Rövşən Tağıyev qeyd edib ki, deputatlar Vladimir Aryevin Ukraynanın strateji tərəfdaşı olan Azərbaycan hakimiyyəti barədə dediklərini onun şəxsi mövqeyi adlandırıblar və bu fikirlərin düzgün olmadığını vurğulayıblar: “Onlar bu məsələyə Ali Radada rəsmi etiraz edəcəklərini də dedilər. Dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy isə bildirdi ki, bununla bağlı rəsmi etiraz bəyanatı da olacaq. Sergey Taruta təəssüflə bildirdi ki, bu barədə ölçü götürülməlidir. Çünki Azərbaycanla olan yüksək əlaqələr Ukrayna üçün olduqca əhəmiyyətlidir”.
Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin prezident P. Poroşenkoya göndərdiyi bəyanatda isə bildirilir ki, onun blokundan olan və beynəlxalq təşkilatda Ukraynanı təmsil edən siyasətçinin Azərbaycan hakimiyyəti ilə bağlı dediyi fikirlər Ukraynada yaşayan azərbaycanlıları narahat edir: “Bu, Azərbaycanın daxili işlərinə qarışmaq və iki ölkə arasında münasibətlərə kölgə salmaqdır. Azərbaycan son hadisələrdən dolayı həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib. Biz Ukrayna vətəndaşları olan azərbaycanlılar Sizdən bununla bağlı qəti mövqe bildirmənizi istəyirik”.
Qeyd edək ki, V. Aryev sosial şəbəkədə İrəvandakı aksiyaları nümunə gətirərək Azərbaycanda da bu cür xaosla hakimiyyəti devirməyə çağırış edib.