Prezident ölkədən qaçdı

Prezident ölkədən qaçdı
  14 May 2015    Oxunub:2705
Hərbçilərin devirdiyi Burundi prezidenti Pyer Nkurunzizanın yeri indiyə qədər məlum deyil.
Ölkənin keçmiş kəşfiyyat rəisi general-mayor Qoudfroyd Niyombare prezidentin iyunun 26-da keçiriləcək seçkilərdə üçüncü müddətə seçilmək üçün namizədliyini irəli sürməsi qərarına görə vəzifədən kənarlaşdırıldığını və keçid hökumətinin formalaşdırıldığını bəyan edib.

Məlumata əsasən, çevriliş zamanı Burundi lideri qonşu Tanzaniyada keçirilən və Burundidəki vəziyyətin müzakirə olunduğu Şərqi Afrika cəmiyyətinin təcili sammitində iştirak edirdi. Tanzaniya Xarici İşlər Nazirliyi çevriliş xəbəri gəldikdən sonra Nkurunzizanın sammiti tərk etdiyini və ölkəsinə döndüyünü bildirib. General-mayor Niyombarenin sözlərinə görə, paytaxtın hava limanı və bütün sərhəd-buraxılış məntəqələri bağlanıb.

Mayın 14-də səhər saatlarında Bujumbur şəhərinin televiziya mərkəzi yaxınlığında güclü atışma səsləri eşidilib. Xuntanın bəyanatını elan etmək üçün binanı tutmağa cəhd göstərən hərbçilər mühafizəçilərin müqaviməti ilə rastlaşıb.

Ölkədə çoxluq təşkil edən xutu etnik qrupunun təmsilçisi Pyer Nkurunziza artıq 10 ildir ki, ölkəyə rəhbərlik edir. 2005-ci il konstitusiyasına əsasən eyni şəxs yalnız iki dəfə prezident seçilə bilər. Lakin Nkurunziza ilk prezidentliyinə ümumi səsvermə yolu ilə deyil, parlament tərəfindən seçildiyi üçün bu qanunun ona şamil olunmadığını bildirib və Konstitusiya məhkəməsi də onun növbəti seçkilərdə iştirak haqqını tanıyıb.

Prezidentin qərarı paytaxt Bujumburda iğtişaşlara səbəb olub və nəticədə ən azı 20 nəfər həyatını itirib. BMT-nin məlumatına əsasən, yeni etnik zorakılıqdan ehtiyatlanan, əsasən tutsi qəbiləsindən olan 70 min burundili artıq qonşu ölkələrə sığınıb.

Burundi Böyük Afrika Gölləri regionunda 10 milyon əhalisi olan kiçik bir dövlətdir. Əhalinin 85 faizini xutu, 14 faizini isə tutsi qəbilələri təşkil edir. Hər iki qəbilə arasında 10 ildən çox sürən münaqişə 2000-ci ildə Tanzaniyanın Aruşa şəhərində imzalanan sülh müqaviləsi ilə sona yetib. (Azərtac)


Teqlər:  





Xəbər lenti