Penta-trik edən legionerimiz: “Millidən dəvət gözləyirəm” – MÜSAHİBƏ

Penta-trik edən legionerimiz: “Millidən dəvət gözləyirəm” – MÜSAHİBƏ
  30 Oktyabr 2015    Oxunub:4212
Hazırda ölkə hüdudlarından kənarda çıxış edən azərbaycanlı futbolçuların sayı iki əlin barmaqları qədər olmaz. Onlar arasında uğurlu mövsüm keçirənlərin sayı isə ondan da azdır. Ancaq belələri də yox deyil.

Məsələn, Latviyanın “1625 Liepaya” komandasında forma geyən Vüqar Əsgərovu bu sıraya aid etmək olar. Son çempionat matçında penta-trik edən, ümumilikdə isə 13 oyunda 21 dəfə fərqlənən həmyerlimizlə həm cari mövsümdəki çıxışını, həm də digər maraqlı məqamları müzakirə etdik.

- Azərbaycandan ayrıldıqdan sonra karyeranızı bitirdiyinizi açıqlasanız da, sonradan Latviya klubunda göründünüz. Əvvəlcə ölkəmizdən getdikdən sonrakı karyeranız haqda danışmağınızı istərdik.

- Azərbaycanda “Sumqayıt”da və “Araz-Naxçıvan”da forma geydikdən sonra AZAL-a keçidim zədə səbəbindən alınmadı. Bundan sonra karyeramı başa vurmaq qərarına gəlmişdim. Ancaq Latviyada olanda hazırkı komandamın baş məşqçisi mənə karyeramı bərpa etməyi və “1625 Liepaya”da çıxış etməyi təklif etdi. Üstəlik, formamı bərpa etmək üçün mənə iki həftə də vaxt verdi. Həmin müddətdən sonra isə komandaya qoşuldum.

- Hazaırda top qovduğunuz “1625 Liepaya” komandasında işləriniz necə gedir?

- Hər şey qaydasındadır. Özünüz də görürsünüz, demək olar ki, hər oyunda qol vururam. Həm komandamın uğurunda pay sahibi olmaq, həm də fərdi olaraq yaxşı çıxış etmək məni sevindirir.

- Son çempionat qarşılaşmasında penta-trik etdiniz. Sözügedən matç haqda fikirlərinizi bilmək maraqlı olardı.

- Latviya I liqasının XXVIII turunda “Rezekne” ilə oyunda rəqib qapısına 5 dəfə yol tapdığım üçün sevinirəm. Oyunun 18, 40, 60, 76 və 78-ci dəqiqələrdə fərqləndiyim görüşdə 7 cavabsız qolla qalib gəlməyimiz çox xoş oldu.

- Ümumiyyətlə, mövsümü “1625 Liepaya” üçün necə qiymətləndirirsiniz?

- Komandamız aktivindəki 55 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alır. Komanda mövsümü elə bu pillədə də tamamlayacaq, çünki “1625 Liepaya”nın son 2 turda turnir cədvəlində nə yüksəlmək, nə də geriləmək şansı var. Düzdür, mövsümü ilk üçlükdə tamamlaya bilmədik, ancaq ümumilikdə sona yaxınlaşan mövsümü pis keçirmədik. Şəxsi göstəricilərim də pis olmadı. Mövsüm ərzində indiyə kimi 13 görüşdə 21 dəfə fərqlənmişəm. Sona iki tur qalmış bombardirlər siyahısında üçüncü pillədəyəm. Son iki turda da fərqlənməklə mövqeyimi yaxşılaşdırmağa çalışacam.

- Uğurlu keçən mövsümün ardından sizi yeni klubda görə bilərik, yoxsa hazırkı klubunuzda qalacaqsınız?

- İndidən bu haqda qəti nəsə deyə bilmirəm. Məni qane edən təklif olsa, gedə bilərəm. Təkliflər ürəyimcə olmasa, yəqin ki, yaya kimi burda qalacağam.

- Ümumiyyətlə, əcnəbi klublardan və ya Azərbaycan komandalarından sizinlə maraqlanan varmı?

- Azərbaycan təmsilçilərindən mənimlə maraqlanan olmayıb, amma Baltikyanı ölkələrdən təkliflər var.

- Maraqlıdır, hansı ölkələrdən təkliflər var?

- Latviya və Estoniya klublarından təkliflər olduğu haqda menecerlər məlumat verdi. Xidmətimdə yüksək liqa təmsilçiləri naraqlıdır, ancaq mən ora ancaq birbaşa müqavilə üçün gedərəm. Menecerə baxışa yollanmayacağımı bildirmişəm.

- Azərbaycan Premyer Liqasını izləmək imkanınız olurmu?

- Əlbəttə, imkan daxilində baxmağa çalışıram. Məsələn, ötən həftəsonu sabiq komandam “Sumqayıt”la “Qarabağ”ın oyununu izləyirdim.“Sumqayıt”ın qalib gəlməsinə sevinirəm. Oyunun gedişində Mirzağa Hüseynpur meydana daxil olanda onun qol vuracağını düşündüm. Maraqlıdır ki, elə fikirləşdiyim kimi də oldu.

- Yeri gəlmişkən, səviyyəsinə görə Azərbaycan çempionatı, yoxsa çıxış etdiyiniz Latviya birinciliyi üstündür?

- Azərbaycan çempionatının səviyyəsi daha yuxarıdır. Azərbaycan çempionatında səviyyəli legionerlər forma geyir. Düzdür, Latviya çempionatında da əcnəbilər çıxış edir, ancaq Latviyada daha çox yerli futbolçulara güvənirlər. Maddi baxımdan da Azərbaycanda vəziyyət daha yaxşıdır.

- Yəqin ki, Azərbaycan milli komandasının çıxışını da izləyirsiniz.

- Təbii ki, həm “Qarabağ” və “Qəbələ”nin Avroliqanın qrup mərhələsindəki matçlarını, həm də yığma komandanın oyunlarını da nəzərdən qaçırmıram. Milli komanda uğur qazananda sevinir, məğlub olanda məyus oluram.

- Milli komandamızdan söz düşmüşkən, hazırda yaxşı formadasınız. Yenidən yığma komandanın formasını geymək perspektivinizi necə görürsünüz?

- Təbii ki, yenidən milli komandanın şərəfini qorumaq istərdim, ancaq bu təkcə mənim istəyimlə olacaq bir şey deyil. Bununla belə, Robert Prosineçkinin məni seçmə komandanın heyətinə cəlb edəcəyinə inanıram. Hər halda, xorvatiyalı mütəxəssis Latviyada çıxış edən azərbaycanlı hücumçunu sınaqdan keçirmək istəyər. Açığı, millidən dəvət gözləyirəm.

Tural Məmmədov


Teqlər:  





Xəbər lenti