ATƏT sədrinin İrəvanda Qarabağ təklifi
“Azərbaycan mənə Minsk Qrupunda fəaliyyət göstərən həmsədrlərin sayının artırılmasına dair öz təklifini təqdim edib. Yeni təklif deyil, lakin belə bir təklifin qəbul olunması üçün bütün iştirakçı ölkələrin konsensus əsasında qəbul olunmuş qərarı olmalıdır”, - İvica Daçiç Yerevanda Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında deyib.
Cənab Daçiç Ermənistandan əvvəl Bakıda Azərbaycan rəhbərliyi ilə görüşdüyünü xatırladaraq bu təklifin müzakirə olunacağı ehtimalını istisna etməyib, lakin əlavə edib ki, Minsk Qrupu öz işini davam etdirməlidir.
İvica Daçiç Yerevanda da Bakı görüşləri əsnasında dediyini bir daha təkrar edib ki, bəlkə status kimi çətin olmayan müəyyən məsələləri müzakirə etmək mümkündür.
“Gündəlik həyata aid – itkin düşənlər, qaçqınlar - məsələlərini araşdıra bilərik. Digər tərəfdən də müharibə şəraiti davam etdiyi zaman bu mümkün deyil. Bu, o deməkdir ki, sülhü gücləndirməli, atəşkəs rejiminə əməl edilməsinə dair çoxdan imzalanmış razılaşmaları möhkəmlətməliyik”, - ATƏT-in fəaliyyətdə olan sədri qeyd edib.
Qeyd edək ki, ATƏT PA-da Siyasi məsələlər və təhlükəsizlik komitəsi sədrinin müavini, deputat Azay Quliyev mediaya ATƏT PA-nın bu ay Vyanada keçiriləcək qış sessiyasında həm Almaniyanın, həm də Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Minsk qrupu çərçivəsində həll prosesinə yaxından cəlb edilməsi və hazırda 3 ölkədən ibarət həmsədrlik institutunun dəyişdirilərək “5-lik Sədrlər Şurası” (SŞ) ilə əvəz olunması haqqında məsələ qaldırmağı planlaşdırdığını açıqlamışdı.
Daha sonra ATƏT Parlament Assambleyasının XIV qış sessiyasında Azərbaycanın millət vəkili ATƏT-in Minsk Qrupunun həmsədrlik inistitutunda dəyişiklik edilməsi təklifi ilə çıxış edib və müraicət ünvanlayıb.
ATƏT sədri, Serbiyanın xarici işlər naziri İvica Dacic azərbaycanlı deputat Azay Quliyevin təklifinin müzakirə ediləcəyini bildirmişdi.