Dövlət dini mağazalara necə nəzarət edir? – Müsahibə

Dövlət dini mağazalara necə nəzarət edir? – Müsahibə
  10 Sentyabr 2015    Oxunub:5460
Son illər Azərbaycanda dini mağazaların sayı, dini ədəbiyyatların satışı çoxalıb. Bu kimi mağazaların sayının gündən-günə artmasına baxmayaraq, bəzən onlar təyinatı üzrə işləmirlər. Odur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmin mağazaları ciddi nəzarətə götürür.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov AzVision.az-ın suallarını cavablandırıb.

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Qurani-Kərim və digər dini kitabların ölkəyə gətirilməsi ilə bağlı məsələnin sadələşdirilməsini təklif edirdi. Hazırda bu sahədə vəziyyət necədir?

-Bu məsələ bir neçə il bundan öncə də gündəmə gəlmişdi. Çünki bəzən xaricdən gələn vətəndaşlar özləri ilə şəxsi istifadə və ya hədiyyə vermək üçün dini kitablar gətirirdilər. Bu zaman Dövlət Gömrük Komitəsinin əməkdaşları qanunvericiliyə əsaslanaraq həmin kitabların ölkəyə idxalı barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq razılığını tələb edirdilər. Əks təqdirdə, hətta bir ədəd Qurani-Kərim olsa belə, saxlanılır və müvafiq razılıq alındıqdan sonra vətəndaşa qaytarılırdı.

Müəyyən müşahidələrdən sonra problemin ortadan qaldırılması üçün sadələşdirilmiş mexanizmin olmasının zəruriliyi meydana çıxdı. O zaman şəxsi istifadə üçün gətirilən müqəddəs kitabların hər birindən 5 ədəd qədərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müvafiq razılığı olmadan ölkəyə idxal edilə biləcəyi ilə bağlı müvafiq dövlət qurumlarına məktub ünvanlandı. O gündən demək olar ki, göstərilən sayda şəxsi istifadə üçün gətirilən müqəddəs kitablarla bağlı Dövlət Komitəsinə hər hansı şikayət xarakterli müraciət daxil olmayıb. Yəni bu məsələ bir neçə ildir ki, həllini tapıb. Amma satış və ya yayma məqsədilə göstərilən saydan artıq ölkəyə idxal edilən müqəddəs kitablarla bağlı Dövlət Komitəsindən müvafiq razılıq alınır.

-Hazırda dini ədəbiyyat satan mağazaların qeydiyyatı prosesi aparılırmı?

-Bu fəaliyyətlə məşğul olan mağazaların qeydiyyatı prosesi “Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı ilə bağlı ixtisaslaşdırılmış satış məntəqələrinin yaradılması ilə əlaqədar razılığın verilməsi qaydaları haqqında Təlimat”a uyğun olaraq aparılır. Bu mağazalarda təkcə dini ədəbiyyat deyil, eyni zamanda dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları da satıla bilər. Bu gün ölkəmizdə yüzdən artıq dini mağaza fəaliyyət göstərir. Lakin onların hamısı ixtisaslaşdırılmış dini mağazanın tələblərinə uyğun deyil. Biz istəyirik ki, ixtisaslaşdırılmış dini mağazalar vətəndaşların tələbatına uyğun olaraq yuxarıda sadaladığımız dini məmulatların satışı üçün normal şəraitə malik olsun. Yəni onun gorünüşü, yerləşdiyi məkan, həcmi də önəmlidir. Bir çox dini mağazalar bazarlarda və bənzər yerlərdə bir neçə kvadratmetrlik məkanda, bəzən isə piştaxtalarda fəaliyyət göstərir və əksər vaxtı ayrıca hüquqi ünvana malik olmur. Belə olan halda həmin mağazalara razılığın verilməsi çətinləşir.

- İndiyədək neçə mağaza dini ədəbiyyatın satışı üçün icazə alıb?

-Ümumilikdə, bu günə qədər 20-yə yaxın mağazaya razılıq verilib. Lakin açığını desək, onların da fəaliyyəti bizi tam qane etmir. Bəziləri razılıq aldıqdan sonra mağazanın fəaliyyət profilini dəyişərək, yalnız geyim satır. Onların arasında ümumiyyətlə ixtisaslaşmış dini mağaza kimi fəaliyyətini donduranlar da var. Odur ki, son dövrlərdə ixtisaslaşdırılmış dini mağazaların fəaliyyətinə razılıq verilməsi ilə bağlı müraciətlərə daha ciddi baxılır. Müraciətlər hərtərəfli araşdırılır, şərtlərə uyğun olan mağazalar müvafiq razılıq (lisenziya) ala biləcəklər.

-Həmin mağazalarda monitorinqlər aparılırmı?

-Respublika ərazisində fəaliyyət göstərən bütün mağazalarda mütəmadi olaraq monitorinqlər keçirilir. Dövlət Komitəsi tərəfindən həyata keçirilən monitorinqlərdə çatışmazlıqlarla bağlı dini mağazaların sahiblərinə müvafiq tövsiyələr verilir. Lakin son illərdə bəzi mağazalarda ciddi qanun pozuntuları da aşkar edilib. Dini mağazalarda hüquq-mühafizə orqanları ilə birlikdə keçirilən monitorinqlərdə Dövlət Komitəsinin müvafiq razılığı olmadan istehsal və ya ölkəyə idxal edilən dini ədəbiyyatlar aşkarlanıb. Bu hallar qanunvericiliyə uyğun olaraq müvafiq qurumlar tərəfindən protokollaşdırılmış və bəziləri ilə bağlı cinayət içi açılıb.

Ümumiyyətlə, dini ədəbiyyat sahəsi çox həssas sahədir və bu istiqamətdəki qanun pozuntuları ağır hüquqi məsuliyyət yaradır.

-Dini ədəbiyyatlara nəzarət markalarının tətbiqi məsələsi nə yerdədir?

-Dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat materialları nəzarət markaları ilə markalanması prosesi yeni başlayır. Biz bu məsləyə çox ciddi yanaşırıq. Nəzarət markası dini ədəbiyyat sahəsinin tənzimlənməsində, zərərli ədəbiyyatın satışının qarşısını almaqla yanaşı, piratçılığın və vergidən yayınma hallarının da qarşısını alacaq. Hazırda bununla bağlı işlərimiz davam edir və bu günlərdə yeni çap olunan kitablara nəzarət markaları vurulacaq.
Məlumat üçün qeyd edək ki, nəzarət markaları yalnız nəşrinə və idxalına Dövlət Komitəsi tərəfindən razılıq verilmiş dini ədəbiyyatlara tətbiq ediləcək.

Nazirlər Kabineti tərəfindən bir nəzarət markası üçün 2 qəpik rüsum müəyyən edilib. Sentyabr-oktyabr aylarından etibarən ölkədə istehsal olunan bütün dini ədəbiyyat, eləcə də audio-video materiallara nəzarət markaları vurulmalıdır. Bu sahə ilə məşğul olan bütün hüquqi və fiziki şəxslər nəzarət markalarını əldə etmək üçün Dövlət Komitəsinə müraciət etməlidirlər.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti