Sarkisyana istefa tələbi: İrəvanda etirazlar qızışır
AzVision.az BBC Azəri-yə istinadən xəbər verir ki, artıq səkkizinci günü Respublika meydanında keçirən etirazçılar İXTK-ni "bir neçə dəfə" Ermənistan Elektrik Şəbəkələri şirkətinin sifarişi ilə ölkədə elektrik enerjisi tariflərini qaldırmaq qərarı qəbul etməkdə günahlandırırlar.
“Məlum olur ki, şirkət 3-4 il ziyanla işləyib, külli miqdarda borcları toplanıb. Şirkətin fəaliyyətini yoxlamadan, heç bir araşdırma aparmadan komissiya, ziyanları Ermənistan əhalisinin hesabına ödəmək haqqında qərar qəbul edir. Biz tələblərimizə Robert Nazaryan başda olmaqla İXTK-nin istefasını da daxil etmişik”, - hərəkat fəalı David Hovhannisyan jurnalistlərə deyib.
İXTK-nın qərarına əsasən, avqustun 1-dən Ermənistanda elektrik enerjisi tarifləri 6, 93 dram (16,7 faiz) qalxıb.
Bu, 2009-2015-ci illər ərzində elektrik enerjisi tariflərinin dördüncü dəfə qaldırılmasıdır.
Bu müddət ərzində, 95 faizdən artıq qaldırılaraq, gündüz tarifi 25 dramdan 48,78 drama, gecə tarifi isə 12 dramdan 38, 78 drama çatdırılıb.
İyun ayında “Talana yox!” ictimai hərəkatın təşəbbüsü ilə Yerevanın mərkəzində iki həftə davam edən izdihamlı etiraz aksiyaları zamanı Ermənistan rəhbərliyi tariflərin artırılan hissəsinin hökumət tərəfindən büdcədən kənar vəsaitlər hesabına ödəniləcəyini vəd etmişdi.
Bu günlər, nəhayət, baş nazir Hovik Abrahamyan bəyan etdi ki, elektrik enerjisi haqqının 16,7 faizi Vorotan çayı üzərindəki su elektrik stansiyası kompleksinin satışı nəticəsində əldə edilən vəsait hesabına ödəniləcək. Yəni, etirazçıların təbirincə, vəsait yenə də “xalqın cibindən” ödəniləcək.
Vorotan elektrik stansiyalar kompleksinin 180 milyon dollara ABŞ Contour Global holdinqinə satılması haqqında ötən ayın əvvəlində razılıq əldə edilib.
“Ayağa dur, Ermənistan!” hərəkatı elektrik enerjisi tariflərinin qaldırılmasına qarşı mübarizə edən digər ictimai təşəbbüs və hərəkatlarla müzakirələr keçirir və avqustun 11-də Azadlıq meydanında “ümumxalq mitinq” keçirməyə hazırlaşırlar.
Etirazçılar Rusiya İNTER RAO ES korporasiyasına məxsus Ermənistan Elektrik Şəbəkələri şirkətinin “qeyri-müəyyən səbəblərdən” əmələ gələn borclarının Ermənistan hökuməti tərəfindən ödənilməsi əvəzinə şirkətin “korrupsiya riskləri ehtiva edən” fəaliyyətini yoxlamağa çağırır.
Bəzi fəallar şirkətin milliləşdirilməsini tələb edir.
Hərəkat, Ermənistan hökuməti elektrik enerji tariflərinin artırılan hissəsinin "Vorotan kompleksi hesabına ödəmək niyyətindən əl çəkməsə", aksiyalarını hökumətin istefası tələbi ilə davam etdirəcəklərini bildirib.
Teqlər: