`Harada ki, qadın var, orada çörək dərdi var` - Aqşinin yeni şeirləri

`Harada ki, qadın var, orada çörək dərdi var` - Aqşinin yeni şeirləri
  28 Sentyabr 2015    Oxunub:15266
AzVision.az öz oxucularına Aqşin Yeniseyin yeni və heç yerdə dərc olunmamış şeirlərini təqdim edir.

qazinin müharibə xatirələri


o vaxt hələ yamyaşıl idi,
yarpaqları tökülməmişdi rəsmdəki bu ağacın.
adamların qiyməti eyniydi şəhərin avtobuslarında,
getdikləri dayanacaqlar, itdikləri uzaqlar fərqliyidi.
uşaqlar hələ unudulmamışdı boş qalan yelləncəklərdə.
bir az şəhid qoxusu verən sazaqlar fərqliyidi.

yalnız müharibə illərində rəngi yenilənən bayraqlar
sağa-sola yelləyirdi,
vətən sevgisinin adi günlərdə necə solğun bir hiss olduğunu.
yaraların rəngi eyniydi, bayraqlar fərqliydi.
eyni cür üşüdürdü, qazinin canındakı qəlpə,
aşiqin ruhundakı xatirə,
biri təsadüfləri tarixə çevirən müharibənin yadigarıydı,
sümüyə saplanmışdı dəmirdən
biri adiləri əfsanələşdirən eşqin mirasıydı.
naməlum cəsəd kimi düşüb qalmışdı yataqda
didərgin bir ömürdən.
ayrılanlar eyniydi, yataqlar fərqliydi.
siz də görmüşdünüz onu
şəhərdən xeyli uzaqda, çöplərin yaşadığı quru çölün ortasında,
lənətlənmiş şeytan təkliyinin eynisiydi qatar gözətçisinin koması.
illərdi tənhalıq kimsəsizliyin keşiyini çəkirdi orda.
öz təkliyinə yemək bişirirdi bir qoca
öz yalqızlığına mahnı axtarırdı tozlu radioda.
hər dəfə mən öz gələcəyimin yanından keçib-gedirdim, sanki,
gah içkili və köhnə paltoda,
gah ayıq və yük yerindəki möhürlü tabutda.
yollar, talelər eyniydi, yazıqlar, yalquzaqlar fərqliydi.

üzümüz bəs deyildimi, bizə ad da qoyurdunuz?
susdurulan ağızlarda üzümüzün ünvanını itirdik.
çağırılan adlar, soyadlar eyniyidi,
saplanan süngülər, xıncımlayan qundaqlar fərqliydi.

o vaxt yamyaşıl idi,
yarpaqları hələ tökülməmişdi rəsmdəki bu ağacın.
o vaxt bu küçədə dilənçi yox idi,
o vaxt övladı olmurdu, bu şəhərdə yalqızlıqla ehtiyacın.
payız indiki kimi eyniydi,
veteran ağacların sinəsindəki tək-tük yarpaqlar fərqliyidi.

vaxtsız düşüncə

acı bir əyləncəylə başlayır növbəti gün.
pərdələrdən süzülən tozlu ipindən dartıb,
vaxtından tez böyümüş ümidsiz bir uşaqlıqla
sökürəm talvardakı köhnə payız günəşini
məndən şübhələnin, qaranlıq vaxtsız düşsə...

hələ ki, uzun və boş süfrələri xatırladır xiyabanlar,
gündəlik qonaqlar hələ gəlib çıxmayblar.
bir azdan gündəlik cinayətlər qaldığı yerdən başlayacaq,
allaha müftə inandığı üçün öldürəcəklər gecədən sağ çıxan şairi.
bir azdan aclıq çörəyi müqəddəsləşdirəcək,
sevgi qadını
dincini almadan üç növbə işləyəcək,
doğum evləri, çörək sexləri
ancaq nədənsə bolluğun süfrəsindən heç vaxt gəlmir çörəyin iyi.
qadından imtina ilə başlayır sufinin zənginliyi,
ruhun qədimliyi.
harada ki, qadın var,
orada çörək var, çörək dərdi var.
harada ki, sevgi var,
oradadır aclar!
haradakı ac var,
orada məhkəmə qətnamələrində yaşayır sevgilər,
qənimət kimi bölünür övladlar.
xoşbəxtliksə, anlayış deyil, bəxti gətirən adilikdir.
inanmırsansa, kimsəyə hiss etdirmədən
masanın üstünə bax.
Gör necə yan-yörəsinə gülümsəyir,
qızıl suyuna çəkilmiş ucuz əşya.

qısaqapanma

tanıdıqca şeytanları, tərk etdikcə dinləri
ötüb-keçən illərdən miras qalan inanc bu
həyatın pəncəsindən sağ çıxmır heç bir duyğu.
can yol üstə olanda arzular da vəsiyyətə oxşayır.

bizi incidən ağrılarımızın deyil, dözümümüzün çoxluğudu.
keçmişi sözlərlə, gələcəyi anlayışlarla düşünməyi öyrən, kiçik qardaş.
yəni daha dərindən, məsələn, torpağın altından düşün həyatı.
zamana şahidlik edən əcdad sümüklərinin yanından.
məsələn, şüurun altından,
elə bir yerdən ki,
qorxunun əbədi dustaqları yatır orda: günah və vicdan.
düşün ki, günahın cazibəsidir poeziya
və vicdanın bədənidir şair.
bir az məni düşün, mənim aqibətimi düşün,
baş-başa qalanda şərabda yoldaş axtaran təkliklə.
getdikcə ümidsizliyin itaət tərzinə çevirilir təkliyə sitayiş.
yaddaşıma işgəncə verir keçmiş zaman,
könüllü düşdüyüm bu əsirlikdə.
vaxtilə süd dişlərini bir qadınla çıxarmışdı bu yalqızlıq,
indi nəhəng şəhərlərlə də doymur gözləri.
uzaq ölkələri çəkir iştahası.
bir az məni düşün; elə bir məhkumu ki
vicdanı qorxunun əsiri və sevgisi günaha intəhasız.

artıq səsləri beynimə düşür,
şüuraltımdakı kirayəniş xoşbəxtliklərin.
heç bir ölümü mənə tanış deyil bu şəhərin,
amma bütün ölümlərində ünvanı var geydiyim yerlərin.

daha məni nə qədim yürüşün aşiq fatehi,
nə unudulmuş inqilabın son üzvü,
nə də keçmiş mübarizənin gecikmiş şahidi kimi
xatırlayan tapılar.
artıq bir həyat məhkumuyam mən,
siqaretin ən acısı,
təhlükənin ən yaxında olanıyam.

ömür kaleydoskopumdasa hər şey köhnə və təkrar.
illik sevgi təqvimində hər gün eyni qadın var.
olsa-olsa, uclarını ağzımda tutduğun mismarlarla
qalacağam,
divara mıxladığım bir fotonun yadında.

tanıdıqca şeytanları, tərk etdikcə dinləri
ötüb-keçən illərdən miras qalan inanc bu,
həyatın pəncəsindən sağ çıxmır heç bir duyğu.

şair

azadlıq – biz səni ucsuz-bucaqsız zəmi kimi istədik,
səni bizə kökə kimi verdilər.
mənim dinimdə ən böyük təhqir sayılırdı “olmaz” sözü,
indi ən çox sevdiyim günahlarımın adıdır.
indi hansı qadın çiyni yer verər, bu pıçıltının hönkürtüsünə?
hansı kişi köksü hazırdı sancılmağa bu məğlubun süngüsünə?
indi boğazdan yuxarı deyilən sözlər,
havaya açılan atəşlər kimi
ölüm xəbərdarlığıdır gələcək zamanın.
budur, azadlığın sonuncu qurbanı da canını tapşırır əlindəki kökəyə.
soruşsalar, deyərsiz ki, gecələr ulduzlardan başqa kimsəsi yox idi,
zavallı qanunsuz nikahından doğulmuşdu, fikirlə üsyanın.


Teqlər:





Xəbər lenti