İŞİD-ə qoşulan 5 azərbaycanlı tutuldu

İŞİD-ə qoşulan 5 azərbaycanlı tutuldu
  23 İyul 2015    Oxunub:3067
Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları son 6 ay ərzində (01 yanvar – 30 iyun) Suriyaya qeyri-qanuni yolla keçmək istəyən 457 xarici ölkə vətəndaşını saxlayıb.
Bu barədə AzVision.az `Anadolu` agentliyinə istinadən xəbər verir.

Ümumilikdə bu müddət ərzində Türkiyə-Suriya sərhədində 32 ölkədən 457 xarici vətəndaş saxlanılıb. Onların böyük əksəriyyəti – 241 nəfəri Çin vətəndaşları, uyğurlardır.

Bundan əlavə, son 6 ay ərzində 56 Rusiya, 30 Fələstin, 29 Türkmənistan, 13 Böyük Britaniya, 12 Fransa, 9 Səudiyyə Ərəbistanı, 7 Əfqanıstan, 6 Cənubi Koreya, 6 Tacikistan, 5 Azərbaycan, Almaniya, Belçika və Hollandiya vətəndaşı hüquq-mühafizə orqanı əməkdaşı tərəfindən saxlanılıb.

Saxlanılan şəxslər arasında Avstraliya, Braziliya və Trinidad və Taboqo vətəndaşları da var.

Onların İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatına üzv olmaq üçün Suriyaya getmək istədikləri bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə İraq və Şam İslam Dövləti (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti