“Vaqif Bəhmənli yaltaq olsaydı...” – Tanınmış şairdən münasibət
Tanınmış gənc şair Aqşin Yenisey ölkə gündəmini dəyişən olaya münasibət bildirib.
AzVision.az-a açıqlamasında A.Yenisey bildirib ki, Vaqif Bəhmənli xislətcə yaltaq adam deyil:
“Vaqif Bəhmənlinin xislətində yaltaqlıq olsaydı, bu şeir ona töhmət yox, mükafat gətirərdi və hamımız da bunu “yeyərdik”, ədəbiyyat tariximizdə olduğu kimi. Deməli, yaltaq adam deyil ki, bacarmadı. Məni ədəbi mühitə bələd olan bir adam kimi yaşlı bir şairin, yəni ədəbi keçmişimizin öz rəhbərinə şeir həsr eləməsi qəti maraqlandırmır, məni maraqlandıran odur ki, ədəbiyyatımızın gələcəyi olmağa iddialı olan və bu gün Vaqif Bəhmənlini yaltaqlıqda suçlayan gənc yazarların bir çoxu ədəbiyyata nəinki yaltaqlanmaq üçün, hətta yaltaqlanmaq imkanı qazanmaq üçün gələnlərdir və onlar ədəbiyyatımız üçün Vaqifdən qat-qat ziyanlı olan vəzifəli şair və yazıçıları gecə-gündüz tərifləməklə məşğuldurlar. Bu qədər də şırtılıq eləmək nəyə lazım, hamımız bir-birimizi tanıyırıq axı”-deyə şair vurğulayıb.
Qeyd edək ki, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qalmaqala səbəb olan şeirə görə, Vaqif Bəhmənliyə töhmət verib.
AzVision.az