`Görək, Minsk qrupu bundan sonra nə deyəcək?` – Millət vəkili

`Görək, Minsk qrupu bundan sonra nə deyəcək?` – Millət vəkili
  17 İyun 2015    Oxunub:2043
Laçından olan bir qrup məcburi köçkün 2005-ci ildə yurdlarından didərgin salnınmaları və erməni işğalçılarının törətdikləri digər vəhşiliklərlə bağlı Avropa İnsan Haqları Məhkəməsinə şikayət vermişdilər. Düz 10 ildən sonra məhkəmə axır ki, qərar çıxardı.

Millət vəkili Sahib Alıyevin sözlərinə görə, işğal zamanı bütün var-dövlətlərini itirən məcburi köçkünlərə veriləcək kompensasiya məsələsi hələ öz həllini tapmayıb. Bunun üçün də hələ 12 ay gözləmək lazım gələcək. Ancaq "Çıraqov və başqaları Ermənistana qarşı" adlanan işdə Ermənistan suçlu bilindi ki, bu da son dərəcə önəmlidir. Avropa İnsan Haqları Məhkəməsi açıq şəkildə vurğulamasa da, çıxardığı qərarla Laçını Dağlıq Qarabağ separatçılarının deyil, məhz Ermənistanın işğal etdiyini təsdiqlədi.

- Bununla yanaşı, təəssüf ki, Avropa İnsan Haqları Məhkəməsi də qərbdəki digər strukturlar kimi "balans"lı davranış sərgilədi. Goranboyun Gülüstan kəndindən olan Minas Sərkisyan bizim məcburi köçkünlərdən düz 5 il 5 ay sonra şikayət ərizəsi göndərməsinə baxmayaraq, eyni gündə "Sərkisyan Azərbaycana qarşı" işilə bağlı da qərar çıxardı. Və necə ki, laçınlı məcburi köçkünlərin məsələsində Ermənistan onların "mülkiyyət, ailə və özəl həyat, səmərəli müdafiə hüquqlarını" pozmaqda suçlandırılmışdısa, bu işdə də Azərbaycan suçlandırıldı. Halbuki, sərkisyanların həmin hüquqları pozulan zaman onların yaşadıqları kəndə nəzarət bizdə deyildi və onun uğrunda savaş gedirdi,- deyə deputat vurğulayıb.

Sahib Alıyevin fikrincə, bütün bu siyasi gedişlərə baxmayaraq, məhkəmənin müharibə şəraitində ermənilərin Gülistan kəndində gediş-gəlişini məhdudlaşdırmaq üçün Azərbaycanın ədalətli əsaslarının olduğunu, Çıraqov və başqalarının öz doğma yurd yerlərinə getmələrini məhdudlaşdırmağa isə Ermənistanın ədalətli əsasının olmadığını vurğulaması mühüm məsələdir: “Çünki burada da açıq deyilməsə də, kimin işğalçı olduğu, kimin işğala məruz qaldığı öz əksini tapır. Görək, Minsk Qrupuna həmsədrlik edənlər, bundan sonra nə deyəcəklər. Öz yurd yerlərinə gedərkən tutlub həbsxanaya atılan Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susqunlularını yenə də davam etdirəcəklərmi? Əgər Ermənistan Baş Qərargah rəisinin müavini Mnatskanyan Dağlıq Qarabağa “müdafiə naziri” göndərilməsi, oradakı “müdafiə naziri” Hakopyanın isə Ermənistanda Baş Qərargah rəisinə müavin gətirilməsinə heç nə baş vermirmiş kimi yanaşılırsa, çətinin ki, səslərini çıxarsınlar. Fəqət onlar doğruda da əsl vasitəçi olsa idilər, bu faktı diqqətdən qaçırmaz və Ermənistan rəhbərliyindən soruşardılar ki, bu nə dəyiş-düyüşdür edirsiniz? Dağlıq Qarabağ bəyəm sizin tərkibinizdədir? Axı başqa vaxt deyirsiniz ki, ora "müstəqil dövlətdir".


Teqlər:





Xəbər lenti