Ohanyan ordudakı itkiləri gizlədir - Məxfi əmr üzə çıxdı

Ohanyan ordudakı itkiləri gizlədir - Məxfi əmr üzə çıxdı
  07 Sentyabr 2015    Oxunub:3617
Ermənistanda müdafiə naziri Seyran Ohanyanın ordudakı itkilər barədə informasiyaların məxfi elan edilməsinə dair gizli sərəncamı üzə çıxıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Sülh dialoqu” erməni qeyri-hökumət təşkilatının Avropa Vətəndaş Cəmiyyətləri Təşəbbüsünün saytında yerləşdirilmiş məqaləsində deyilir.

Sərəncama əsasən müdafiə naziri Seyran Ohanyan həlak olan əsgərlərin valideynlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin hərbi qulluqçular arasında qeyri-döyüş itkilərinə dair informasiyalara çıxışı qadağan edir.

Təşkilat bildirir ki, onlar son 4 il ərzində qeyri-döyüş şəraitində ölən əsgərlərin valideynləri və qohumları ilə işləyərək bu insidentlərin səbəbini araşdırmağa çalışırdı.

Əvvəlcə Müdafiə Nazirliyi bu informasiyaların əldə edilməsinə dəstək verib. Ancaq ötən ildən nazirlik “Sülh dialoqu” təşkilatının sorğularına cavab verməyib.

Təşkilat Müdafiə Nazirliyini sorğulara cavab vermədiyi üçün məhkəməyə verib. Nazirlik bu iddiaya 30 gün sonra cavab verməli olsa da cavab ancaq 8 ay sonra - bu il avqustun 15-də gəlib.

“Sülh dialoqu” müdafiə nazirinin nazirliyə qarşı qaldırılmış iddiaya dair İnzibati məhkəməyə göndərilmiş etirazının surətini əldə edib. Orada deyilir ki, 2015-ci il, avqustun 13-dən etibarən qeyri-döyüş şəraitində ölən əsgərlərlə bağlı bütün informasiyalar yeni sərəncamla məxfi elan edilib.

“Bu sərəncamın məqsədi nədir? Bunu ona görə edirlər ki, övladlarını itirmiş valideynlər dövlətə xidmət edən uşaqlarının başlarına məhz nə hadisə gəldiyini öyrənə bilməsinlər. Doğrudanmı bütün bu əsgər ölümlərinə dair hallar barədə informasiyaların valideynlərə və cəmiyyətə çatdırılması Ermənistanın təhlükəsizliyinə təhdiddir?”- deyə təşkilat bildirir.

Sərəncamın 17-ci bəndinə əsasən silahlı qüvvələrdəki insidentlər, habelə bu insidentlərin səbəblərinə dair informasiyalar onların məxfilik dərəcəsindən və ölkədəki hərbi-siyasi vəziyyətdən asılı olaraq məxfi elan edilir.

Təşkilat bildirir ki, bu sərəncam vətəndaş cəmiyyətinin orduya nəzarət imkanını əlindən alır.


Teqlər:  





Xəbər lenti