`Türkiyə İŞİD-i vurmalıdır, PKK-nı yox` - Obama

`Türkiyə İŞİD-i vurmalıdır, PKK-nı yox` - Obama
  07 Avqust 2015    Oxunub:7343
ABŞ prezidenti Barak Obama Ağ Evdə KİV nümayəndələri ilə görüş zamanı bildirib ki, Türkiyə Kürd Fəhlə Partiyasından (PKK) əvvəl İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı ilə mübarizə aparılmaldır.
Bu barədə AzVision.az `BBC`yə istinadən xəbər verir.

Görüşdə müzakirə olunan əsas məsələlərdən biri Türkiyə tərəfindən PKK və İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlar olub.

Jurnalistlərin əməliyyatlar problemlər yaradacaqmı sualına Obama belə cavab verib: `İŞİD tərəfindən regionda sülh və sabitliyə yaranan təhlükə və onun həlli yollarına dair danışıqlar aparılır. Türkiyənin PKK hücumlarından qorunmaq hüququ var. Lakin indi İŞİD-lə bağlı məsələni həll etmək vacibdir. Əsas məsələ sonrada İŞİD-ə qoşulan xarici vətəndaşların Türkiyə sərhədini keçməsinə mane olmaqdır. Türkiyə tərəfindən keçirilən əməliyyatların əsas hədəfi PKK yox, İŞİD olmalıdır. Bütün cəhdləri buna yönəltmək lazımdır`.

Qeyd edək ki, iyulun 20-i Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda yerləşən Amara Mədəniyyət Mərkəzinin həyətində terror aktı törədilib. Hadisə nəticəsində 27 nəfər ölüb, 100-dən artıq yaralanıb. Türkiyə rəhbərliyi hadisəyə görə, İŞİD-in məsuliyyət daşıdığını bildirib.

İyulun 27-i Türkiyə Hərbi hava Qüvvələri (HHQ) PKK-nın Şimalı İraqdakı `Hakurk` hərbi düşərgəsini yerlə yeksan edib. Həmin gün İŞİD-in Türkiyə qolunun rəhbəri, Abu hanzalla ləqəbli Halis Bayancuk həbs edilmişdi.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti