Almaniya necə biabır oldu?
Lakin söhbət açacağımız mövzu, bir qayda olaraq Almaniyanin siyasi düzənini alt-üst edən rüşvətxorluq hadisəsi ilə deyil, çox da tanınmayan, kiçik bir veb-saytla bağlıdır. Belə ki, demokratiya , söz azadlığı deyə bağıran Almaniya hökuməti , sıradan bir sayta, artıq ictimai müzakirələr mövzusuna çevrilmiş sənədləri belə dərc etməyə icazə vermir.
Kifayət qədər qaranlıq məqamları ilə gündəmə gələn bu hadisə, artıq söz azadlığı və hökumət nümayəndələrinin məhkəmələr üzərində təsir mexanizmləri haqqında milli müzakirələr mövzusuna çevrilmişdir.
Xatırladaq ki, bu ilin əvvəlində Andre Mayster və Markus Bekedal, online müəllif hüquqları saytı olan Netzpolitikdə Alman xüsusi xidmət orqanlarının silahlı terror qruplaşmalarına qarşı mübarizə üçün nəzərdə tutulan online nəzarət sisteminin sosial medianı da izləmə imkanlarına malik olmasını nümayiş etdirən xüsusi sənədlərdən çıxarışları dərc etmişdilər. Ötən həftə isə jurnalistlər, buna görə dövlətə xəyanətdə ittiham olunduqlarını açıqlamışdılar.
Andre Mayster, dövlət ittihamçısı işini bu minvalla davam etdirəcəkləri təqdirdə, Markus Bekhedalla birlikdə azı iki il müddətinə həbsə məhkum edilə biləcəklərini demişdi.
Onun bu açıqlaması ölkədə kütləvi etirazlara səbəb oldu. Hökumətin mətbuat və söz azaldığını hədəfə alınmasına etiraz edən minlərlə insan Netzpolitik-i dəstəkləməkdən ötrü Berlin küçələrinə axışdı.
Başqa sözlə desək, jurnalist Andrenin açıqlaması hökumətin gizli oyunlarından təngə gələn almanların səbir kasasının daşması üçün son damla oldu.
Baxın, Britaniyada mətbuat manşetləri parlament rəsmilərinin, istər narkotiklərin təsiri altında, istərsə də qadınlarla birlikdə keçirdikləri anları əks etdirən əxlaqsız şəkilləri ilə doludur. Hərçənd, bu da gözdən asmaq üçün bir `pərdə` olar bilər, ancaq bu başqa bir mövzu olduğu üçün keçək əsas mətləbə.
Yəni demək istədiyim, Britaniyada, heç olmazsa, özləri sayaq mətbuat azadlığına riayət edirlər. Almaniyada isə elementar hadisələr ictimaiyyətdən gizlədilir. Üstəlik bu hal cəmiyyəti özündən çıxartmaq üçün kifayətdir.
Acı xatirələr
Almaniyanın iyirminci əsrdə yaşamış olduğu acı totalitarizm təcrübəsini yada salsaq, görərik ki, bu dediklərimizdə təəccüblü heç nə yoxdur. Hitlerin gizli polis xidməti olan Gestapo və onun kommunist ekvivalenti-Şərqi Almaniyadakı Ştazi agentləri öz vətəndaşlarını təqib edir və mətbuat üzərində sərt nəzarət həyata keçirirdilər.
Beləliklə, şəxsi həyat hüququ və mətbuatın rolu təkcə akademik debatların mövzusu deyil.
Bu tarixi arayış amerikalıların Almaniyada `casusuluq bəyanatları`nın nə üçün belə səs-küyə səbəb olduğunu dolğun izah edə bilir.
Eyni zamanda, amerikalıların casusluq fəaliyyətlərini ictimaiyyətə sızdıran Edvard Snoudenin, məxsusilə, solçu almanlar tərəfindən (onların böyük əksəriyyətinin dövlətin və cəmiyyətin rifahı məsələlərində Edvard Snoudenin sağ mövqedən çıxış etmələrindən xəbərləri yox idi) az qala qəhrəman kimi qəbul edilməsi məntiqini də ortaya qoyur.
Netzpolitik-in jurnalistlərinə qarşı dövlətə xəyanət ittihamının olduqca ziddiyyətli və qaranlıq olması ittihamçıların çıxılmaz vəziyyətə düşəcəyini qaçılmaz edirdi.
Çox keçmədən hökumət nümayəndələri, daxili işlər naziri, ədliyyə naziri və Almaniya kansleri Angela Merkel cinayət təhqiqatını başladan prokuror Herald Ranjı dəstəkləmədiklərini ictimayi şəkildə bildirdilər.
Çərşənbə axşamı cənab Ranjın işdən azad ediləcəyi elan edildi. Bu, Almaniya tarixində hökumətin baş prokuroru istefaya göndərdiyi ilk hal idi.
Yeni vəsatət qaldırılmasına çağırışlar
Ancaq qalmaqal bununla bitmədi. Bu gün müxalif siyasətçilər, ədliyyə və daxili işlər nazirlərinin jurnalistlər barəsində istintaq işinin açılmasına niyə imkan verdiklərinin səbəbini öyrənmək məqsədilə yeni vəsatətin qaldırılmasın tələb edirlər.
Eyni zamanda, cənab Mayster və cənab Bekedal, müvafiq səlahiyyətli orqanlar tərəfindən izlənib-izlənilmədikərini bilmək istəyirlər.
Jurnalist Bekedal alman televiziyasi ARD-yə deyib: “...Biz jurnalistlər- qanunun aliliyinə sadiq insanlar, sanki dəhşətli bir yuxunun içindəyik, tədqiqatçı jurnalistlərin asanlıqla təqib edildiyi bir repressiv bir dövlətdə yaşayırıq. Bunu təsəvvür belə edə bilməzdim...”
Almaniyada jurnalistlərə qarşı xəyanət ittihamları
1962: Qərbi Almaniya ordusunun ölkəni kommunist hücumlarına qarşı qoruya bilmədiyi ilə bağlı yazı dərc etdiyinə görə, Der Spiegel jurnalına qarşı xəyanət ittihamı irəli sürülmüşdü. Həmin vaxt jurnalın iki redaktoru həbs edildi. Lakin bir müddət sonra, məhkəmə Der Spiegel-in xeyrinə qərar verdi və Müdafiə naziri Frans Cozef Ştraus istefa verməyə məcbur edildi.
1982: Keçmiş gizli agentin memuarları çapa verdiyinə görə, Hamburqda dərc edilən Konkret jurnalının jurnalistlərinin evlərində və ofislərində polis reydləri keçirildi.
2005: Aylıq Cicero (`Sisero`) siyasi jurnalının ofislərinə və müxbirinin evinə polislər basqın etdi. Məlumata görə, həmin jurnalist, bir islamçı ekstremist barəsində yazdığı məqalədə gizli sənədlərdən çıxarışlar vermişdi. Bir müddət davam edən araşdırmalardan sonra Almaniyanın Konstitusiya Məhkəməsi məsələ ilə bağlı hökumət təmsilçiləri əleyhinə qərar çıxardı. Qərara görə, hökumət nümayəndələri konstitusiya əleyhinə davranmaqda günahkar biliniblər.
2015: Netzpolitik saytının iki jurnalisti hökümətin terrorizmlə mübarizə məqsədilə online nəzarəti artırmaq planlarını ifşa etdikləri üçün dövlətə xəyanətdə ittiham olunurlar. Dövlətə xəyanət istintaqı ictimai etirazlardan sonra müvəqqəti olaraq dayandırılıb.
Lakin baş prokuror Ranj hökuməti hüquqi prosedurlara müdaxilə etməkdə günahlandırır. Onun fikrincə, siyasətçilərin istintaq prosesinə müdaxilə etmələri qəbul edilməzdir, çünki onun nəticələri siyasi cəhətdən məqsədəuyğun olmaya bilər. İstintaq jurnalistlərə nəyi dərc etmək olar, nəyi olmaz məsələsini nəinki izah edə bilmir, hətta problem getdikcə dərinləşir və daha çox suallar doğurur.
Dövlət sirri nədir? Jurnalistlər nəyi dərc edə bilərlər? Və ümumiyyətlə, online və sosial media dövründə jurnalist anlayışı necə başa düşülməlidir?
Beləliklə, istintaqın başlaması və ona siyasi amillər bulaşdıqdan sonra dayandırılması, heç nəyi həll etmədi. Bu sadəcə bir vaxt məsələsidir–buna bənzər daha bir qalmaqalın yaranmasına lazım olan qədər vaxt. Gəlin bu vaxtı Almaniyaya verək, görək “azadlıq, demokratiya ” carçısı olan Merkel hökuməti nə edəcək...
Səbinə Həsənova
AzVision.az