İlin ikinci ən güclü maqnit qasırğası baş verib

İlin ikinci ən güclü maqnit qasırğası baş verib
  23 İyun 2015    Oxunub:3871
İyunun 22-də (astronomik yayın daxil olduğu bir gündə - yay Günəş qarşıdurması günündə) alışmalardan sonra Günəşdən kosmik fəzaya atılan bir neçə qaynar nəhəng plazma buludunun (“tac kütlə atılmaları”) geoeffektiv olanları Yerin maqnit sahəsi (Yer maqnitosferi) ilə təmasda olduqdan sonra G4 sinfinə mənsub güclü geomaqnit qasırğası yaradıb.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev məlumat verib.

Onun sözlərinə görə, qasırğanın maksimal şkalası G5-dir və bu cür qasırğalar nadir hallarda baş verir: “Cari qasırğa o qədər güclü olub ki, hətta parıltısı orta en dairələrində belə müşahidə olunub. Bu qasırğa həm 2015-ci ilin, həm də cari 11-illik Günəş fəallığı tsiklinin 2-ci ən güclü qasırğasıdır. Birinci qasırğa bu il mayın 18-də qeydə alınıb. Hazırda geomaqnit qasırğası davam etməkdədir, qasırğanı xarakterizə edən və maksimal qiyməti 9 olan Kp indeksinin qiyməti 8-dir”.

E. Babayev deyib ki, qasırğa gün ərzində davam edəcək, iyunun 24-də də 70% ehtimalla geomaqnit qasırğası gözlənilir. Hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin cənub istiqamətinə yönəlməsi, həmçinin Günəş səthində müşahidə olunan tac dəliklərindən (maqnit qüvvə xətləri açıq olan hissələrdən adətən sürətli Günəş küləyi öz başlanğıcını götürür) 24-25 iyun tarixlərində gözlənilən yüksək sürətli plazma küləyinin olması kosmik hava şəraitini çox mürəkkəb və əlverişsiz edir.

Geomaqnit vəziyyətin bu gün və sabah nə qədər gərgin olacağı isə planetlərarası maqnit sahəsinin istiqamətindən və Günəş küləyinin sürətindən asılı olacaq: “Günəş diskinin düz mərkəzində yerləşən 2371 nömrəli böyük ləkə qrupu (Günəşin müşahidə olunan diski üzərində olan ləkələrin sayı 77-dir) o qədər böyükdür ki, onu hətta Yerdən tutqun şüşə ilə baxdıqda belə müşahidə etmək mümkündür. Bu ləkələr çox mürəkkəb “beta-qamma-delta” maqnit sahəsinə malikdir, bu isə həmin Günəş ləkərindən ən müxtəlif gücə malik alışmaların baş verəcəyini deməyə əsas verir. Hətta ən güclü - rentgen sinfinə mənsub Günəş alışmalarının (maksimum S5 olmaqla hazırda Günəşdə S3 sinfinə mənsub Günəş qasırğası var) baş vermə ehtimalı 20 %-ə çatıb, M sinif alışma üçün isə ümumiyyətlə 75 % təşkil edir. Cari geomaqnit qasırğası o qədər güclü olub ki, Şimali Amerika ərazisində aşağı tezlikli radio dalğalarının sönməsi baş verib (maksimum R5 olmaqla R4 sinfinə mənsub “radio blackout” qeyd olunub). Hazırda radio dalğaların sönməsi Yerin hər iki qütbü ətrafında vaxtaşırı olaraq baş verməkdədir. Buna səbəb alışmadan sonra rentgen şüalarının və ultrabənövşəyi radiasiyanın Yer atmosferinin yuxarı qatlarını əlavə olaraq güclü ionlaşdırmasıdır.

Qeyd etmək lazımdır ki, ləkələrin çoxluğu və maqnit sahəsinin mürəkkəbliyi Günəş alışması ehtimalını artırır: bəzi ləkə qrupları mürəkkəb maqnit quruluşuna malik olduğundan, daha güclü alışmaların mənbəyi ola bilir. Bu dəfəki geomaqnit həyəcanlaşmasının səbəbi həm Günəş alışmaları, həm də planetlərarası maqnit sahəsinin istiqamətidir - planetlərarası maqnit sahəsinin cənub istiqamətini göstərməsi kosmik hava şəraitini daha da əlverişsiz edir.

Cari qasırğa yuxarı en dairələrində daha effektivdir. Bizim yerləşdiyimiz en dairələri üçün təsirin orta olması gözlənilir".

E. Babayev bildirib ki, yay günlərinin meteoroloji şəraitinin tipik dəyişmələri kosmik hava şıltaqlıqları ilə tandem təşkil etdiyindən risk qrupuna daxil olan insanlar üçün kəskin diskomfort yaranacaq, neqativ təsir bu gün və qismən sabah hiss ediləcək, xroniki xəstələr (xüsusilə də, ürək-qan-damar xəstəlikəri olan insanlar), ahıl insanlar və azyaşlılarda özünü qabarıq şəkildə büruzə verəcək: “Kosmik havanın şıltaqlığı da maraqlıdır. O, sağlam insanlara təsir etmir və ya cüzi təsir edir, sadəcə risk qrupuna daxil olan insanlar - xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar isə gərginlikdən qaçmalı, aktiv istirahət etməlidirlər. Profilaktik tədbirlərin görülməsi çox faydalı ola bilər".

E. Babayev onu da vurğulayıb ki, böyük ehtimalla yaxın günlər ərzində yerüstü və yerətrafı texnoloji sistemlərə olan mənfi təsirlər haqqında əlavə məlumatlar da daxil olacaq.


Teqlər:





Xəbər lenti