Saakaşvili və azərbaycanlı məmur qaçaqmalçılığa qarşı
`Biz birlikdə plan hazırlamışıq. Bu plan sayəsində biz təxminən 100 gün ərzində Odessa vilayətində tamamilə qaçaqmalçılığın kökünü kəsəcəyik. Bunun üçün biz Odessa və İliçevsk limanlarında gömrük rəsmiləşdirilməsi zonaları yaradacağıq. Oradan gömrük və sərhədçilərdən başqa bütün digər qurumları çıxardacağıq`, - deyə Saakaşvili Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri, azərbaycanlı Roman Nəsirovla birgə keçirilən mətbuat konfransında bildirib.
Saakaşvili həmçinin vəd edib ki, yüklərin rəsmiləşdirilməsi prosesi 15 dəqiqəyə həyata keçiriləcək, gömrük işçiləri tamamilə dəyişdiriləcək.
Qeyd edək ki, Roman Mikayıl oğlu Nəsirov 1979-cu il martın 3-də Kiyevdə anadan olub. Atası Mikayıl Nəsir oğlu Nəsirov 1976-cı ildə Azərbaycandan Ukraynaya köçüb və ukraynalı xanımla ailə qurub. Bu nikahdan doğulan Roman Nəsirov orta məktəbi Kiyevdə bitirdikdən sonra əvvəlcə T. Şevçenko adına Kiyev Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra isə Şərqi London Universitetində (University of East London, STM) maliyyə və beynəlxalq menecment ixtisası üzrə təhsil alıb. Uzun müddət bank sektorunda fəaliyyət göstərib. Daha sonra “Konkord Kapital” (Kiyev) investisiya şirkətinin Qiymətli kağızlarla ticarət idarəsinin rəhbəri vəzifəsində çalışıb. 2013-cü ilin aprelində Ukrayna Dövlət Ərzaq-Taxıl Korporasiyasının İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin olunub və 1 il bu vəzifədə işləyib. 2014-cü il oktyabrın 26-da Ukrayna Ali Radasına keçirilən növbədənkənar seçkilərdə prezident Pyotr Poroşenkonun blokundan deputat seçilib. Ailəlidir, Mikayıl və Aleksandr adlı iki övladı var.
Eldar Tanrıverdiyev
AzVision.az