyat qurumları arasında müvafiq tənzimləməyə nail olunması və ümumi maraqların qorunması daxildir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti