Çin mallarını boykot edək!

Çin mallarını boykot edək!
  27 İyun 2015    Oxunub:3963
Seymur Oruc

Çin səddi Çinin ilk İmperatoru Qin Şi Huanq tərəfindən inşa etdirilib. Əlbəttə, çox təbii bir sual meydana çıxır: haradan çıxdı bu Çin səddi? Yəni bizə nə? Amma əslində, 2007-ci ildə Dünyanın Yeni Yeddi möcüzəsinə daxil edilmiş bu möhtəşəm tikilinin məhz bizə aidiyyatı var.


Belə ki, Çin səddinin inşa edilməsinin ən böyük səbəbi Çin İmperatorluğunun quzeydən gələn türklərdən mühafizəsi idi. Son zamanlar, xüsusən son onillikdə çinlilərin Sintzyan Uyğur türklərinə tutduğu divan, ya da ümumiyyətlə türklərə qarşı olan nifrət yəqin ki, bu dövrün məhsuludur və onun intiqamıdır. Çünki bu insanlıq dramına başqa ad vermək olmur.

Bildiyiniz üzrə, Çində bu il Ramazan ayı boyunca müsəlmanların oruc tutması yasaqlanıb. Tüccarlara məcburi dükanlarını açıq tutmalarını əmr edirlər. Bütün restoranlar gücləndirilmiş iş rejimində çalışmalıdır. Məcburi içki yığıncaqlarının təşkil edilməsi də gələn məlumatlar arasındadır. Amma dünyanın 300 milyondan çox türkü, 1 milyard yarımdan çox müsəlmanı hələ də “yatır”.

Yox, əlbəttə demirəm ki, cihad elan edək. Ən azından bunu demiş olsam, çox savadsız olduğumu düşünərsiniz. Düşünərsiniz ki, mən çinlilərin təkcə əl-ələ tutub əliyalın yürüməsilə dünyanın istənilən ordusunu məğlub edə bilər, ya da onu boş verin, Çin rəsmilərinin əmrilə zamanın istənilən anında, məsələn, elə bugün axşam saat 7-də çinlilər eyni vaxtda hoppanıb-düşməklə Yer Kürəsini öz oxundan çıxara bilərlər kimi maraqlı məlumatları bilmədiyimi düşünə bilərsiz.

Uzun sözün qısası, heç bir cihad, heç bir ordu onları məğlub edəcək gücdə deyil. Amma Çini məğlub etməyin çox asan bir yolu var: Çini Çin edən, həm də bizim arzularımızı çin edən səbəb – texnika.

Bütün müsəlmanlar, ya da türklər “Made in China”-ları almasalar, Çin özlüyündən məğlub ola bilər. Uzun sözün qısası, biz əlimizdəki bir çox şeyimizdən keçməklə uyğurların intiqamını ala bilərik.

Həyatın ironiyasına baxın! Aclıqdan nəfəsi qoxuduğu üçün maddi anlamda gücü çatan tək şeyi – “ Made in China”-ları almayın deyirik, müsəlmanlara. Əlbəttə, bəziləriniz hələ də əlinizdəkilərin Çin malı olmadığını deməkdə israr edin. “Mənim oyuncaq ayımın üstündə Made in PRC” yazılıb deyin! (PRC – People Republic of China – Çin Xalq Respublikası ) Belə də ki, mənim Azərbaycanım ki, yerindədir, çox şükür heç kim Oruc tutub-tutmamağıma da qarışmır, mənə nə Uyğurlardan?

Bilirəm, sizdən çox şey istəmiş oluram. Əlimizdəki telefonlardan tutmuş, televizorlarımıza, əynimizdəki sintetik paltarlara, uşaqlarımızın oynadığı oyuncaqlara qədər bütün həyatımıza nüfuz etməyi bacaran Çinə bugün heç nə edə bilmərik! Acizik! Çünki bütün bu sadaladıqlarım, mənim biznesim bir uyğur türkünün əziyyət çəkməsindən daha önəmlidir.

Burada yazımın əvvəlinə qayıdıb, yenə Çin səddilə yazımı tamamlayıram. Maraqlı bir sual – Görəsən kim unudub? Çin səddinin nəyə görə tikildiyini kim unudub? Çinlilər, ya Türklər? (İctimai sual idi, özünüzü çox sıxmayın, cavab verməyə də bilərsiz)


Teqlər:





Xəbər lenti