Qənirə Paşayeva Gürcüstan Parlamentinin vitse-spikerilə görüşüb

Qənirə Paşayeva Gürcüstan Parlamentinin vitse-spikerilə görüşüb
  24 İyun 2015    Oxunub:2462
Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Qənirə Paşayeva Strasburqda Gürcüstan Parlamentinin 1-cı vitse-spikeri Manana Kobakhidze və nümayəndə heyəti üzvləri ilə görüşüb.

Millət vəkili bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. İki ölkə arasında münasibətlərin sürətlə inkişaf etdiyini vurğulayan Q.Paşayeva deyib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar.

Millət vəkili bildirib ki, Azərbaycan və Gürcüstanı ortaq keçmiş, dostluq münasibətləri, ümumi maraqlar, Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycan vətəndaşı olan gürcülərlə bərabər ortaq problemlər də birləşdirir. Azərbaycan və Gürcüstanın hər ikisinin ərazi bütövlüyünün pozulması problemlərindən əziyyət çəkdiyini bildirən Q. Paşayeva bu problemin də hər iki ölkəni birləşdirdiyini vurğulayıb. O, bildirib ki, bu məsələdə Azərbaycan və Gürcüstan millət vəkilləri bütün platformalarda birgə çıxış etməli və hər zaman biri-birilərinə qarşılıqlı dəstək göstərməlidir.

Bu fikirlə həmfikir olduğunu bildirən Gürcüstan parlamentinin 1-ci vitse-spikeri deyib ki, bu problemlər xüsusi olaraq müstəqil, güclü Azərbaycan və Gürcüstanın formalaşması və inkişafına mane olmaq üçün yaradılıb. “Ona görə də ölkələrimizin ərazi bütövlüyünün bərpası istiqamətində hər iki ölkənin parlament üzvlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir”.

Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan Manana Kobakhidze iki ölkə arasında bütün sahələrdə, o cümlədən parlamentlərarası əməkdaşlığın getdikcə daha da güclənməsinin sevindirici hadisə olduğunu vurğulayıb.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Gürcüstan Parlamentinin 1-ci vitse-spikeri Manana Kobakhidzeni Azərbaycana dəvət edib və payızda Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun Gürcüstan Parlamentinin dəvəti ilə Gürcüstana səfər etməyi planlaşdırdığını deyib. Azərbaycana səfərdən məmunluq duyacağını deyən Manana Kobakhidzeni Azərbaycanla, fəal xanımlarla əməkdaşlığın daha genişləndirilməsınə öz fəaliyyətində hər zaman diqqət göstərəcəyini vurğulayıb.


Teqlər:





Xəbər lenti