Meymunçiçəyinin yeni təhlükəli ştammları gözlənilir

 Meymunçiçəyinin  yeni təhlükəli ştammları gözlənilir
  04 Noyabr 2024    Oxunub:1583
Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyi ilə mübarizə üzrə mütəxəssisi Mişel Yo bildirib ki, bu virusla əlaqədar epidemioloji vəziyyət mürəkkəbdir və dayanmadan inkişaf edərək yeni risklər yaradır. Onun sözlərinə görə, meymunçiçəyi virusunun insanlar arasında yayılması onun mutasiyasına, dünya əhalisinin böyük hissəsi üçün yeni təhlükəli ştammların meydana çıxmasına gətirib çıxara bilər.
"Virusun müxtəlif ştammlarının çoxsaylı epidemiyaları müşahidə olunur. Meymunçiçəyi insanlar arasında nə qədər çox ötürülürsə, mutasiyaya uğramaq imkanları bir o qədər artır. Hazırda dünya əhalisinin əksəriyyətinin bu virus ailəsinə qarşı heç bir müdafiəsi yoxdur", - mütəxəssis bildirib.

Yonun sözlərinə görə, 47 ölkə ərazisində meymunçiçəyi virusunun yayıldığını təsdiqləyib: "Heyvanlardan insanlara vaxtaşırı keçən və yayıldıqca ötürülmə zəncirini genişləndirən bu zoonoz xəstəlik indi insanlar arasında davamlı yoluxma qabiliyyətinə malikdir. Virusun bütün variantları insandan insana ötürülür. Xüsusilə "Ib" və "IIb" ştamları cinsi yolla keçir".

Xatırladaq ki, 14 avqust 2024-cü ildə ÜST-ün rəhbəri Tedros Adhanom Qebreisus virusun Afrikada yenidən yayılması ilə əlaqədar fövqəladə vəziyyət elan edib. Təşkilatına məlumatına görə, bu xəstəliyə 2024-cü ilin sentyabrında dünya üzrə 2,7 mindən çox laborator təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Bu, 2022-ci ilin noyabrından bəri bir ayda ən yüksək göstəricidir. Avqust ayı ilə müqayisədə isə yoluxma sayı 8% artıb.
Azərbaycana meymunçiçəyinin müayinəsi üçün testlər gətirilib

"Meymunçiçəyi çiçək virusu ilə eyni ortopoksvirus ailəsinə mənsubdur. Bu virus Mərkəzi və Qərbi Afrikanın tropik meşələrində yaranan zoonotik, yəni heyvan mənşəli xəstəlikdir. Əsas simptomları səpkilərdir. Səpkilər üz, əllər, ayaqlar, cinsi orqanlar daxil hər yerdə ola bilər. Onlarla bərabər xəstələrdə qızdırma, baş, boğaz, əzələ ağrıları, dəridə qızartı, titrəmə və əsmə, yorğunluq və ümumi halsızlıq müşahidə olunur. Səpkilərin əsas əlamətlərindən biri də ağrılı və qaşıntılı olmasıdır",- deyə infeksionist Günel Quliyeva AzVision.az-a bildirib.

Həkimin sözlərinə görə, virusun inkubasiya müddəti 3-17 gündür. Onun iki tipi var: Qərbi Afrika tipi və Orta Afrikada yayılan tip. Orta Afrikada yayılan tip daha ağrılı olur və 10 faizə qədər xəstələrdə ölümlə nəticələnə bilir. Qərbi Avropada yayılan və 2022-ci ildən sonra qlobal epidemiya halını alan variant isə daha yüngül tip hesab olunur.

G.Quliyevanın sözlərinə görə, immun sistemi zəif xəstələr, 1 yaşına çatmamış uşaqlar və hamilələr risk qrupuna daxildirlər. Xəstəliyin xüsusi müalicə üsulu yoxdur. Çiçək virusunun müalicəsində istifadə olunan antiviral dərmanlar hələ hazırlanma mərhələsindədir. Xəstəliyin qarşısının alınması üçün iki doza peyvənd vurulur. Amerikada və digər ölkələrdə virusa qarşı peyvəndlənmə tövsiyə olunur.



Xəstəliyin yayılmasının qarşısını almaq üçün ictimaiyyət diqqətli olmalıdır. Xüsusilə COVİD19 dönəmində dediyimiz kimi, gigiyena qaydalarına əməl edilməli, dezinfeksiya işləri aparılmalı, zərurət olmadan kütləvi yerlərdən kənar durulmalı, maskadan istifadə olunmalıdır.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   meymunçiçəyi   epidemiya   xəstəlik  





Xəbər lenti