Türkiyədə Respublika günü - FOTOLAR

  28 May 2013    Oxunub : 969
Türkiyədə Respublika günü - FOTOLAR
Mayın 27-də Azərbaycanın Türkiyədəki səfirliyi Ankaranın Yenimahalle rayonunda yerləşən Heydər Əliyev Parkında Azərbaycan Demokratik Respublikasının quruluşunun 95-ci ildönümü və Ümummilli liderimizin anadan olmasının 90 illiyi münasibətilə rəsmi qəbul keçirib.
Səfirlikdən verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam, Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, daxili işlər naziri Muammer Güler, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili Necdet Ünüvar başda olmaqla, Türkiyənin çox sayda millət vəkili, Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, ordu generalı Hulusi Akar, Quru Qüvvələri Komandanı, ordu generalı Hayri Kıvrıkoğlu, Dəniz Qüvvələri Komandanı, admiral Murat Bilgel, Hava Qüvvələri Komandanı, ordu generalı Mehmet Erten və Türkiyə silahlı qüvvələrinin yüksək rütbəli çox sayda zabitləri, sabiq nazirlər və millət vəkilləri, ictimai xadimlər, elm və incəsənət xadimləri, Ankarada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və təmsilçiləri, XİN-in yüksək vəzifəli rəsmiləri, diaspor nümayəndələrimiz, tələbə və müdavimlərimizlə yanaşı, KİV nümayəndələri iştirak ediblər.

Geniştərkibli möhtəşəm tədbir iki qardaş ölkənin liderləri Heydər Əliyev və Mustafa Kamal Atatürk, eləcə də, şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından himnlərin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə səfir Faiq Bağırov, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Enerji və Təbii Sərvətlər naziri Taner Yıldız, DİN rəhbəri Muammer Güler və Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam iki qardaş ölkə arasındakı əlaqələri və Heydər Əliyev dühasının ölkəmizə etdiyi əvəzsiz xidmətlərdən geniş şəkildə çıxış ediblər.

Eurovision mahnı müsabiqəsində ikinci yerə çıxmış Fərid Məmmədovun ifasında mahnılar səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının ölkəmizə xas milli rəqsləri nümayiş etdirilib.

Ardından 28 May Respublika Günü münasibətilə hazırlanmış tort kəsilib və tədbir iştirakçılarına möhtəşəm ziyafət verilib.

Qeyd edək ki, tədbir iştirakçılarına türk dilində nəşr etdirilmiş "Heydər Əliyev" və "İlham Əliyev" kitabları ilə yanaşı "İrs-Miras" və "Diplomatik Atlas" jurnalları təqdim olunub. /trend

Foto


Teqlər: