Parisdə fermerlər etiraza qalxdı
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, paytaxta aparan 6 avtomobil trasında hərəkət tam iflic olub. Təkcə cənubdakı avtomobil yolundakı tıxaclarda 500-ə qədər traktor dayanıb. Qərb magistrallarında da kənd təsərrüfatı texnikasından ibarət uzun tıxaclar yaranıb. Onlar Fransanın əsas kənd təsərrüfatı mərkəzləri olan Normandiya və Bretanidən gələn maşınlardır.
Fermerlər paytaxta, həmçinin icarəyə götürülmüş avtobuslarla da gəlirlər. Yaranmış vəziyyəti nəzərə alan Paris prefekturası meqapolisin və ətraf rayonların sakinlərinə mümkün olduğu qədər ictimai nəqliyyatdan – elektrik qatarları və metrolardan istifadə etməyi məsləhət görür.
Fransalı fermerlər hökumətin kənd təsərrüfatı sahəsində yaranan böhrana effektiv müdaxilə etməməsindən narazıdırlar. Bəzi regionlarda təsərrüfatların 20 faizi iflas astanasındadır. Aksiya iştirakçıları vergiləri və sosial köçürmələri nəzərəçarpacaq dərəcədə azaltmağı, alış qiymətlərini artırmağı, məhsulların maya dəyərinin yüksəlməsinə gətirib çıxaran bəzi ekoloji normaların ləğvini tələb edirlər.
Cümə axşamı Matinyon sarayında Fransanın Baş naziri Manuel Valsın kənd təsərrüfatı həmkarlar ittifaqlarının rəhbərləri ilə görüşü gözlənilir. Görüşün nəticəsinə görə fermerlər mitinqlərin davam etdirilməsi və ya dayandırılması barədə qərar qəbul edəcəklər.
Teqlər: