Putin Blatterə `Nobel` verilməsini istədi
`Əgər `Nobel`i kiməsə vermək lazımdırsa, onda mükafat məhz bu cür insanlara verilməlidir`, - deyə Putin bildirib.
Rusiya lideri qeyd edib ki, məhz Blatter kimi insanlar `ictimai təşkilatlar tərəfindən xüsusi diqqətə və təşəkkürə layiqdirlər`.
Rusiya prezidenti həmçinin, ABŞ rəhbərliyinin FİFA-ya qarşı başlatdığı kampaniyanı da pisləyib: `Korrupsiyaya qarşı bu cür mübarizə forması məndə sual yaradır. Görəsən bu 2018 və 2022-ci illər futbol üzrə dünya çempionatları uğrunda mübarizənin davamı deyil ki?`, - deyə Putin vurğulayıb.
Rusiya lideri korrupsiyada şübhəli bilinən şəxslərə qarşı istintaqın vətəndaşları olduğu ölkələrin hüquq mühafizə orqanları tərəfindən aparılmalı olduğunu qeyd edib.
Qeyd edək ki, iyunun ikisi FİFA prezidenti Yozef Blatter istefa verib. O, bu barədə Sürixdə keçirilən mətbuat konfransında bildirib.
Yenidən FİFA prezidenti seçilən Blatter bu vəzifədə onu hamının dəstəkləmədiyini bildirib.
Xatırladaq ki, Blatterin postundan istefa verməsinə səbəb FİFA-da məlum rüşvət qalmaqalı və yüksək vəzifəli məmurların həbs olunmasıdır. Blatterin istefa qərarı FİFA-da gözlənilməz olub. Blatter mayın 29-u keçirilən prezident seçkilərində sayca üçüncü dəfə FİFA prezidenti seçilmişdi.
Eldar Tanrıverdiyev
AzVision.az