`Azərbaycandan üzr istəyirik`- Ali Radanın üzvləri
Ali Radanın deputatı Nataliya Veselova da deyib ki, Aryevin fikirləri onun şəxsi yanaşmasıdır: “O heç vaxt Ukrayna parlamenti adından belə açıqlama verə bilməz, çünki onun belə ifadələri Ukrayna dövlətinin xarici siyasətinə tamamilə ziddir. Biz Ali Rada olaraq üzr istəyirik və hesab edirəm Aryev özü də şəxsən Ukrayna-Azərbaycan dostluğunu xatırlayıb Azərbaycandan üzr istəməlidir. Ukrayna və Azərbaycan arasında dostluq münasibətləri var, Azərbaycan bizim dostumuzdur. Heç kimin ixtiyarı yoxdur ki, bu dostluğa kölgə salsın. Xüsusilə belə bir vaxtda Ukraynanı sevən ukraynalı siyasətçilər bunu yaxşıca anlamalıdırlar”.
Ali Radanın “Blok Poroşenko”dan olan üzvü, Ukrayna-Azərbaycan dostluq qrupunun üzvü Dmitri Andreyevskiy isə APA-ya bildirib ki, Aryevin bu bəyanatı nəinki düzgün deyil, ümumiyyətlə, qəbuledilməzdir: “O hansı səhvi buraxdığını deyəsən yaxşı anlamır. Əminəm ki, anlayacaq və səhvinə görə hər iki dövlət, hər iki xalq qarşısında üzr istəyəcək”. D. Andreyevskiy deyib ki, Ali Radanın heç bir deputatının haqqı yoxdur ki, Azərbaycanda çevrilişə çağırış etsin: “Nəinki Azərbaycanda, ümumiyyətlə, heç bir xarici dövlətdə. Hətta hansı beynəlxalq təşkilatda təmsil olunursa belə bu ona belə səlahiyyət vermir. Siyasətçi bəyanatlarında özünə və təmsil etdiyi dövlətə, onun maraqlarına hörmət etməlidir. Bizim Azərbaycanla çox gözəl dostluq münasibətlərimiz var. Biz Ukraynanın çətin günlərində Azərbaycanın göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk. İndi heç kimin bu xidmətlərə kölgə salmağa ixtiyarı yoxdur”.
Qeyd edək ki, V. Aryev sosial şəbəkədə İrəvandakı aksiyaları nümunə gətirərək Azərbaycanda da bu cür xaos gözlənildiyi barədə bəyanatlar verib.
Teqlər: